27 yanvar 2025 20:23
537

Bu qayıdışın qarşısını almaq nə Ermənistanın, nə də onun havadarlarının gücündə deyil! - Əziz Ələkbərli

Biz qarşımızdakının kim olduğunu yaxşı bilirik

Aydındır ki, Azərbaycana və xalqımıza qarşı yüzillər boyu işğalçılıq, düşmənçilik, pataloji nifrət mövqeyində dayanan, Xocalı faciəsini törədən bir toplum birdən-birə dönüb mələk olmayacaq ki…

“İki sahil”in müsahibi Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlidir.

 - Əziz müəllim, Qərbi Azərbaycan İcmasının Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmçinin onların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi ilə bağlı gördüyü işlər haqqında oxucularımıza məlumat verməyinizi istərdik…

  -Soydaşlarımızın Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından son 200 ildə, o cümlədən son 100 ildə, xüsusilə sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə ermənilər tərəfindən kütləvi şəkildə deportasiyası tarixi faktdır. Lakin çox təəssüf ki, bir sıra ermənipərəst dövlətlər və beynəlxalq təşkilatlar nəinki bu faktı etiraf etmək istəmir, üstəlik, xalqımıza qarşı davamlı olaraq soyqırımı, insanlıq əleyhinə cinayət törədən erməniləri hər vəchlə müdafiə edirlər. Bu, nəinki haqsızlıqdır, əslində, vicdansızlıqdır, şərəfsizlikdir, irqçilikdir, insanlığa qarşı düşmənçilikdir. Bu, onların xislətidir və biz onlardan bundan artığını gözləmirik də. Bununla belə, elindən-obasından qovulan soydaşlarımızın və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmçinin onların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi ilə bağlı bütün dinc üsul və metodlarla mübarizəmizi aparırıq, Qərbi Azərbaycanın hər qarışına qayıdana qədər də aparacağıq. Bu istiqamətdə son iki ildə əhəmiyyətli dərəcədə işlər görmüşük. Bu barədə saatlarla danışmaq olar. Amma bir neçə faktı bir daha xatırlatmaq istəyirəm. Son iki ildə Qərbi Azərbaycan İcmasının səkkiz rəsmi sənədi BMT-nin rəsmi sənədi kimi BMT-nin üzvü olan bütün dövlətlər arasında yayılıb və biz ilk dəfə olaraq Qərbi Azərbaycan həqiqətlərini dünya ölkələrinin diqqətinə çatdıra bilmişik. İkincisi, ölkəmizdə və xaricdə bir çox beynəlxalq konfranslar keçirmişik və bu konfranslarda ən müxtəlif ölkələrin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakını və çıxışını təmin etmişik. Avropa İttifaqı Şurasının Prezidentinin, UNESCO-nun Baş direktorunun məsələyə münasibət bildirməsinə, İslam Əməkdaşlıq Təşkilatının dəstək qərarına nail olmuşuq. Belə demək mümkünsə, beynəlxalq arenada fəaliyyətimizin aktiv fazasına keçmək üçün sağlam təməl atmışıq.

- Qərbi Azərbaycan İcması qayıdış hədəfinə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaq üçün çalışır. Bəs bu istiqamətdə Ermənistanın fəaliyyətini necə dəyərləndirməliyik? 

 -Tamamilə haqlısınız. Biz hədəfimizə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nail olmaq istəyirik. Bu məsələdə Ermənistanın hansı mövqedə dayanacağını da qabaqcadan bilirdik. Aydındır ki, Azərbaycana və Azərbaycan xalqına qarşı yüzillər boyu işğalçılıq, düşmənçilik, pataloji nifrət mövqeyində dayanan, Xocalı faciəsini törədən bir toplum birdən-birə dönüb mələk olmayacaq ki. Biz qarşımızdakının kim olduğunu yaxşı bilirik. Amma yenə də insanlıq göstərib, onlara bizimlə dinc yanaşı yaşamaq şansı veririk. Bəlkə də başqa xalq onlara bu şansı verməzdi, amma biz veririk. Həm də biz onlara bu şansı onların özlərinə görə vermirik, övladlarımız yeni müharibədə həlak olmasın, bölgəyə sülh, əmin-amanlıq gəlsin deyə veririk. Ümid edirik ki, bu dəfə onlar bunu anlayacaq, anlamayacaqlarsa, elə erməni olaraq da qalacaqlar. Biz isə öz ata-baba yurdlarımıza qayıtmağın yolunu tapacağıq.

 - Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə sizin rəhbərliyinizlə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.Təşəbbüs Qrupunun fəaliyyətindən gözləntilərinizi, təkliflərinizi bizimlə bölüşməyinizi istərdik.

 - Bəli, Milli Məclisdə mənim rəhbərliyimlə 13 nəfərdən ibarət Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. Bu Qrupu yaratmaqda məqsədimiz soydaşlarımızın Qərbi Azərbaycana qayıdış hüququnun beynəlxalq müstəviyə daşınmasında parlament diplomatiyasının imkanlarından daha səmərəli istifadə etməkdir. Bildiyiniz kimi, Milli Məclisin dünyanın 100-dən artıq ölkəsinin parlamentləri ilə işçi qrupları fəaliyyət göstərir, deputatlarımız mütəmadi olaraq beynəlxalq tədbirlərdə iştirak və çıxışlar edir, müxtəlif ölkələrin parlamentariləri ölkəmizə rəsmi səfərə gəlir. Biz bütün bu imkanlardan məqsədyönlü istifadəni vacib bilirik.

 - Qərbi Azərbaycan İcması “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransı keçirdi. Bu konfransın əhəmiyyəti ilə bağlı fikirləriniz...

 - 24 dekabr 2022-ci ildə cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasındakı tarixi çıxışında verdiyi tövsiyələrdən biri də Bakıda ildə bir dəfə beynəlxalq konfransın keçirilməsi barədə idi. Biz ilk belə tədbiri 2023-cü ilin dekabrında keçirdik və bu tədbirdə 28 ölkədən 44 nümayəndə iştirak etdi. İkinci beynəlxalq konfrans isə 2024-cü ilin dekabrında keçirildi və bu dəfə 51 ölkədən 100-dən artıq nümayəndə iştirak etdi. Fərq göz qabağındadır. Həm də bu dəfə məruzəçilərin hamısı xarici ölkələrin nümayəndələri idi. İki gün davam edən konfransda biz iştirakçıları Qərbi Azərbaycanın mədəni irsi ilə də tanış edə bildik.

 - Avropa Parlamentinin və qeyrilərinin Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik aparan, bölgədə yenidən münaqişə yaratmağa xidmət edən cəhdlərini və bu mənfur əməllərinə “insan hüquqlarının müdafiəsi” donu geyindirmək cəhdlərinə qarşı Qərbi Azərbaycan İcması necə mübarizə aparır?

 - Adını çəkdiyiniz qurumların Azərbaycana qarşı atmış olduqları bütün ədalətsiz addımlara qarşı İcmamız dərhal reaksiya verir. Bu günə qədər 300-dən artıq bəyanatımız, müraciətimiz lazımi ünvanlarına çatdırılıb. Belə qurumların bir milyondan artıq azərbaycanlının 30 ildən artıq qaçqın, məcburi köçkün həyatı yaşamasına, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsinin yer üzündən silinməsinə, minlərlə mədəni irs nümunəsinin məhv edilməsinə göz yumaraq öz mənfur əməllərinə “insan hüquqlarının müdafiəsi” donu geyindirmək cəhdləri isə həyasızlıqdan başqa bir şey deyil. Bir ovuc cinayətkar erməninin “insan hüquqlarından” ağzı köpüklənə-köpüklənə danışan bu qurumlar yaxşı olardı ki, Qərbi Azərbaycan qaçqınlarının dinc yolla öz evlərinə geri dönməsi barədə düşünəydilər. 

- Qarşıdakı dövr üçün İcma fəaliyyətində hansı məqsəd və hədəfləri müəyyənləşdirib?             

   - Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcmasının əsas fəaliyyət sənədidir və bu sənəddə qaçqın soydaşlarımızın Qərbi Azərbaycandakı ata-baba yurdlarına qayıdışının bütün detalları, o cümlədən məqsəd və hədəfləri ehtiva olunub. Biz də bu Konsepsiyanı maddə-maddə həyata keçirir, məqsədimizə addım-addım yaxınlaşırıq. Bu qayıdışın qarşısını almaq nə Ermənistanın, nə də onun havadarlarının gücündə deyil!

Yaqut Ağaşahqızı,
Vüsal Cahanov (foto) “İki sahil”