Latviyanın Daxili İşlər Nazirliyi Milli Təhlükəsizlik haqqında qanuna Rusiya və Belarus vətəndaşlarına mühüm infrastruktur obyektlərinin idarəetmə strukturlarında vəzifə tutmağı qadağan edən düzəlişlər hazırlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Qeyd edilib ki, yeni qadağa “Latviya dövlətinin və cəmiyyətinin təhlükəsizliyi üçün vacib olan mühüm infrastrukturun mühafizəsinin gücləndirilməsi” ehtiyacı ilə əsaslandırılır.
Məhdudiyyətlər həm Rusiya və Belarus vətəndaşlarına, həm də onların ərazisində qeydiyyatda olan hüquqi şəxslərə şamil ediləcək. Əgər bu, kritik infrastrukturun işləməsi üçün vacib olan məlumat və ya texnoloji avadanlıqlara çıxışı nəzərdə tutursa, onların obyektlərdə işləməsinə icazə verilməyəcək.
İstisnalar yalnız Latviya Dövlət Təhlükəsizlik Xidmətinin ayrıca icazəsi əsasında mümkün olacaq. Düzəlişlər əvvəlcə Baltikyanı respublikanın hökuməti tərəfindən nəzərdən keçiriləcək, əgər qətnamə müsbət olarsa, onlar təsdiq üçün ölkənin Seyminə təqdim olunacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”