03 fevral 2025 14:39
110

Belçikalı deputatlar Azərbaycan xalqına qarşı törədilən cinayətləri görməzdən gəlirlər

Belçika Krallığında bir neçə aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurmuşdur. Adından da göründüyü kimi saziş Belçikada hökumətin qurulması ilə bağlı olsa da, qəribədir ki, bu sənədin mətnini razılaşdıran siyasi qüvvələr məsələnin mahiyyətindən tamamilə kənara çıxaraq, Azərbaycan və azərbaycanlılara qarşı qərəzli və ayrı-seçkilik xarakterli müddəalar daxil ediblər.

Belə ki, koalisiya sazişində “dağlıq qarabağ” kimi ifadələrdən istifadə etməklə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə cəhd edilib. Bundan başqa, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır.

Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisinin burada qalması, yaşaması, ölkə vətəndaşlığını qəbul etməsi üçün hər cür şərait yaradılmışdı. Onların Azərbaycan Respublikası pasportları ilə təmin edilməsi üçün hətta 3 dildə onlayn portal açılmaqla yanaşı, ASAN xidmət və miqrasiya xidməti də burada fəaliyyət göstərirdi. Lakin Qarabağın erməni əhalisinin burada qondarma rejim tərəfindən uzun müddət girov saxlanılması, həmçinin Azərbaycanın vətəndaşlığını qəbul etməkdən imtina edərək buradan köç etmələri könüllü əsaslarda baş tutub.

Azərbaycan ərazisində yaşamağın şərtləri aydındır: Azərbaycanın Respublikasının qanunlarına hörmət etmək və onlara verilən hüquqlar çərçivəsində yaşamaq.  

Belçika deputatları Azərbaycan xalqına qarşı törədilən cinayətləri isə görməzdən gəlir. Qərbi Azərbaycandan XX əsrdə dörd böyük deportasiyaya məruz qalmış və bu deportasiyalar yaddaşımızda acı izlər buraxmışdır. Ermənistan silahlı qüvvələrinin işğalı illərində Azərbaycanda 1,5 milyon mina basdırılıb, 250 min hektardan çox ərazi hələ də mina və partlayıcı sursatlarla çirklənmiş təhlükə zonası hesab olunur. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Minaların təmizlənməsi uzun illər çəkə bilər ki, bu da münaqişədən sonrakı reabilitasiya və yenidənqurma işlərinə təsir göstərir. Bütün bunlar 700 mindən çox keçmiş azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtmasını çətinləşdirir. Ermənistan tərəfindən təqdim edilən mina xəritələri isə qeyri-dəqiqdir.

Bəlkə Belçika Parlamenti Belçikanın müstəmləkə keçmişi və qarışıq irqdən olan şəxslərə və onların ailələrinin məruz qaldıqları dərin iztirabları aradan qaldıqmaq üçün təşəbbüslərlə çıxış etsin? Bəlkə onlar 60 il ərzində dəymiş zərərin məbləğini hesablasın və ya bu xalqlara mənəvi dəstək olsun?

1908-1960-cı illərdə Afrikanın Konqo, Ruanda, Burundi kimi ölkələri Belçikanın irqçi və müstəmləkəçi siyasətinin qurbanı olub. Bu siyasətdən təsirlənənlər Belçika hökumətindən maddi və mənəvi təzminat tələb edirlər. Qəddar Belçika kralı II Leopold milyonlarla Afrikalını qətlə yetirərək əraziləri öz müstəmləkəsi edib. Belçika hökuməti qanlı müstəmləkə tarixinin fəxri kimi ölkənin bir neçə yerində Kral Leopoldun abidəsini ucaldıb, bu isə Belçikada yaşayan afrika kökənli insanların qəzəbinə səbəb olub, onlar bunu özlərinə təhqir sayıblar. Nəticədə abidələrə vandalizm aktları törədilib. Etirazlar nəticəsində bir neçə abidə sökülüb.

Ötən ilin dekabr ayında Brüssel Apellyasiya Məhkəməsi qərar verib ki, Belçika dövləti Afrika ilə bağlı ölkənin müstəmləkə keçmişi ilə bağlı məhkəmə işində qaradərili analarından körpəlikdə alınan beş qarışıq irqli 70-80 yaşlı qadının işi üzrə məhkəmədə onlara maddi təzminat ödənilsin. Lakin onlar uşaqlıqda yaşadıqları travmanın heç bir maddi qarşılığı olmadığını bildiriblər.

1908-1960-cı illərdə Konqonu idarə edən Belçika səlahiyyətliləri tərəfindən körpələr ailələrdən qoparılaraq dini qurumlara və evlərə yerləşdiriliblər, bununla da bəşəriyyətə qarşı cinayət törədib. Məqsədyönlü şəkildə irqlər qarışdırılaraq “metis”lərin dünyaya gəlməsi və sonrasında onların Afrikalı analarından zorla ayrılır, müəssisələrə yerləşdirilir və ya Belçika ailələri tərəfindən övladlığa götürülürdü – məqsəd bir irqin, milli kimliyin, irsin məhv edilməsinə  yönəlmişdi. Bu siyasət onları Belçika cəmiyyətinə assimilyasiya etmək məqsədi daşıyırdı, mədəni identikliyin itirilməsi cəhdləri isə böyük travma ilə nəticələnib.

1960-cı ildə Konqo, Burundi və Ruanda müstəqillik əldə etməsinə baxmayaraq onun iqtisadi, sosial problemləri müstəmləkəçiliyin ağır irsi hələ də özünü müxtəlif sahələrdə göstərir.

Hazırda isə Belçika deputatları bu sazişlə öz regionundan kənarda yerləşən bir ölkənin ərazi bütövlüyü və suverenliyinə xələl gətirməyə çalışırlar. Azərbaycan daima haqlı mövqedə olmuş və haqlının yanında olmuşdur. Müstəmləkə irsindən əziyyət çəkən xalqlara dövlətimiz Qoşulmama Hərəkatına sədrliyi dövründə öz dəstəyini ifadə edib, bundan sonra da edəcəkdir.

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı