24 yanvar 2025 23:57
97

Qəhrəmanlar unudulmur

Respublikamızda 1995-ci ilin məlum mart hadisələri başlayanda Astara elinin igid oğlu Yalçın Nəsirov Vətənini, xalqının xoşbəxt gələcəyini öz canından üstün tutdu. Bu yolda şəhid olaraq ədəbi ürəklərdə yaşamaq üçün əlçatmaz, ünyetməz göylərə ucaldı. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı əsasında ömrünü doğma Vətəninə verən Yalçın Nəsirov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Rayonda cəsur, igid döyüşçünün adına orta məktəb var, qəhrəmanlar bağında onun büstü ucalır. Ölümsüzlüyə qovuşan Yalçın Nəsirov cismən bu dünyadan getsə də, həmişə astaralılar adını qürurla çəkir, onunla fəxr edirlər.

Bu günlər 49 yaşının tamamında Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun doğum günü münasibətilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Rüdəkənar kənd ümumi orta məktəbin müəllim və şagirdlərinin qatıldığı tədbirdə əvvəlcə Vətən yolunda can qoyan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev tədbiri açaraq deyib:- Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir. Qəhrəmanlar ölümü gözə alaraq vuruşub, şəhid olublar. Buna görə də onların heç birini unutmaq olmaz. Qəhrəmanlar bizim qürur mənbəyimizdir

Sonra mövzu ətrafında çıxışlar dinlənilib, şagirdlərin ifasında Vətənə, qəhrəmanlığa yazılmış şerlər səslənib.

Şagirdlər əl işlərini muzeyə hədiyyə etməklə tədbir başa çatıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü