19 yanvar 2025 12:03
106

Ötən yüz ilin tarixindən gələn yüz il üçün alınacaq dərslər

Akademik İsmayıl Hacıyevin yeni monoqrafiyası Azərbaycanın Naxçıvan diyarının və Qərbi Azərbaycanın tarixinə dair mühüm mənbədir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvarın 25-də Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibədə Qarabağ və Şərqi Zəngəzur regionları ilə yanaşı Naxçıvan Muxtar Respublikasının əhəmiyyətinə bir daha toxundu, iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən muxtar respublikanın da digər iki bölgə ilə vahid məkanı təşkil etdiyini bildirdi. Bu məqam Naxçıvanın hərtərəfli inkişafının və öyrənilməsinin əhəmiyyətini bir daha üzə çıxardı. Naxçıvan həm də ona görə dərindən öyrənilməlidir ki, bu region tarixi Qərbi Azərbaycanın Azərbaycan Respublikasının rəsmi sərhədləri daxilində qalan hələlik yeganə hissəsidir.  

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Elm və təhsil” nəşriyyatında çap edilən “Naxçıvan Muxtar Respublikasının yaranması və inkişafı tarixi” adlı monoqrafiyası son 100 illik müddətdə baş vermiş həm tarixi-siyasi, həm ictimai-iqtisadi, həm də sosial mədəni hadisə və prosesləri dərindən təhlil edən fundamental araşdırmadır. Kitabın elmi redaktoru AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, rəyçiləri AMEA-nın müxbir üzvü tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli, tarix elmləri doktoru Oktay Sultanov, tarix elmləri doktoru, dosent Fəxrəddin Cəfərovdur.

Əsərin giriş hissəsində müəllif Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamına istinad edərək Naxçıvan diyarının Azərbaycanın çoxəsrlik tarixində yerinin və rolunun öyrənilməsinin əhəmiyyətini vurğulamışdır. İndiyə qədər muxtariyyətin tarixi ilə bağlı azərbaycanlı və xarici ölkələrdən olan müəlliflər tərəfindən aparılmış çoxsaylı tədqiqatlar sistemli şəkildə nəzərdən keçirilmiş, 100 illik tarixin hələ də açılmamış bir sıra məqamlarına revizionist baxışın zəruriliyi əsaslandırılmışdır.

Akademik İsmayıl Hacıyev I fəsildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan və ətraf bölgələrdə baş verən hadisələri təhlil etmişdir. Fəslin ilk paraqrafını “Naxçıvan Azərbaycanda dövlətin bərpası uğrunda mübarizə dövründə (1917, fevral – 1918, may)” adlandıran müəllifin məhz “dövlətin bərpası uğrunda” ifadəsini işlətməsi kifayət qədər əhəmiyyətli bir məsələdir. Çünki hazırda ermənilərin və Azərbaycan əleyhinə əsassız mövqe tutan “araşdırmaçıların” fəaliyyətlərinin əsas istiqamətlərindən biri Azərbaycanın 1918-ci ilə qədər dövlətçilik tarixinin olmadığını “sübut etmək”dən ibarətdir. Təəssüf ki, bu cür yanaşmanın təsiri altına bəzən bilərəkdən və ya bilməyərəkdən yerli müəlliflər də düşə bilir. Azərbaycanın 5000 illik dövlətçilik tarixini 100-150 illik müddətlə məhdudlaşdırmaq cəhdləri olur. Halbuki, 1918-ci il yalnız və yalnız Azərbaycanın respublika tarixinin başlanğıc nöqtəsidir. Dövlətçilik tariximizdə isə Midiya, Atropatena, Albaniya, Şirvanşah, Saci, Şəddadi, Baharlı, Bayandurlu dövlətlərinin xüsusi yeri vardır. Üç türk sülaləsi - Səfəvilər, Əfşarlar və Qacarlar tərəfindən idarə olunmuş Qızılbaş və ya Böyük Azərbaycan dövləti dövlətçilik tariximizin imperiya mərhələsinin kuliminasiya nöqtəsidir. Bu zivədən sonra tənəzzül və parçalanma dövrü başlayır, mərkəzdənqaçma və məhəlli hakimlərin özbaşınalıq dövrü başlayır. Bu Azərbaycan ərazilərinin parçalanmasına, işğalına və bölünməsinə gətirib çıxarır. 1917-1918-ci illərdə aparılan mübarizə nəticəsində isə müstəqil Azərbaycan dövlətçiliyi respublika quruluşu formasında bərpa edilir. Bütün bunları nəzərə aldıqda, monoqrafiyanın ilk fəslinin ilk paraqrafını Azərbaycanın dövlətçilik tarixi ilə bağlı bəzi yersiz təşəbbüs və iddialara akademik cavab da hesab etmək olar.

“Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” adlı paraqraf müəllifin bu istiqamətdə apardığı çoxillik tədqiqatların ümumiləşdirilmiş nəticəsidir. Akademik İsmayıl Hacıyev yazır ki, həmin illərdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən birinə çevrilmişdir. Bütün bu mürəkkəbliklər, ABŞ və İngiltərə arasında bu strateji regiona yiyələnmək uğrunda ardı-arası kəsilməyən mübarizələr, yerli milli-məhəlli hökumətlərin təşkili və ən nəhayət Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanda hakimiyyətinin birmənalı şəkildə təmin edilməsi prosesi bu fəslin əsas mövzusunu təşkil edir.  Maraq doğuran məsələlərdən biri Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan və ətraf bölgələrdə yaradılacaq inzibati bölgünün necə adlandırılması ilə bağlıdır. Hazırda aktiv müzakirə olunan Qərbi Azərbaycan mövzusuna qarşı aparılan düşmən təbliğatının bir hissəsi də ondan ibarətdir ki, həmin ərazi heç vaxt bu coğrafi terminlə adlandırılmamışdır. Akademik İ.Hacıyev isə göstərir ki, hələ o dövrdə Qərbi Azərbaycanın Cümhuriyyətin nəzarətində qalan hissələrinin adlandırılmasında bu ifadədən istifadə edilmişdir. O yazır: “1919-cu ilin martın 8-də Bəhram xan Naxçıvanskinin rəhbərliyi ilə xüsusi bir heyət Bakıya gəldi. B.Naxçıvanski yolüstü Tiflisdə və Gəncədə olmuş, danışıqlar aparmışdı. Bəhram xan özü ilə yerli Cənubi-Qərbi Azərbaycan adı altında Naxçıvanı Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirmək təklifini də gətirmişdi”. Deməli, Qərbi Azərbaycan coğrafi termini heç də yeni bir anlayış deyildir, həmin dövrdə bölgədə yaşayan əhalinin təfəkküründə bu anlayış mövcud olmuş və bu təklif Azərbaycanın mərkəzi hökumətinə Naxçıvandan gəlmişdi.

İlk fəslin üçüncü paraqrafında Naxçıvan uğrunda mübarizənin getdiyi çətin dövrdə Türkiyənin Naxçıvan bölgəsinə siyasi-hərbi yardımlarından bəhs edilmişdir. Dördüncü paraqrafda isə müəllif XX əsrin əvvəllərində İngiltərə və ABŞ-ın Naxçıvan bölgəsinə dair ikili siyasətlərindən bəhs etmişdir. Monoqrafiyada Naxçıvanda ingilis general-qubernatorluğunun yaradıldığı dövrdə yerli liderlərin və Azərbaycan hökumətinin apardığı mübarizənin mahiyyəti ilkin mənbələr əsasında açılmışdır. Xüsusən Cəfərqulu xan və Kalbalı xan Naxçıvanskilərin diplomatik masada ingilislərin bölgəyə təyin etdikləri nümayəndələr - F.Lauten, Simpson və digərlərini necə fakt qarşısında qoyduqlarına dair çoxsaylı yeni məlumatlar bu paraqrafda əksini tapmışdır. Burada həmçinin bölgəyə Amerikan nümayəndələrinin gəlməsindən sonra onlarla aparılan danışıqlar, Polkovnik V.Haskellə, C.Reylə Naxçıvandan olan nümayəndələrin müzakirələrinə dair də maraqlı bilgilər vardır. İlk fəslin sonuncu beşinci paraqrafında daşnak Ermənistanının Naxçıvan bölgəsinə ərazi iddiaları və silahlı müdaxiləsindən bəhs olunmuş, 1918-1919-cu illərdə ermənilərin bölgədə azərbaycanlılara qarşı törətdikləri soyqırımlar konkret faktlar əsasında təhlil edilmişdir.  

Monoqrafiyanın ikinci fəsli Araz-Türk Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu barədədir. Burada Araz-Türk Cümhuriyyətinin yaranması, hakimiyyət strukturlarının, hərbi qüvvələrinin formalaşdırılması, bölgənin ərazi bütövlüyü uğrunda erməni daşnaklarına qarşı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti, Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti ilə əlaqələri, Araz-Türk Cümhuriyyətinin süqutu ilə bağlı bir sıra məqamlara tarixşünaslıqda ilk dəfə aydınlıq gətirilmişdir. Bu fəsildə Araz-Türk Cümhuriyyətinin elan edildiyi və fəaliyyətə başladığı tarixlə bağlı dəqiqləşdirmələr aparılmışdır. Müəllif göstərir ki, bu cümhuriyyət noyabrın 3-də Qəmərlidə elan edilsə də, fəaliyyətə noyabrın 18-də Naxçıvanda başlamışdı. İ.Hacıyev həmçinin müxtəlif mənbələr əsasında müqayisəli təhlillər apararaq bu cümhuriyyətin ilk baş nazirinin – Nazirlər Şurasının sədrinin Əmir bəy Nərimanbəyov olduğu qənaətinə gəlmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Əmir bəy Qarabağın ulu soylarından olan Nərimanbəyovlardandır. Müəllif həmçinin ilk dəfə olaraq Araz-Türk Cümhuriyyətinin idarəçilik quruluşunu dəqiqləşdirmiş və onun parlament tipli cümhuriyyət olması fikrini irəli sürmüşdür. Monoqrafiyada parlamentin bəzi üzvlərinin adları da qeyd edilmişdir.

Monoqrafiyanın üçüncü fəslində Naxçıvanda sovet hakimiyyətinin qurulması, muxtariyyət statusu, Naxçıvan MSSR-in təşkili məsələlərindən bəhs edilmişdir. Burada 1921-ci ilin fevral-mart aylarında keçirilən rus-türk konfransında, Moskva müqaviləsində, həmin ilin oktyabrında keçirilən Qars konfransında, Qars müqaviləsində  Naxçıvan məsələsi ətraflı şəkildə təhlil olunmuşdur. Naxçıvan MSSR-in həmin dövrdə təşkili zərurətinə toxunan müəllif qeyd edir ki, tarixən hər zaman Azərbaycana məxsus, Azərbaycan türklərinin yaşadığı ərazi olmuş Naxçıvan bölgəsinin belə bir statusu qazanması yalnız hərbi-siyasi və tarixi-coğrafi amillərlə bağlı olmuşdur. 

Dördüncü fəsil “Naxçıvan MSSR XX əsrin 20-30-cu illərində” adlanır. Burada Naxçıvanda iqtisadi və siyasi vəziyyət, kollektivləşdirmə tədbirləri, iqtisadiyyat və sənaye sahəsində baş verən dəyişikliklər, sovet hakimiyyətinə qarşı baş verən üsyanlar, yerli əhaliyə qarşı repressiyalar barədə məlumat verilmiş, Naxçıvan MSSR-in konstitusiyasının qəbul edilməsinin tarixi-hüquqi aspektləri təhlil olunmuşdur.

