19 yanvar 2025 22:38
111

Qanla yazılan şərəfli tarix

20 Yanvar müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun mənəvi qələbəsi kimi dəyərləndirilməlidir. Bu tarix sadəcə ağrı və acı ilə deyil, eyni zamanda şərəfli bir gün kimi xatırlanır. 1990-cı ildə xalq üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətnliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir.

Ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli Fərmanda deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda həmçinin Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edilirdi. Beləliklə, Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Həmçinin, Ulu öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilmiş, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirilmişdir. Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən layihələndirilmiş və tikilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev də 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. 

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı