Yanvarın 20-də Vaşinqtondakı Kapitoli binasında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi keçirilb. İnaqurasiya mərasimində ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton da iştirak ediblər. Tramp and içərək 47-ci prezident kimi vəzifəsinin icrasına başlayıb. İnauqurasiyadan sonra səlahiyyət müddəti başa çatan Cozef Bayden ənənəyə uyğun olaraq mərasimi helikopterlə tərk edib. Bununla da Amerikada Soros dövrü başa çatıb. Yeri gəlmişkən, Baydenin son qərarlarından biri Sorosu Amerikanın ən yüksək mükafatı Azadlıq medalı ilə təltif etməsi olub.
Bayden administrasiyasının Azərbaycanla əlaqələrinə gəldikdə isə, son dörd ildə Bayden sözün həqiqi mənasında, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Bununla da bir daha ermənipərəst lider olduğunu ortaya qoydu. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, yəni, o, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr də kölgədə qaldı. Bununla da Bayden Azərbaycana qarşı ədalətsiz mövqe sərgilədi, xüsusilə Qarabağ məsələsi ilə bağlı. Şübhəsiz, bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Məsələn, Bayden administrasiyası “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etməklə Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi, yenidən təkrarladı. Amma noyabrın 15-də “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etməklə alət kimi istifadə etdiyi Ermənistanı sevindirdi.
ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken sülh danışıqlarında vasitəçilik missiyasını üzərinə götürməyə də cəhd göstərməklə haylara yeni bir töhfə vermək istədi. Amma rəsmi Bakı bunun qarşısını almaqla sözün həqiqi mənasında Blinkenə yerini göstərdi. Bu yaxınlarda, daha doğrusu, Baydenin hakimiyyətdən gethagetdə olduğu günlərdə onun administrasiyası işğalçı və separatçı Ermənistanla strateji müttəfiqlik sənədi də imzaladı. Bununla da Bakı ABŞ-ın sülh vasitəçiliyindən imtina etməkdə tamamilə haqlı olduğunu bir daha ortaya qoydu. Yeri gəlmişkən,
həmin sənədin imzalanmasından sonra Ermənistan rəsmiləri bir qədər ruhlanıblar. Elə bunu sənədin ölkəsi ilə ABŞ arasındakı əməkdaşlığa ambisiya qazandırdığını vurğulayan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışlarında da açıq-aydın görmək mümkündür. Siyasətçilərin fikrincə, Ermənistan -ABŞ strateji tərəfdaşlıq xartiyası Azərbaycanın Cənubi Qafqazda müəyyənləşdirdiyi yeni reallıqlara tamamilə ziddir.
Göründüyü kimi, ümumilikdə 2023-cü ildə bir günlük antiterror əməliyyatlarından sonra Azərbaycan dövləti öz suverenliyini bərpa etdikdən sonra Bayden administrasiyası Azərbaycanı cəzalandırma niyyətlərini daha da kəskinləşdirib. Bir məsələni də vurğulayaq. Bayden administrasiyası bu kimi siyasi gedişlərlə kifayətlənmədi. Ölkəmiz əleyhinə böhtan dolu kampaniyalara da start verdi. Onun bu siyasət COP-29-un gedişində də özünü göstərdi. Ötən ilin dekabrın 9-da ABŞ Dövlət katibi Antoni Blinken Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinərək həbs olunan “AbzasMedia” nəşrinin baş redaktoru Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan etdi, yəni mükafata layiq gördü. Hətta Blinken utanıb-qızarmadan bildirdi ki, guya o, Azərbaycanda yüksək səviyyədə korrupsiyanı ifşa etdiyinə görə bu mükafata layiq görülüb. Halbuki, Antoni Blinken də yaxşı bilir ki, korrupsiya ilə bağlı araşdırmalar ABŞ-ın özündə aparılmalıdlr. Elə Baydenin öz cinayətkar oğlu Hanter Baydenin əfvinin təməlində korrupsiya dayanmırmı? Bütün bunları bir daha dərindən analiz edəndə belə qənaətə gəlmək olar ki, Bayden administrasiyası həmişə Azərbaycan tərəfindən lənətlənəcəkdir.
Trampın birinci dönəmində isə Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmayıb. Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə irəliləyişə də nail olunmuşdu. Yeri gəlmişkən qeyd edək ki, and içdikdən sonra ABŞ Prezidenti Donald Tramp deyib ki, elə indi Amerikanın qızıl dövrü başlayır. Yeni prezident bildirib ki, o, 47-ci prezident kimi milli uğurun həyəcanverici yeni dövrünün başlanğıcında olduqlarına inanaraq nikbinliklə qayıdır. O, açılış nitqi zamanı dəyişikliklər dalğasının ölkəni əhatə edəcəyini bildirib. Prezident İlham Əliyev bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsində Donald Tramp administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan yaxşı münasibətlərin qurulmasına ümid etdiyini bildirib: ”İkincisi, yenə də deyirəm, öz açıqlamaları ilə cənab Tramp çox aydın, açıq mesajlar göndərir. İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.”
Qvami Məhəbbətoğlu, “İki sahil”