12 fevral 2016 20:16
227

İqtisadiyyat naziri britaniyalı həmkarı ilə görüşüb

Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev Londonda britaniyalı həmkarı, Böyük Britaniyanın Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Modla görüşüb.

Nazirliyin mətbuat xidmətindən “İki shail”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ş.Mustafayev ölkələrimiz arasında mövcud qanunvericilik bazasının iqtisadi əlaqələrin daha da inkişafına imkan yaratdığını diqqətə çatdırıb, hazırda Azərbaycan və Böyük Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq etdiyini vurğulayıb: “Britaniya sərmayəli şirkətlər ölkəmizdə uğurla fəaliyyət göstərirlər. İndiyədək Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 23 milyard ABŞ dollarından çox investisiya yatırılmışdır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclər Böyük Britaniya universitetlərində təhsil alırlar. Böyük Britaniyada qeydiyyatdan keçmiş Azərbaycan təşkilatlarının fəaliyyəti, o cümlədən 2009-cu ildə yaradılmış Britaniya-Azərbaycan Biznes Şurası, eləcə də iş adamlarının iştirakı ilə keçirilmiş biznes forumlar və investisiya sammiti ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır”.

Görüşdə nazir Şahin Mustafayev investisiya, ticarət, sənaye, turizm, İKT, enerji, ekologiya və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

F.Mod isə Hökumətlərarası Komissiyanın iclası və ikitərəfli görüşlər çərçivəsində aparılan müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

Görüş zamanı nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Böyük Britaniya şirkətlərinin siyahısını Fransis Moda təqdim edərək, bunun yolverilməz olduğunu, Böyük Britaniya hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.

Məhərrəm Ağalaroğlu