23 yanvar 2025 23:43
101

Strateji baxışların Davosdan dünyaya təqdimatı

Tahir Mirkişili: Dünyanın iqtisadi vizionunu şəkilləndirən bu Forumda irəli sürülən təşəbbüslər qlobal iqtisadiyyata ciddi töhfələr verir

Bütün dünyanın diqqəti hazırda Davosa yönəlib. Mövcud qlobal geosiyasi vəziyyəti nəzərə alsaq, bu miqyasda baş verən hadisələr gərginliyin azaldılmasında, qlobal iqtisadi və siyasi proseslərin sabitləşdirilməsində mühüm rol oynaya bilər. Azərbaycan da bu kontekstdə Dünya İqtisadi Forumunun fəal iştirakçısı kimi qlobal problemlərin və bütün dünyanın ehtiyac duyduğu vəzifələrin həllinə öz töhfəsini verir. Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşıb. Forum hazırkı dövrün əsas çağırışlarının müzakirəsində, birgə qərarların qəbul edilməsində mühüm paltformadır. Forumda 5 əsas istiqamət üzrə müzakirələr reallaşdırılıb.

İnkişafın yenidən dizayn edilməsi – Güclü və dayanıqlı iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrini necə müəyyən edə bilərik?

İntellektual əsrdə sənayelər - Biznes liderləri öz sənayelərinin transformasiyasında qısamüddətli məqsədlərlə uzunmüddətli imperativlər arasında tarazlığı necə əldə edə bilərlər?

İnsan kapitalına investisiya - Dövlət və özəl sektor müasir və davamlı cəmiyyətin inkişafına töhfə verən insan kapitalının inkişafına və iş yerlərinin artmasına necə sərmayə qoya bilər?

Planetin mühafizəsi - İnnovativ tərəfdaşlıqlar, artan maliyyələşdirmə və aparıcı texnologiyaların tətbiqi vasitəsilə enerji, iqlim və təbiət məqsədlərinə nail olmağı necə sürətləndirə bilərik?

Etimadın bərpası - Getdikcə mürəkkəbləşən və sürətlə inkişaf edən dünyada cəmiyyətlər arasında dərinləşən fikir ayrılıqları, geosiyasi çoxqütblük və siyasi proteksionizmə doğru baş verən dəyişikliklər həm ticarətə, həm də investisiyalara mane olur. Maraqlı tərəflər həm beynəlxalq, həm də cəmiyyətlər daxilində əməkdaşlıq etmək üçün yeni həll yollarını necə tapa bilərlər?

Dünya İqtisadi Forumunun “COP30-a gedən yol” sessiyasında iqlim böhranı ilə mübarizə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 30-cu Tərəflər Konfransında müzakirə ediləcək mövzular müzakirə edilib.

Ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunin hər bir iclasının mövzusu dövrün çağırışlarını özündə ehtiva edir. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin təqdimatında önəmli rol oynayır. Burada irəli sürülən fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.

Forumun əhəmiyyətini "İki sahil"ə şərh edən Milli Məclisin deputatı Tahir Mirkişili bildirdi ki, Davosda dünya iqtisadiyyatında yeni texnologiyaların tətbiqi, insan kapitalının inkişafına investisiya qoyuluşu, iş yerlərinin yaradılması, ekoloji təmiz texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyi, sosial və iqtisadi dayanıqlıq əsas müzakirə mövzularıdır: “Forum təşkilatçıları bu dəfə də ənənələrinə sadiq qalaraq Azərbaycan Prezidenti İlham Əliyevi Davosa dəvət ediblər. Bu dəvət  ölkəmizin və onun Liderinin nüfuzundan, Prezident İlham Əliyevə olan inam və etibardan xəbər verir. Həmçinin qlobal iqtisadiyyatın yeni trendlərini mükəmməl bilən Azərbaycan Liderinin fikirləri, təklifləri Forumda qəbul edilən qərarlarda öz əksini tapır”.

Deputatın sözlərinə görə, Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisadi Forumu xüsusi əhəmiyyət kəsb edir: “Yüksək reytinqə malik olan Forumda Azərbaycan ilk dəfə 1995-ci ildə - Ulu Öndər Heydər Əliyevin iştirakı ilə təmsil olunub. 2007-ci ildən başlayaraq Cənubi Qafqazın lider ölkəsi olaraq Azərbaycanın Prezidenti İlham Əliyev Davos Forumuna qatılır. Azərbaycanın hər il artan sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdəki uğurları dünya ölkələrinin  diqqətini cəlb edir. Dövlətimizin başçısının Davosda keçirdiyi görüşlər, verdiyi müsahibələr, iclaslardakı çıxışları Forumun əhəmiyyətini daha da artırır. Forumun hər iclasına qatılan Prezident İlham Əliyevin çıxışları böyük maraqla izlənilir. Davosda ən çox görüşlər keçirən, müzakirələr aparan ölkə başçısı kimi cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, sərgilədiyi mövqe qlobal problemlərin həllində vacib amil kimi nəzərə alınır. Azərbaycan Prezidenti ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, idarəetmədəki yeniliklər barədə həm mətbuata müsahibələrində, həm də iclaslardakı çıxışlarında geniş məlumat verir. Strateji nəqliyyat qovşağının yaradılması, enerji sektorunda, xüsusilə də, yaşıl enerjiyə keçidlə bağlı görülən işlər, neft və qeyri-neft sektorunun inkişafı üçün yaradılan investisiya mühiti barədə iştirakçılar bilgiləndirilir”. 

T.Mirkişili vurğuladı ki, Forum çərçivəsində keçirilən görüşlər Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir: “ Prezident İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Stader ilə görüşüb. N.Stader “OliverWyman Group” şirkətinin beynəlxalq strateji idarəedici şirkət olaraq Azərbaycanda müxtəlif qurumlarla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub.  Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Məşhur içki brendlərinin istehsalçısı olan şirkətin rəhbəri Azərbaycanda onlara yaradılan şəraitdən məmnunluğunu ifadə edib və fəaliyyətlərini daha da genişləndirmək niyyətində olduqlarını bildirib. Prezident İlham Əliyev qarşı tərəfin müraciəti əsasında Davosda Almaniya Kansleri Olaf Şolts, İsrail Prezidenti İsxak Hersoq, Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşlər keçirib. Hər üç görüşdə xarici ölkə liderlərinin Azərbaycanla böyük əməkdaşlıq maraqları ifadə olunub. Ölkəmizdəki sabitliyi, inkişafı, xarici şirkətlərə yaradılan münbit şəraiti yüksək qiymətləndirən liderlər də etiraf edirlər ki, bütün bunlar məhz cənab İlham Əliyevin yürütdüyü sağlam iqtisadi siyasətin bəhrəsidir. Davos İqtisadi Forumu Azərbaycanla əməkdaşlıqda maraqlıdır.  Forum ölkəmizin strateji baxışlarının dünyaya təqdimatı baxımından da çox böyük əhəmiyyətə malikdir. Xarici sərmayədarların ölkəmizə dəvət olunması, yeni iqtisadi əlaqələr, əməkdaşlıqlar son nəticə olaraq Azərbaycan iqtisadiyyatının böyüməsinə, güclənməsinə hesablanıb.

O da etiraf olunmalıdır ki, hazırda enerji böhranı yaşayan Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu  bu gün daha qabarıq görünür. Azərbaycan neft-qaz ixracatçısı kimi beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirib, etibarlı tərəfdaş imicini qazanıb.  Avropanın bu gün Azərbaycan qazına, neftinə həmişəkindən daha çox ehtiyacı vardır.”

Millət vəkili sonda qeyd etdi ki, iqtisadi xarakter daşısa da Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsir gücünə malikdir: “Dünyanın iqtisadi vizionunu şəkilləndirən bu Forumda irəli sürülən təşəbbüslər qlobal iqtisadiyyata ciddi töhfələr verir. İqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoq aparması qlobal iqtisadi böhranın həllində, ərzaq çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynayır, milyonlarla insanın sosial rifahına müsbət təsir göstərir.”

Orxan Vahidoğlu, “İki sahil”