Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Partiya fəalları” və “Veteranlarımız” layihəsi çərçivəsində “Azərbaycan bu gün dünyada söz sahibidir” mövzusunda görüş keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, Azərbaycan bu günkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və sair istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bunun əldə olunmasında ümummilli lider Heydər Əliyev siyasi yolunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Seyfəddin Əliyev qeyd etmişdir ki, müasir dünyada liderlik qabiliyyəti ilə seçilən Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoyub. Əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, dövlətimizin başçısının hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb.
Dövlətimizin başçısının 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı olub deyən təşkilat sədri bildirmişdir ki, ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günə qədər olan müddət Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi, məhz Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallığa çevrilib. Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən Prezident xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verib. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir.
Görüş iştirakçılarından Nailə Əsədullayeva, Nərgiz Məmmədova bə başqaları çıxış edərək Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına hesablanıb deyə vurğuladılar.