31 yanvar 2025 23:45
108

Məktəb ikinci evimizdir

Məktəb uşaqların təhsilində və Vətənə layiqli övladlar kimi yetişməyində əvəzsiz rola malikdir. Gənclər məhz bu müqəddəs ocaqdan həyata vəsiqə alırlar. Buna görə də əsl vətəndaş kimi yetişməyimizdə böyük rolu olan müəllimlərimizin əməyini heç zaman unutmarıq.

Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 156 nömrəli tam orta məktəb də dövlətimizin siyasətinin həyata keçirilməsinə öz töhfələrini verən təhsil müəssisələrindən biridir. Məktəb fəaliyyətə 1935-ci ildə başlamışdır. Onun binası 1941-1945-ci illərdə hospital kimi istifadə olunmuşdur. Həmin illərdə  məktəb öz fəaliyyətini hərbi-komissarlığın binasında davam etdirmişdir. O dövrdə rayonda (Əzizbəyov rayonu) heç bir məktəbdə tam orta təhsil səviyyəsi olmadığından bütün yaxın qəsəbələrdən bu məktəbə tam orta təhsil almaq üçün şagirdlər gəlmişlər.

Məktəb 2007-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına tamamilə məktəb yenidən qurulmuşdur. Hazırda məktəb iki növbəli, 5 günlükdür. Burada 1927 şagird təhsil alır və onlar 72 sinifdə komplektləşdirilmişdir.  Məktəbin 105 nəfərlik pedaqoji heyəti (onlardan 100 nəfəri daimi əsaslarla çalışan) və 31 nəfər texniki işçi var. Elm və Təhsil Nazirliyi tərəfindən aparılan Sertifikasiyada məktəbin 47 müəllimi iştirak edib və onlardan 30 nəfər 50-dən yuxarı bal toplamışdır. Kollektivdə gənc kadrların sayı çoxluq təşkil edir.

Son dövrlərdə məktəb bir çox nailiyyətlər qazanıb. Bu təhsil ocağını qızıl medalla, fərqlənmə attestatları ilə bitirən,  respublika fənn olimpiadalarında qalib gələn, ali məktəblərə qəbul imtahanlarında 500-600-dən yuxarı bal toplayaraq Azərbaycanın  və dünyanın aparıcı ali məktəblərinə daxil olan, idman sahələrində böyük nailiyyətlər qazanan şagirdləri də xeyli saydadır. Müəllim və şagird heyəti elan olunan çox layihələrdə və müsabiqələrdə fəal iştirak edərək təltif olunublar.

Ötən tədris ilində ali məktəblərə sənəd verən 61 şagirddən 35 nəfəri ali məktəblərə, o cümlədən məzun Leyla Əlihümbətova  yüksək nəticə əldə edərək ilk dəfə tədrisə başlayan Qarabağ Universitetinə qəbul olunmuşdur. Məktəbin XI sinif şagirdi Fərid Mirzəzadə Beynəlxalq Amerika Riyaziyyat Olimpiadasında bürünc, IX sinif şagirdi Kamil Şahbazlı VIII fənn müsabiqəsində biologiya fənni üzrə bürünc, XI sinif şagirdi Fateh Əliyev Beynəlxalq Kopernik Olimpiadasında bürünc, Milli İqtisadiyyat Olimpiadasında XI sinif şagirdləri Ayan Ağayeva qızıl, Kübra Əliyeva gümüş medallar qazanmışlar.

Məktəbin idmançıları da böyük uğurlar əldə etmişlər. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq "Təhsil" turnirində  Orxan Həbibli I yerə layiq görülüb. Yeri gəlmişkən qeyd edilməlidir ki, məktəbin komandası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən Bakı şəhəri rayonlarının ümum təhsil məktəblərinin müəllimləri arasında keçirilən voleybol yarışında birinci yer tutaraq diploma və Kuboka layiq görülüb.   

Məktəbin 27 nəfər məzunu Vətən müharibəsində böyük şücaətlər göstərmiş, medallarla təltif olunmuşlar. Hazırda məktəbin foyesində yerləşən Zəfər Muzeyində şəhid və Vətən müharibəsi iştirakçıları haqqında məlumat və şəkillər əks olunmuşdur. Ötən ilin dekabr ayında  bu tədris ocağında məktəbi qurtaran  bir qrup Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü ilə görüş keçirilmişdir. Çıxış edən qazilər onların rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını, diqqət və qayğı ilə əhatə olunduqlarına görə ölkənin başçısına minnətdarlıqlarını ifadə edib, rəy və təkliflərini bildiriblər. Tədbirdə məktəbin şəhid məzunlarının va­lideynlərinin təsirli çıxışları iştirakçı­ları kövrəltməklə yanaşı, hamıya qürur hissi yaşatmışdır. Onlar məktəb kollektivi­nin doğma münasibətini hər an hiss et­diklərini qeyd edərək həm övladları, həm də övladlarının oxuduqları mək­təblə qürur duyduqlarını söyləmişlər. Müzakirələr çərçivəsində məktəbdə keçirilən hərbi hazırlıq dərslərinə, şagirdlərin vətənpərvərlik tərbiyəsi ilə bağlı təşkil olunan tədbirlərə müharibə veteranların dəvət və iştirak etməsinin vacibliyi ilə bağlı təkliflər səslənmisdir. Sonda gələn qonaqların iştirakı ilə məktəbin müəllimləri və şagirdləri ilə birgə həyətyanı sahədə ağac əkmək aksiyası keçirilmişdir.    

Ümumiyyətlə, təhsil müəssisəsində maarifləndirmə işlərinə xüsusi diqqət göstərilir. Məktəblilərin və valideynlərin mina təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə böyük ehtiyac duyulduğunu nəzərə alaraq bu istiqamətdə bir sıra tədbirlər keçirilmişdir. Hərbi rəhbər Lətif Bilalov tərəfindən müəllimlərlə, şagirdlərlə və onların valideynləri ilə minalar və partlamamış hərbi sursatlar barəsində və fövqəladə hallarda davranış qaydaları ilə tanış etmək məqsədilə maarifləndirici görüşlər keçirilmişdir.

Bundan başqa, keçən ilin dekabrında Elm və Təhsil, Fövqəladə Hallar nazirliklərinin birgə hazırladıqları “Yaddaş-təlimat kitabçası”nda qeyd olunan tövsiyələrdən irəli gələn vəzifələrin  icrası ilə əlaqədar yuxarı sinif şagirdləri üçün açıq dərslər təşkil olunmuşdur. Tədbirdə həmin nazirliklərin nümayəndələri də iştirak etmişlər.

Məktəbin direktoru Gülər İsmayılova görülən işlər, əldə olunan nailiyyətlər və gələcək planlar barədə danışarkən bildirmişdir ki, 90 illik yubileyinə hazırlaşan məktəb şagird və müəllim heyəti üçün həmişə doğma bir ocaq, ev olub. Bu gün də məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi, sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması məqsədi ilə daim valideynlərlə sıx əməkdaşlıq edilir. Mütəmadi olaraq valideyn iclasları təşkil olunur, valideynlərin təklif və iradları dinlənilir, müvafiq qərarlar qəbul edilir. Valideyn-məktəb münasibətlərini inkişaf etdirmək üçün tədbirlər görülür, valideynlər üçün “Açıq qapı” günləri təşkil olunur.

R.Ağadədəbəyov