Abşeron rayonu, Saray qəsəbəsi ərazisində silah-sursat aşkar edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 9 mm-lik Makarov tipli tapança, 1 ədəd AKMS avtomatı, 1 ədəd güllə sandığı, 1 ədəd UDZ partladıcısı ilə RQN əl qumbarası və 90 ədəd 5,45 mm-lik mərmi olduğu müəyyən edilib.
Aşkar edilmiş silah-sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.