19 yanvar 2025 14:14
131

İrakli Kadaqişvili: Prezident İlham Əliyevin Gürcüstana verdiyi dəstəyin əvəzi yoxdur

Ötən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərindən sonra yenidən Baş nazir seçilən İrakli Kobaxidzenin ilk xarici səfərini Azərbaycana etməsi çox mühüm əhəmiyyət daşıyır. Bu səfər bir daha göstərir ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər nə qədər mühüm və vacibdir.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin regional siyasət və özünüidarə komitəsinin sədri İrakli Kadaqişvili deyib.

Onun sözlərinə görə, bu səfər onu da nümayiş etdirdi ki, Gürcüstan üçün də, Azərbaycan üçün də qarşılıqlı vacib olan bir sıra mühüm, həyati məsələlər var. Çünki Cənubi Qafqaz bizim birlikdə qurmalı olduğumuz, sülhün hökm sürməli olduğu regiondur.

Sabitlik və gələcək iqtisadi inkişaf üçün hər cür imkan var. Lakin bunun üçün təkcə iqtisadi və geosiyasi şərtlər deyil, bizi birləşdirən daha çox məsələlər var. Bunlar Gürcüstan və Azərbaycan cəmiyyətləri üçün də çox vacib olan dəyərlərdir. Hazırkı vəziyyət bizim dostluq, mehriban qonşuluq və strateji münasibətlərimizin daha da inkişafı üçün çox gözəl əsas yaradır.

O qeyd edib ki, Cənubi Qafqaz həmişə birləşdirici körpü olub, Şərqlə Qərb arasında əlaqənin qurulmasına şərait yaradıb. Böyük İpək yolu layihəsi indi daha da aktualdır və ölkələrimiz, əlbəttə ki, bu məsələdə çox mühüm strateji təşəbbüsə malikdirlər, biz onu inkişaf etdirməliyik.

“Buna görə də biz Azərbaycanla münasibətləri gücləndirməyə çalışırıq. Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqi üçün əlimizdən gələni edirik. Çünki son nəticədə hər üç dövlət Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi cəhətdən inkişafına böyük təkan verəcək. Bu sabitlik təkcə Mərkəzi və Şərqi Asiya dövlətləri üçün deyil, Qərb ölkələri üçün də çox lazımdır.

İ.Kadaqişvili xarici qüvvələrin hər hansı bir ölkənin daxili siyasəti məsələsinə müdaxiləsini tənqid edərək deyib: “Bəzi qüvvələrin tamamilə yanlış müdaxiləsi zamanı təkcə regionda deyil, dünya siyasətində tamamilə əlverişsiz tendensiyalar yaranır. Təbii ki, bu, dövlətdə demokratiyanın inkişafına maneə törədir, demokratiya prinsiplərini, dövlətlərin suverenlik statusunu pozur. Ona görə də biz buna qarşı olmalıyıq. Çünki xalqın seçimi bu dövlətdə yaşayan insanların işidir. Xalq səs verdiyi hökuməti seçir. Kənar, düzgün olmayan müdaxilə isə təbii ki, ilk növbədə, demokratiyaya və dövlətə ziyan vurur”.

Parlamentari vurğulayıb ki, dövlətlərin hər biri suverenliyini qorumalı və demokratiyanı gücləndirməlidir. Bu məsələlərdə də qarşılıqlı əlaqə çox mühüm rol oynayır. İndi də hansısa qüvvələr Gürcüstanda sabitliyi pozmağa çalışarkən Azərbaycanın və Prezident İlham Əliyevin dəstəyi Tbilisi üçün çox vacibdir.

“Prezident İlham Əliyevin Baş nazir İrakli Kobaxidze görüşdə söylədiyi fikirlər bu baxımdan bizim üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Gürcüstan dövlətinə verdiyi dəstəyin əvəzi yoxdur. Biz bu dəstəyə görə minnətdarlıq edirik”, – deyə o bildirib.