Növbəti – beşinci fəsil 1941-1945-ci illər müharibəsi dövründə Naxçıvanda baş verən hərbi, ictimai-siyasi, iqtisadi proseslər barədədir. Burada Naxçıvandan olan döyüşçülərin faşizmə qarşı mübarizədə iştirakı, onların arxa cəbhədəki fəaliyyətləri araşdırılmışdır. Müəllif müəyyən etmişdir ki, müharibə dövründə Naxçıvanın 29 min 500 nəfər sakini səfərbərliyə alınmış, faşizmə qarşı mübarizədə qəhrəmanlıqla vuruşmuş, onlardan 15 min 500 nəfəri müharibənin qurbanı olmuşdur.

Əsərin ən mühüm hissələrindən biri 1946-1990-cı illərdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına dair fəsildir. Bu fəsildə müəllif xüsusən XX əsrin 70-80-ci illərində muxtar respublikada həyata keçirilən sürətli quruculuq tədbirlərinə diqqət yetirmiş, Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində bütün Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da sürətli inkişaf proseslərinin müşahidə edildiyini göstərmişdir. Həmin illərdə Naxçıvan Muxtar Respublikasının yubiley tədbirlərinin qeyd olunmasının ənənəyə çevrilməsi, bu tədbirlərdə Heydər Əliyevin iştirakı və söylədiyi fikirlərlə bağlı maraqlı faktlar bu fəsildə əksini tapmışdır.

Monoqrafiyanın sonuncu – yeddinci fəsli Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Naxçıvanın ictimai-siyasi, iqtisadi və mədəni tarixi barədədir. Bəllidir ki, Naxçıvan 1991-1993-cü illərdə məhz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində işğaldan, Ermənistanın hərbi təcavüzündən qorunmuş, xilas edilmişdir. Bu baxımdan akademik İsmayıl Hacıyev həmin illəri Naxçıvan tarixinin Heydər Əliyev dövrü kimi xarakterizə etmişdir. Müəllif yazır ki, tarixi baxımdan qısa müddət ərzində Naxçıvanda yaşayıb fəaliyyət göstərən Heydər Əliyev misilsiz xidmətlərə imza atdı, Naxçıvanı işğal təhlükəsindən, əhalini isə aclıq və səfalətdən xilas etdi. Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin etdi.

Fəslin sonrakı paraqraflarında ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Naxçıvan Muxtar Respublikasının inkişafı və tərəqqisinə xüsusi  diqqət yetirməsi, onun siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvanı inkişaf etdirmək, möhkəmləndirmək, Türk Dünyasının döyünən ürəyinə çevirmək siyasəti təhlil edilmişdir. Bu fəsildə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladlarının Zəfər salnaməmizin yazılmasında iştirakından, Müzəffər Ali Baş Komandanın müəllifi olduğu Zəfərin yaratdığı yeni reallıqlardan bəhs olunmuşdur. Müəllif kitabın nəticə hissəsində Naxçıvanda Azərbaycan  Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təsis edilməsi haqqında fərmanın imzalanmasını bu qədim diyarın tarixində mühüm hadisə, idarəçilikdə yeni mərhələyə keçid kimi xarakterizə etmişdir.  

Ümumilikdə 250-yə yaxın əsər, ilkin mənbə, arxiv sənədləri əsasında yazılan monoqrafiya təkcə Azərbaycanın qədim Naxçıvan diyarının deyil, həm də ətraf bölgələrin, Qərbi Azərbaycanın tarixinin öyrənilməsi üçün qiymətli mənbədir.

Elnur KƏLBİZADƏ,
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri,
Tarix üzrə fəlsəfə doktoru, dosent