21 yanvar 2025 22:56
122

Azərbaycan-Gürcüstan münasibətləri: Bütün qonşular üçün parlaq nümunə

Əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, bu strateji tərəfdaşlıq sayəsində Cənubi Qafqaz regionu daha da güclənəcək

Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi çox qədimlərə gedib çıxır. İki ölkə arasındakı dostluq, qardaşlıq münasibətləri bir çox  dövlətlər üçün nümunədir. Strateji tərəfdaşlıq əlaqələrimiz ildən-ilə güclənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin  Azərbaycana son işgüzar səfəri də bunu sübut etdi. İkinci dəfə hökumət başçısı olduqdan sonra ilk səfərini ölkəmizə edən cənab Kobaxidze bununla da rəsmi Tbilisinin Azərbaycanla əlaqələrə nə qədər böyük önəm verdiyini nümayiş etdirdi Qardaş ölkənin hökumət başçısının xaricə ilk səfərini məhz Bakıya etməsi, Azərbaycan Prezidenti ilə Gürcüstanın Baş naziri arasında keçirilən görüşlər, səsləndirilən bəyanatlar Gürcüstan-Azərbaycan əlaqələrinin  iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla inkişaf etməsinin carçısıdır. Qarşılıqlı hörmət və ehtiram üzərində qurulan Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində də arzulanan səviyyədədir. Məhz bütün bunların məntiqi nəticəsi olaraq ölkələrimiz arasında  mövcud yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr nikbinlik doğurur.   

Deputat: Müasir dövrün şərtləri gələcəkdə Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənəcəyini deməyə əsas verir

Milli Məclisin deputatı Soltan Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan-Gürcüstan əlaqələri xalqlarımızın strateji maraqlarına əsaslanır. Əsas məqamlardan biri bundan ibarətdir ki, hər iki ölkə ikitərəfli münasibətlərdə öz milli mənafelərini qorumaqla yanaşı, bir-birinin maraqlarını da nəzərə alır. Bu baxımdan cənab Prezidentin də vurğuladığı kimi, bizim münasibətlərimiz bütün qonşular üçün nümunə ola bilər

Deputat qeyd etdi ki, Azərbaycan hər zaman tərəfdaşları ilə münasibətlərin qarşılıqlı etimad əsasında qurulmasına çalışıb: ”Azərbaycan- Gürcüstan iqtisadi əməkdaşlığı Cənubi Qafqazın ümumi inkişafını təmin edən əsas amillərdəndir. Bildiyiniz kimi, Azərbaycan Gürcüstanın 5 ticarət tərəfdaşından biridir. Bu, iqtisadi əlaqələrin miqyasını və hər iki ölkə üçün əhəmiyyətini ifadə edən çox mühüm göstəricidir. Regionda həyata keçirilən qlobal layihələrdə iki ölkə tərəfdaş kimi fəal iştirak edir. İqtisadi və siyasi münasibətlərin dəyişdiyi müasir dövrün şərtləri gələcəkdə Azərbaycan- Gürcüstan münasibətlərinin daha da möhkəmlənəcəyini deməyə əsas verir".

S.Məmmədov vurğuladı ki, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Baş nazirin ilk səfərini Azərbaycana etməsi ikitərəfli münasibətlərə nə qədər böyük önəm verildiyini təsdiq edir: "Bu gün Azərbaycan və Gürcüstan əlaqələri elə bir səviyyəyə çatıb ki, istənilən mövzunu ikitərəfli qaydada müzakirə etmək, həll yolları tapmaq mümkündür. Məsələyə tarixi kontekstdən, eyni zamanda, müasir dövrün şərtləri çərçivəsində baxsaq, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının təbii xarakter daşıdığını aydın şəkildə görə bilərik. Ona görə də əminliklə qeyd etmək mümkündür ki, bu münasibətlərin daha da inkişafı, möhkəmlənməsini proqnozlaşdıra bilərik. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Gürcüstanın iqtisadiyyatına ən çox sərmayə qoyan ölkədir. Bu göstərici 3,6 milyard dollar təşkil edir. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın Gürcüstan üçün nə qədər mühüm tərəfdaş olduğunu təsdiq edir".

Azərbaycan-Gürcüstan əməkdaşlığı regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq nümunəsidir

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli isə diqqətə çatdırdı ki, tarixən regionda seçilən Azərbaycan–Gürcüstan münasibətləri hər iki ölkənin xalqlarının bir-biri ilə dostluq və mehriban qonşuluq şəraitində yaşamasına töhfə verib: ”Azərbaycanla Gürcüstan hər zaman dostluğa və qarşılıqlı yardıma üstünlük verib. Bu davranış bütövlükdə Qafqazda digər ölkələrə də bir nümunə olaraq qalmaqdadır. Azərbaycan-Gürcüstan münasibətləri, eyni zamanda, Cənubi Qafqaz regionunun əsas strateji ölkələri kimi özünəməxsus bir model təqdim edir. Bu iki qonşu dövlət arasında siyasi, iqtisadi və enerji sahəsindəki əməkdaşlıq təkcə regional deyil, eyni zamanda, beynəlxalq çərçivədə çoxsaylı aktorları maraqlandıran bir şərait yaratmışdır.

Həmsöhbətimizin sözlərinə görə, Gürcüstan ilə Azərbaycan arasındakı siyasi münasibətlər sabitlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub. Hər iki ölkənin liderləri bir-birinin milli maraqlarına hörmət edir və bu, qonşular arasında sabit və davamlı əməkdaşlığın mövcudluğunu təmin edir. Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında dediyi “Siz fərqli bir lidersiniz və bizim üçün də nümunəsiniz” ifadəsi iki ölkə liderləri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.

R.İskəndərli vurğuladı ki, hər iki liderin beynəlxalq arenada verdiyi bəyanatlar regionda sabitliyi qorumaq və yeni çağırışlara cavab vermək baxımından birgə addımları ön planda tutduqlarını göstərir. Bunun nəticəsi olaraq Azərbaycan və Gürcüstan çətinliklərə baxmayaraq bərabərhüquqlu dialoqu qoruyub saxlayırlar. Bu siyasət nümunəsi digər region dövlətləri üçün də ilham mənbəyi ola bilər. Azərbaycan və Gürcüstan iqtisadiyyatı Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq əhəmiyyətli çıxış qapıları kimi işləyir. Hər iki dövlət regiondan keçən çoxməqsədli logistika və tranzit yollarından istifadə edərək beynəlxalq ticarətin inkişafında əsas rol oynayır. Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli əməkdaşlıq regionda sabitliyin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkənin inteqrasiyası bölgənin geosiyasi tarazlıqlarına pozitiv təsir edir, eyni zamanda, Avropa ilə Asiya arasında mədəniyyət, logistika və enerji inteqrasiyası üçün unikal şərait yaradır.

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri və iki ölkə arasındakı strateji münasibətlər barədə “İki sahil”ə açıqlamasında bildirdi ki, bu əməkdaşlıq yalnız ikitərəfli deyil, bütövlükdə regionun sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycan-Gürcüstan münasibətləri uzun illər ərzində qarşılıqlı hörmət və etimad əsasında formalaşıb. Müstəqillik əldə etdikdən sonra iki ölkə strateji tərəfdaş kimi əlaqələrini daha da gücləndirərək Cənubi Qafqazda sabitlik və inkişafın əsas dayaqlarından birinə çevrilib. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri də bu əməkdaşlığın nə qədər möhkəm və sarsılmaz olduğunu bir daha sübut etdi. Siyasi əlaqələr baxımından Azərbaycan-Gürcüstan münasibətləri bütün qonşular üçün nümunə sayıla bilər. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir və bu, regional sabitliyin qorunmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də mətbuata bəyanatları zamanı dövlətimizin başçısının vurğuladığı kimi, iki ölkə arasındakı münasibətlər beynəlxalq səviyyədə də böyük əhəmiyyət daşıyır. Gürcüstanın Baş naziri də öz çıxışında Azərbaycanın liderliyini xüsusi qeyd edərək Prezident İlham Əliyevi "fərqli bir lider" adlandırıb və Azərbaycanın regional siyasətdəki rolunun Gürcüstan üçün də nümunə olduğunu bildirib. Bu qarşılıqlı etimad və hörmət regionun təhlükəsizliyinin qorunması üçün mühüm amillərdən biridir”.

QHT sədri vurğuladı ki, iqtisadi sahədə də Azərbaycan Gürcüstan üçün etibarlı tərəfdaşdır. Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub və bu, ölkələr arasında iqtisadi əlaqələrin dayanıqlılığını göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri kimi iri infrastruktur layihələri hər iki ölkənin iqtisadi inteqrasiyasını möhkəmləndirir.

“İrakli Kobaxidze də açıqlamasında iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb və iki ölkə arasında hökumətlərarası komissiyanın 10-cu iclasının bu baxımdan mühüm rol oynadığını bildirib. Enerji sahəsində əməkdaşlıq isə regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.  Bu gün Azərbaycan 11 ölkəyə Gürcüstan üzərindən təbii qaz ixrac edir. Bu Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında  Gürcüstanın Azərbaycanın həyata keçirdiyi vacib layihəyə dəstəyidir. Bu dəstək Gürcüstanın iqtisadi və siyasi maraqları ilə də üst-üstə düşür.

C.Hüseynzadənin sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri bir daha göstərdi ki, iki ölkə arasındakı əlaqələr sadəcə siyasi və iqtisadi deyil, strateji əməkdaşlıq səviyyəsindədir. Bu münasibətlər gələcəkdə də uğurla inkişaf edəcək və regionun təhlükəsizliyinə, iqtisadi inkişafına mühüm töhfələr verəcək.

"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq modeli bir çox qonşu ölkələr üçün nümunə ola bilər. Bu əməkdaşlıq regionun sabitliyinə və iqtisadi inkişafına müsbət təsir göstərir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri layihələr yalnız iki ölkənin deyil, bütövlükdə regionun rifahına xidmət edir. Bu strateji tərəfdaşlıq sayəsində Cənubi Qafqaz regionu daha da güclənəcək və iki ölkənin əməkdaşlığı yeni uğurlara imza atacaq", – deyə həmsöhbətimiz qeyd etdi.

Qısa təhlil əsasında bu qənaətə gəlirik ki, Azərbaycan-Gürcüstan münasibətləri ölkələrimizin regionda sabitliyin, tərəqqinin təminatçısı olmaları ilə yanaşı, həm də dünya üçün qonşuluq örnəyidir. 

Yaqut Ağaşahqızı, “İki sahil”