24 yanvar 2025 01:57
104

Daş altında yatan ilanlar…

Xəyanət müharibədəki birinci qələbəmizi əlimizdən aldı

Azərbaycan xalqı satqınlıqla, casusluqla və xəyanətlə bağlı belə məlumatları hələ Birinci Qarabağ müharibəsi dövründə gözləyirdi. Məlumdur ki, Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsinin planı SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun başçılığı ilə Moskvada, Kremlin divarları arasında hazırlanmışdı. O vaxt məğlubiyyətimizin bir səbəbi Rusiyanın xüsusi xidmət orqanlarının yeni təşkil edilmış milli ordumuza yerləşdirdiyi casus şəbəkəsinin Ermənistanın xeyirinə işləməsi idi. İz itirmək üçün həmin şəbəkələrə Surət Hüseynov, Rəhim Qazıyev və digər bir neçə satqını başçı təyin etmişdilər. Burada qeyd edək ki, o illərdə zabit kadrları çatışmırdı. Azərbaycan vətəndaşlığı olan və olmayan Rusiyadan göndərilmiş hərbçilərin arasına guya könüllü kimi gələrək  asanlıqla ordu sıralarına daxil olur, casus şəbəkəsinin əlaqələndiriciləri burada fəal iş aparır, necə deyərlər, buradan vurub oradan çıxmaqla özlərini  “xalq qəhrəmanlarına” oxşatmağa, etibar qazanmağa çalışırdılar. Rayonlarımızın, kəndlərimizin erməni quldur dəstələrinin əlinə keçməsi üçün arxadan zərbə endirirdilər. Rusiyanın 366-cı motoatıcı alayının Xocalını dağıdıb viran qoyması, 7000 nəfərə yaxın əhalinin yarıdan çoxunu insanlıqdan uzaq işgəncələrlə qırıb-çatması, görünməmiş üsullarla şikəst etməsi, öz dogma yurdlarından qovması bəşərin görmədiyi bir barbarlıq, görmədiyi dəhşətli qətliam oldu. Qırğından iki gün sonra Rusiya Müdafiə Nazirliyinin əmri ilə alay ləğv edilib geri qaytarıldı. Təbii ki, alay hərbi texnikasını və silahlarını, artilleriyasını, bir sözlə, bütün arsenalını Xankəndidə yuva salmış terrorçu-separatçılara bağışlayıb aradan çıxdı. Əsgər və zabitlər Rusiya ərazisinə çatan kimi dəhal ordudan tərxis edildilər.

Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Vaqif Hüseynov, Şahin Musayev, Surət Hüseynov və bəzi başqa “qlavarlar” Rusiyaya niyə qaçdılar? Səbəbini sadə Azərbaycan vətəndaşı da bilir. Hələ o vaxtdan Azərbaycan Ordusunda və digər strukturlara soxulmuş casusların bəziləri sonralar ifşa edildilər. Ancaq görünür, daha dərin qatlarda məharətlə maskalanmışlar hələ də var. Bu günlərdə belələrindən birinin ifşa edilib həbs olunması dərhal yaddaşımıza o günləri salır. Qısaca onu deyək ki, xalqımız xəyanət nəticəsində Birinci Qarabağ müharibəsindəki qələbəsini itirdi. Yəni, əleyhimizə casusluğun, xəyanətin kürəyimizdə nə qədər öldürücü yara açdığını bu gün də dəhşətlə xatırlayırıq. Getsin o günlər…

Bu günlərdə daha bir casusun ifşa edilməsi cəmiyyətimizdə hiddət və qəzəb hisslərini coşdurdu. Deməli, daş altında yatan ilanlar varmış…

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barədə Bakı Ağır Cinayətlər Məhkəməsində yanvarın 21-də hakim Aygün Qurbanovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

 Svetliçı (rusca işıqlı) adını murdarlayan İvan Nikolayeviç əslində qara əməllərlə məşğul olub. Çörəyini yeyib suyunu içdiyi ölkənin kiminsə boyunduruğuna düşməsi məqsədi ilə casusluq fəaliyyətinə qurşanıbmış. Artıq etdiklərinin bədəlini ödəmə vaxtı gəlib. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittham olunur. Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.

Onun konkret olaraq hansı əməlləri törətdiyi növbəti məhkəmə prosesində ittiham aktı elan edilərkən məlum olacaq. Məhkəmə baxışı 3 fevral tarixinə təyin edilib. Şərəfini itirmiş xain məhkəməyə izahat verəcək ki, gözümüzün içinə baxa-baxa daha hansı murdar əməlləri törədib.

Birinci Qarabağ müharibəsində birləşmiş düşmənlərimizin xalqımıza vurduqları yaralar hələ də qaysaq tutmur. Dədə-baba yurdundan məcburi köçkünə çevrilmiş soydaşlarımızın böyük bir hissəsi hələ də evlərinə qayıda bilmirlər. Satqınların, Vətən xainlərinin aşkar olunub ədalət məhkəməsi qarşısına çıxarılması az da olsa yaralarımıza sığal çəkir, nəhayət, sişovul kimi ayağımızın altını eşənlərin idbar sifətlərini də görürük. Şübhəsiz ki, məhkəmə xəyanətkara layiq olduğu cəzanı verəcək. Ancaq 10 milyondan çox tüpürcəyi yalaması İvan Svetliçnıya ən dəhşətli cəza olacaqdır. Ümumxalq nifrəti isə dünyadan gedənədək onu həmişə təqib edəcək, ruhunu əzəcək, əzab verəcək.

Vəli İlyasov, “İki sahil”