21 yanvar 2025 14:17
114

Gürcüstan-Azərbaycan əməkdaşlığı regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq nümunəsidir - EKSPERT/ÖZƏL

Tarixən regionda seçilən Azərbaycan–Gürcüstan münasibətləri hər iki ölkənin xalqlarının bir-biri ilə dostluq və mehriban qonşuluq şəraitində yaşamasına töhfə verib. Azərbaycanla Gürcüstan hər zaman dostluğa və qarşılıqlı yardıma üstünlük verib. Bu davranış bütövlükdə Qafqazda digər ölkələrə də bir nümunə olaraq qalmaqdadır. Gürcüstan-Azərbaycan münasibətləri eyni zamanda Cənubi Qafqaz regionunun əsas strateji ölkələri kimi özünəməxsus bir model təqdim edir. Bu iki qonşu dövlət arasında siyasi, iqtisadi və enerji sahəsindəki əməkdaşlıq təkcə regional deyil, eyni zamanda beynəlxalq çərçivədə çoxsaylı aktorları maraqlandıran bir şərait yaradmışdır.

Bu sözləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli söyləyib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasındakı siyasi münasibətlər sabitlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. Hər iki ölkənin liderləri bir-birinin milli maraqlarına hörmət edir və bu, qonşular arasında sabit və davamlı əməkdaşlığın mövcudluğunu təmin edir. Gürcüstanın baş naziri Prezident İlham Əliyev haqqında dediyi “Siz fərqli bir lidersiniz və bizim üçün də nümunəsiniz” ifadəsi iki ölkə liderləri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.

R.İskəndərli bildirib ki, Hər iki liderin beynəlxalq arenada verdiyi bəyanatlar, regionda sabitliyi qorumaq və yeni çağırışlara cavab vermək baxımından birgə addımları ön planda tutduqlarını göstərir. Bunun nəticəsi olaraq, Azərbaycan və Gürcüstan çətinliklərə baxmayaraq, bərabərhöquqlu dialoqu qoruyub saxlayırlar. Bu siyasət nümunəsi digər region dövlətləri üçün də ilham mənbəyi ola bilər.

Azərbaycan və Gürcüstan iqtisadiyyatı Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq əhəmiyyətli çıxış qapıları kimi işləyir. Hər iki dövlət regiondan keçən çoxməqsədli logistika və tranzit yollarından istifadə edərək beynəlxalq ticarətin inkişafında əsas rol oynayır.

Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli əməkdaşlıq regionda sabitliyin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkənin inteqrasiyası bölgənin geosiyasi tarazlıqlarına pozitiv təsir edir, eyni zamanda Avropa ılə Asiya arasında mədəniyyət, logistika və enerji inteqrasiyası üçün unikal şərait yaradır.

Gürcüstan-Azərbaycan münasibətləri, eyni zamanda, beynəlxalq aktorları öz orbitinə cəlb etmək üçün xüsusi bir qabiliyyətə malikdir. Həm Azərbaycan, həm də Gürcüstan beynəlxalq forumlarda birgə şəkildə çıxış edərək regionun maraqlarını qoruyur. Onlar çoxşaxəli diplomatik danışıqlar vasitəsilə mütərəqqi perspektivlər açır və regional həllər üçün təşəbbüs irəli sürülər.

“Əminəm ki. Azərbaycan və Gürcüstan münasibətləri təkcə öz xalqlarının rifahı deyil, eyni zamanda Cənubi Qafqaz regionunun sabitliyi üçün örnəkdir. Siyasi dialoq, iqtisadi inteqrasiya və enerji sahəsində əməkdaşlıq bu münasibətləri bərkidir, daha geniş coğrafiya üçün stabil əsas təşkil edir. Bu münasibətlərin davamı regionda sabitliyin daha da möhkəmləndirilməsinə, bölgə xalqlarının birliyinin artmasına və beynəlxalq aləmdə daha çox diqqət cəlb edilməsinə imkan yaradacaq.” - deyə Ramil İskəndərli vurğulayıb.

Yaqut Ağaşahqızı “İki sahil”