18 yanvar 2025 21:09
94

Gürcü politoloq: Cənubi Qafqaz üçün sülh və sabitliyin alternativi yoxdur

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yenidən hökumət başçısı seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərin xüsusilə yüksək səviyyədə olduğunu və bir o qədər də vacib olduğunu göstərir”.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Gia Abaşidze söyləyib.

Onun sözlərinə görə, Gürcüstan ilə Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin dayağıdır və bu fikir Bakıda keçirilən görüşlərdə xüsusi qeyd olunub. Tərəflər bir daha bəyan etdilər ki, bizim region üçün sülh və sabitliyin, çiçəklənmənin alternativi yoxdur.

Politoloq deyib: “Gürcüstan və Azərbaycan təkcə Cənubi Qafqazın deyil, daha böyük arenanın əsas oyunçularıdır. Ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze tərəfindən qoyulub. İnamla deyə bilərik ki, münasibətlərimiz və bir-birimizə dayaq olmağımız bu gün də davam edir. Bu dostluq sayəsində bizim müstəqil, suveren dövlətlərimizi daha da möhkəmlənəcək, regionumuzun daha da irəli aparacaq. Bizim bir birimizə dayaq olmağımız nəticəsində dünyanın böyük oyunçuları bizimlə də hesablaşacaqlar”.

“Bizim xalqlarımız öz seçimlərini ediblər və hökumətlərimiz də Brüsselin və ABŞ-ın bəzi məmurlarının bəyanatlarına baxmayaraq xalqlarımızın istəyinə uyğun olaraq, inkişaf etməkdə davam edəcək” - deyə, Abaşidze vurğulayıb.

Azərbaycanın Gürcüstana dəstəyini xüsusi vurğulayan politoloq bildirib ki, bu dəstək təkcə son vaxtlar deyil, illər əvvəldən mövcuddur. Gürcü xalqı soyuqdan, aclıqdan əziyyət çəkəndə Azərbaycan enerji, ərzaq və digər sahələrdə böyük yardımlar etdi. Yardımlar Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu yardımlar təbii ki, o zaman dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin xidmətləri nəticəsində Tbilisiyə yetişdi.

“Azərbaycanın dost və qardaş yardımları, dəstəyi bu gün də davam edir. Prezident İlham Əliyevin və digər yüksək rütbəli məmurların bəyanatları mətbuatda, sosial şəbəkələrdə geniş dərc olunur və gürcü xalqı tərəfindən böyük sevgi və maraqla qarışılanır. Gürcü sosial şəbəkələri həmişə İlham Əliyevin bəyanatlarını yüksək qiymətləndirir” - deyə, Abaşidze vurğulayıb.