Qərbi Azərbaycan İcması Gənclər Şurasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda toplantı keçirilib.
“İki sahil” xəbər verir ki, toplantıda İcmanın idarə heyəti ilə yanaşı, deputatlar, aktiv sosial-ictimai fəaliyyəti olan gənclər və media mənsubları iştirak edib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli tədbiri açıq elan edərək bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır.
“Deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin nəsildən-nəsilə ötürülməsinin məhz gənclərin bu həqiqətlər barədə olan biliklərinə əsasən baş verir”, - o qeyd edib.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanlı isə öz növbəsində Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinə toxunub.
“Gənclərin dövlət dəstəyi ilə dünyanın aparıcı ali məktəblərində təhsil alması bu siyasətin bir parçasıdır”, - Ə.Əmiraslanov vurğulayıb.
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov gənclərin istər təmsil olunduqları platformalar, istər sosial media, istərsə də digər ölkələrdəki fəaliyyətləri zamanı Qərbi azərbaycanlıların ötən əsrdə üzləşdikləri deportasiya və soyqırımlarla bağlı həqiqətləri çatdırmaları, aparılan işdə önəmli rola malik olmasına diqqət çəkib.
Şura sədri Qərbi Azərbaycana qayıdış məsələsindən də danışıb:
“Bu torpaqlar bizim və ata-babalarımızındır. Bizim yaxınlarımızın məzarlarını ziyarət etmək hüquqlarımız var, yaxınlarımızın, doğmalarımızın gəncliyi orada keçib. Bu ərazi iddiası deyil, buna insan hüquqları çərçivəsindən yanaşmaq lazımdır”.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı təşkilatın Qərbi Azərbaycan İcması ilə birlikdə bu istiqamətdə gördüyü fəaliyyətə toxunub, gənclərin təşkil edilən bütün tədbirlərdə aktivlik göstərdiyini vurğulayıb.
Yekunda əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan 15 gəncin eləcə də İcma ilə səmərəli əməkdaşlığa görə 10 gənclər təşkilatının mükafatlandırılması həyata keçirilib.
Ardınca İcmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə üzvlük vəsiqələri təqdim edilib.