Azərbaycanda hər kəs öz evinin damında və ya həyətyanı sahəsində günəş panelləri quraşdırıb istifadə edə bilər. Bu imkan “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” çərçivəsində təmin edilir. Qaydalara əsasən, aktiv istehlakçılar günəş panelləri, kiçik külək turbinləri və digər bərpa olunan enerji qurğularını quraşdıraraq maksimum 150 kVt gücə qədər elektrik enerjisi istehsal edə bilərlər.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov İqtisadiyyat.az-a müsahibəsində qeyd edib.
Onun sözlərinə görə aktiv istehlakçılar artıq qalan yaşıl enerjini elektrik təchizatı şəbəkəsinə ötürməklə həm enerji xərclərini azaldır, həm də şəbəkəyə enerji sataraq əlavə gəlir əldə edirlər. Ay ərzində istehlakdan artıq qalan elektrik enerjisi şəbəkəyə ötürülür və ilin sonuna qədər balans şəklində toplanır. Əgər ilin sonunda balans müsbət qalırsa, qalıq elektrik enerjisinin dəyəri istehlakçının bank hesabına ödənir. Şəbəkəyə ötürülən və şəbəkədən alınan elektrik enerjisini dəqiq ölçmək üçün müasir ikitərəfli sayğaclar quraşdırılır.
Sadiq Qurbanov vurğulayıb ki, heç kim günəş panellərindən istifadə etmir demək bir qədər reallığı əks etdirmir. Ölkəmizdə həm fərdi şəxslər, həm sahibkarlar, həm də dövlət müəssisələri arasında günəş enerjisindən istifadə edənlər var. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu texnologiya uğurla tətbiq edilir və sakinlər üçün elektrik enerjisinə olan xərcləri əhəmiyyətli dərəcədə azaldır. Başqa bölgələrimizdə də günəş panellərinin istifadəsi sürətlə artacaqdır.
Artıq bazarda günəş panellərinin satışını, quraşdırılmasını və texniki xidmət göstərilməsini təklif edən özəl şirkətlər də mövcuddur. Bu şirkətlərə müraciət etdiyiniz halda onlar sizin enerji ehtiyaclarınıza uyğun həll yolları təklif edirlər. Günəş panellərinin əhali üçün faydalı olub-olmaması məsələsinə gəldikdə, birmənalı şəkildə qeyd edilməlidir ki, faydalıdır. Lakin bu, hər bir fərdi hal üçün faydalar ayrıca hesablanmalıdır. Günəş panellərinin fəaliyyət dövrü təxminən 25 ildir ki, bu da uzunmüddətli investisiya deməkdir. Panellərin ilkin qiyməti istehsalçı və modeldən asılı olaraq dəyişir. Buna görə də bazardakı mövcud qiymətlər araşdırılaraq, bu investisiyanın enerji xərclərini necə optimallaşdıracağını hesablamaq lazımdır.
Eyni zamanda, müvafiq sahədə məlumatlandırma işləri mütəmadi olaraq həyata keçirilir. Həm televiziya kanallarında yayımlanan müsahibələr, həm də sosial media platformalarında yayılan postlar, videolar bu istiqamətdə maarifləndirməyə xidmət edir. Media nümayəndələrinin isə bərpa olunan enerji istifadəsinin üstünlüklərini təşviq edən faliyyəti ilə bu prosesdə rolu əvəzsizdir.
Komitəsinin sədri qeyd edib ki, Azərbaycan coğrafi mövqeyi və təbii resursları baxımından bərpa olunan enerji mənbələri ilə zəngindir. Günəş, külək, su və bioenerji kimi təbii mənbələr ölkəmizin enerji tələbatının nəzəri olaraq tam qarşılaması gücünə malikdir. Belə ki, hazırda enerjisistemin ümumi qoyuluş gücü 8.5 QVt-dan az olduğu halda, təkcə quruda bərpa olunan enerji potensialı 27 QVt-dan çox qiymətləndirilir. Azərbaycanın günəş enerjisi potensialı 23 QVt-dır və xüsusilə cənub bölgələrində və Naxçıvanda günəşli günlərin sayı, həmçinin səthə düşən radiasiyanın miqdarı yüksəkdir ki, bu da günəş enerjisi istehsalını rentabelli edir. Külək enerjisinin potensialı təxminən 3 QVt-dır. Xəzər dənizi sahilləri külək enerjisi istehsalı üçün əlverişli şəraitə malikdir.
Bununla belə, hazırda dünyanın heç bir yerində 100% bərpa olunan enerjiyə keçid təcrübəsi yoxdur. Çünki, günəş və külək enerjisinin təbii şəraitdən asılılığı və fasilələrlə fəaliyyət göstərməsi, enerji saxlanc texnologiyalarının çatışmazlığı və kifayət qədər inkişaf etmiş olmaması, şəbəkənin uyğunlaşdırılması və rezerv mənbələrə ehtiyac kimi problemlər bunu çətinləşdirir. Bu çağırışlara qarşı texnika və texnologiyalar inkişaf etdirilir, ağıllı enerji idarəetmə sistemləri tətbiq edilir. Uzunmüddətli perspektivdə bu səylər 100% bərpa olunan enerji hədəfinə yaxınlaşmağa mühüm töhfə verə bilər.