17 yanvar 2025 20:36
267

Balaxanı neftçiləri Qara Yanvar hadisələrinin 35-ci ildönümünü andılar - FOTO

Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Balakhani Operating Company LTD”, “Surakhani Oil”, “Azgerneft” şirkətlərinin əməkdaşları Azərbaycanın qəhrəmanlıq salnaməsinin şərəfli səhifəsi - Qara Yanvar hadisələrinin 35-ci ildönümünü anıblar.

“İki sahil” xəbər verir ki, tarixi yaddaşımıza ekskursu “Balakhani Operating Company LTD”nin ərazisində yerləşən “Şəhidlər Unudulmur” abidəsi qarşısına qərənfillər düzməklə başlayan neftçilər sonra Sovet İttifaqının süqutunu tezləşdirən həmin faciəli gecəni anım mərasimində iştirak edən fəxri neftçilərin - Əməkdar mühəndis, Prezident təqaüdçüsü Telman Cəfərov və Əməkdar mühəndis, texniki elmlər doktoru Şaiq Bəkirovun xatirələri ilə yad ediblər.

Əməkdar mühəndislər çıxışlarında vurğulayıblar ki, Mixail Qorbaçovun əmri ilə sovet hərb maşını Bakıda dinc azərbaycanlılara qarşı terror aktı törədəndə neftçilər öz vəzifələrinin başında idilər. O zaman minlərlə sovet əsgəri Bakıya Qalada yerləşən hərbi aeroport vasitəsilə də gətirilmişdi. Hərbçilər yolu bağlayaraq tanklarla maşınların üzərindən keçirdilər. Bunların arasında həm fərdi avtomobillər, həm də neft mədənlərinə aid yük maşınları var idi. Telman Cəfərov həmin hadisələri belə nəql edib: “Biz hamımız ailələrimizə görə narahat idik. Mən ailəmdən xəbər tutmaq üçün Çilov adasındakı ezamiyyətimi bitirib evə tələsəndə şaxtalı havada Pirallahıdan Qalaya qədər 20 kilometrdən çox yolu ayaqla gəldiyimi xatırlayıram. Sabunçuda yerləşən 3 saylı klinik xəstəxanaya durmadan yaralılar gətirirdilər”.

“Qurudakı yataqlarda hasilat dayandırılmışdı. Lakin neftçilər mədənlərdə mümkün təxribatların qarşısını almaq üçün könüllü şəkildə işə çıxırdılar. Hadisələr hasilat prosesini ləngitməklə yanaşı, iqtisadi böhranı da dərinləşdirdi - neftçilər aylarla əməkhaqlarını ala bilmirdilər”, - deyən Şaiq Bəkirov vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan xalqının həmin dövrdəki əzmi onu sovet təsirindən birdəfəlik çıxararaq müstəqilliyə apardı. Əli silahsız əhali qırğına verilsə də, biz müstəqillik istəyimizdən dönmədik. Qara Yanvar qurbanlarının ruhları qarşısında baş əyirik”.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə və YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov tarixi yaddaşımızı yaşatdıqları üçün hasilat şirkətlərinin gənc əməkdaşlarına minnətdarlığını bildiriblər. Qara Yanvar hadisələrinin ictimai-siyasi konteksti barədə danışan natiqlər qeyd ediblər ki, ozamankı Azərbaycanın rəhbərliyinin iradəsizliyi və qətiyyətsizliyi nəticəsində baş verən Topxana hadisələri ilə bağlı yaranan ictimai etiraz dalğası böyüyərək bu faciəyə gətirib çıxardı. Məlumat blokadasında olan xalqımızın haqq səsini dünyaya çatdıran şəxs 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək Qorbaçov rejiminin Bakıdakı qanlı aksiyasını törədənləri ifşa edən Ümummilli Lider Heydər Əliyev olub.

Sonra çıxış edən “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev isə bildirib ki, əsrlər boyu Azərbaycanın sərvətləri xarici dövlətlər tərəfindən vəhşicəsinə, insafsızcasına dağıdılıb, bu sərvətlərdən xalqımıza heç nə çatmayıb. Yalnız Azərbaycan xalqı ölkənin müstəqilliyini bərpa etdikdən, onun tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan və “Əsrin müqaviləsi” imzalandıqdan sonra bu sərvətlərin Azərbaycan xalqının rifahına yönəldilməsinə başlanılıb. “Qara Yanvar şəhidləri canlarını qurban verdilər ki, biz sizinlə müstəqil, azad dövlətdə yaşayaq. Bu dövlətin müstəqilliyini iqtisadi baxımdan gücləndirmək isə sizinlə birlikdə qazanacağımız uğurlarımızdan asılıdır. Bizim qəhrəmanlıq meydanımız mədəndir”, - deyə o vurğulayıb.