24 yanvar 2025 13:54
204

Ömür yolu ilə tarix yazan şəxsiyyət - Vaqif Şadlinski

Həyat, bir çoxları üçün sadəcə bir ömür yoludur, lakin elə insanlar var ki, onların ömrü tarix yazır. Professor Vaqif Şadlinski də həmin insanlardandır – tibb elminin zirvəsində dayanan, lakin qəlbində Qərbi Azərbaycanın həsrətini daşıyan böyük  alim, böyük  insan.

Vaqif Bilas oğlu Şadlinski 24 yanvar 1940-cı ildə  Qərbi Azərbaycanda, Vedidə anadan olub. O, məşhur Şadlinskilər nəslinin görkəmli nümayəndəsidir. Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini bitirib (1968). İctimai fəaliyyəti elmə və təhsilə olan hədsiz sevgi ilə üzvi surətdə birləşdirən Vaqif Şadlinski 1970-ci ildən Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasında çalışmağa başlamış, Vətənə və xalqa nümunəvi xidməti ilə bu tədris ocağında professor və kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. O, 1988–1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin dekan müavini, 1992–1994-cü illərdə Azərbaycan Tibb Universitetinin (bundan sonra ATU) Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994–1995-ci illərdə ATU-nun Ümumi işlər üzrə prorektoru, 1996–2001-ci illərdə Tədris işləri üzrə prorektoru vəzifələrində uğurla çalışmışdır. Vaqif Şadlinski ATU-nun Böyük Elmi Şurasının üzvü, eləcə də yaradıcısı olduğu Azərbaycan "Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti" İctimai Birliyinin, 2021-ci ildən Nəsimi Rayon Ağsaqqallar Şurasının sədridir. 1999-cu ildə UNESCO nəzdində fəaliyyət göstərən Kadrlar Akademiyasının anatomiya professoru, 2004-cü ildə Rusiya Tibb Elmləri Akademiyasının akademiki, 2009-cu ildə Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, 2014-cü ildə Rusiya Elmlər Akademiyasının üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Vaqif Şadlinski 2000-ci ildə Əməkdar həkim, 2010-cu ildə Əməkdar elm xadimi fəxri adlarına, 2020-ci ildə "Şöhrət" ordeninə, 2022-ci ildə Prezidentin fərdi təqaüdünə, 2023-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına, 2024-cü ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür. Vaqif Şadlinski 2009-cu ildə Avropa Təbiət Elmlər Akademiyasının Rəyasət heyəti tərəfindən Albert Şveytser adına Gümüş medalı, Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının qızıl medalı, 2010-cu ildə Avropa Elmi Cəmiyyətlərinin Rəyasət heyəti tərəfindən elm sahəsinə əvəzsiz töhfəsinə görə Hannover şəhərində Avropanın Fəxri Alimi diplomu və Robert Kox adına medalı, 2020 Azərbaycan Həmkarlar İttifaqı İcraiyyə Komitəsi tərəfindən "Həmkarlar ittifaqında xidmətlərinə görə" medalı, "Dədə Qorqud" Milli Fondu tərəfindən "Vətən Övladı" ordeni ilə təltif edilmişdir. 600-dən artıq elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 46 dərsliyin, 23 tədris-metodik vəsaitin, "İnsan anatomiyası üzrə Atlas"ın, Azərbaycan, rus, ingilis və latın dillərində "Anatomik terminologiya"nın müəllifidir. Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədrinin müavini, Əməkdar elm xadimi Vaqif Şadlinski Rusiyanın elmi təşkilatları ilə məhsuldar əməkdaşlığa və morfologiya sahəsində tibb elminin inkişafına əhəmiyyətli töhfə verməsinə, eləcə də yubileyi ilə bağlı Rusiya Elmlər Akademiyasının fəxri fərmanına layiq görülüb.

Onun həyat hekayəsi Qərbi Azərbaycanın ab-havasından, o torpağın tarixə qarışmış hər qarışından başlayır. Doğma yurdu Qərbi Azərbaycan onun üçün yalnız bir coğrafi məkan deyil, həyatının mənası, qəlbinin sızlayan yarasıdır.

Elmə olan bağlılığı, insanlara yardım etmək arzusu Vaqif müəllimi böyük bir alim kimi yetişdirdi. O, tibb sahəsində mühüm kəşflərə, araşdırmalara və töhfələrə imza atdı. İnsan həyatını qurtarmağa, sağlamlığa yol açmağa yönəlmiş çalışmaları ilə elm dünyasında tanındı və sevilərək böyük hörmət qazandı. Lakin Vaqif Şadlinskinin böyüklüyü yalnız elmi uğurlarında deyil. O, həm də mənəviyyat və vətənpərvərlik rəmzidir. O, Abbasqulu Şadlinskinin – Azərbaycan xalqının tarixində qəhrəmanlıq dastanları ilə xatırlanan bir igidin nəslinin ən layiqli davamçılarındandır. Abbasqulu Şadlinskinin cəsarəti və ədalət hissi Vaqif müəllimin mənəviyyatında öz əksini tapıb, desək, yanılmarıq.

Doğma Qərbi Azərbaycan həsrətinin böyük alimin bütün varlığını bürüdüyünü görmək, hiss etmək çətin deyil. Bu həsrət onun sətirlərində, çıxışlarında, hətta susqun anlarında belə duyulur. Bu gün də Qərbi Azərbaycandan danışanda artıq yaşının ən müdrik çağında olan el ağsaqqalının səsi titrəyir. Vətən nisgili onu hər keçən gün daha da kövrək edir. Lakin yaşadığı həsrətə, keçdiyi keşməkeşli yollara baxmayaraq, bu gün də inanır ki, tezliklə Qərbi Azərbaycandakı evlərimizin işığı yenidən yanacaq və həmin o torpaqlardan bir gün ayaqyalın qovulmuş azərbaycanlıların haqqı mütləq bərpa olunacaq.

Haqqında mətbuatdan eşitdiyim, televiziya ekranlarından izlədiyim, xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrinə imza atmış bir şəcərənin ləyaqətli davamçılarından olan bu şəxsiyyətin  ömür yolunu hər zaman heyranlıqla izləmişəm. Eyni el-obanın mənsubu kimi xarakterində, duruşunda bir doğmalıq axtarmışam. Bu illər ərzində şəxsi tanışlıq nəsib olmayıb. Ona görə də Vaqif müəllim, mənə hər zaman uzaqdan görünən, əlçatmaz DAĞ təsirini bağışlayıb. Bəlkə də elə Ağrı dağa bənzətmişəm. Axı, nə vaxtsa Ağrı dağın ətəyində, Ağrı vadisində kök salmış eyni obanın insanları olmuşuq. Bəlkə də Vətəndə qalsaydıq, daha tez tanış olardıq. Qismət bu günə imiş. Ən dəqiq tarixi də deyə bilərəm – 24 dekabr 2022-ci il. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan İcması adlı,  hamımızın Ata Ocağı adlandırdığı qərbi azərbaycanlıların  Bakıdakı ümumi  evinə təşrif buyurduğu gün. Hər keçən gün daha yaxşı anlayırıq bu günün nə qədər möhtəşəm, tarixi və gələcəyə hesablanmış olduğunu. Məhz həmin gündən bizim hamımızın həyat hekayəmiz başqa olub. Ağsaqqalımızı, ziyalımızı, şəxsiyyətlərimizi daha yaxından, daha dərindən tanımağa başlamışıq. Elə bil heç didərgin düşməmişik. Vaqif müəllimə də o gündən dağa sarı gedən adam kimi yaxınlaşmışdım. Bizim tərəfin adamlarının zəhmi ağır olur. Babamdan, atamdan bilirəm. Hər adama yanaşmazlar. Biz vedililər üçün Şadlinski soyadının zəhmi də bir başqa ağır olduğundan həmin o görünən dağa tərəf ehtiyatla gedirdim. Bu da qismətimə yazılan şərəfli səhifədir ki, Vaqif müəllimlə  ünsiyyət qura bildim  və hətta doğmalaşdıq. Eyni elin, obanın sadə insanları kimi. Kənardan zəhmli, əlçatmaz gördüyüm Vaqif Şadlinskini,  bu dəfə Vətən həsrətiylə alışıb yanan, Vedinin adı çəkiləndə gözləri dolan, təəssübkeş, fədakar, mərd, cəsarətli, məğrur olduğu qədər, ən zərif, incə tellərədək dərin və kövrək bir insan kimi  kəşf etdim. Gec oldu, amma gecikmədik.

Bu gün  professor Vaqif Şadlinski 85 illik yubileyini qeyd edir. Lakin bu yubiley təkcə onun elmi uğurlarının deyil, həm də həyat yolunun, vətəninə və xalqına xidmətinin təntənəsidir. Onun fəaliyyəti, adı və irsi elə bir dəyərdir ki, yalnız bu gün deyil, gələcək nəsillər üçün də yol göstərəcək.

Bu gün biz Vaqif Şadlinskinin 85 illik yubileyini qeyd edərkən, gözlərimiz önündə yalnız bir alimi yox, həm də vətən sevgisinin, elmi fədakarlığın və bəşəri dəyərlərin zirvəsində ucalan bir insanın məğrur heykəlini canlandırırıq.  Onun adı, irsi və ideyaları  xalqımızın yaddaşında əbədi yaşayacaq.

Vaqif Şadlinskinin həyatı bizə bir də onu göstərir ki, Vətən sevgisi ilə yoğrulmuş bir ömür heç vaxt unudulmur. Onun hər uğuru, hər təltifi – xalqı üçün çaldığı zəfər marşı kimi səslənir. Bu zəngin irsi yaşatmaq, təbliğ etmək isə  bizim vəzifəmizdir, çünki o, yalnız bir alim deyil, həm də milli ruhun simvoludur.

Biz sizinlə güclüyük, ağsaqqal! Çox yaşayın, hələ qarşıda Ağrı dağın ətəyində toplanmaq var.

Lamiyə Rövşənqızı,
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, jurnalist