Yerin altında metro, üstündə tramvay, şəhərətrafı elektrik qatarı…
Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyev Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramını təsdiq edib. Dövlət Proqramı Bakı şəhərinin Baş planına (2020–2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.
Dövlət Proqramı ekoloji təmiz, komfortlu, təhlükəsiz, dayanıqlı nəqliyyata təminat verəcək
Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Proqram paytaxt və ətraf ərazilərdə sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, mobillilik təmin olunacaq, ekoloji cəhətdən innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və şəhərin iqtisadi rifahın artmasına şərait yaradacaq.
Səfər planlamasını asanlaşdırmaq və daha çevik həllər təqdim etmək
Dövlət Proqramında nəzərdə tutulan bəzi məqamları “İki sahil”ə şərh edən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, mobillik xidmətinin məqsədi istifadəçilərə müxtəlif nəqliyyat növlərini bir platformada birləşdirərək səfər planlamasını asanlaşdırmaq və daha çevik həllər təqdim etməkdir: “Bu xidmət ictimai nəqliyyat, velosiped və kiçik elektrik nəqliyyat vasitələrini inteqrasiya edərək, istifadəçilərə sərfəli və rahat nəqliyyat marşrutları seçmək imkanı yaradır. Gələcəkdə özəl sektorun bu proqramların hazırlanmasına aktiv cəlb edilməsi belə xidmət modelinin inkişafına töhfə verə bilər. Mobillik xidməti bir yerdən digər yerə hərəkətlilikdir. Bura fərqli hərəkət növləri daxildir. Uzun və qısa məsafəli mobillik elementləri mövcuddur. Səfər planlaması ümumi olaraq vacib bir alətdir. Bu tətbiqlər bizim nəqliyyat sektoruna hava və su kimi lazımdır. Dəyişən şəhər nəqliyyatına bunu əlavə etməliyik. Səfəri necə planlayırıq? Məlumat əlçatandırmı? Avtobusun hərəkət istiqamətini necə izləmək olar?
Evdən, işdə ofisdən çıxmadan dayanacaqda hansı avtobusun dayandığını, həmin avtobusun hansı traektoriya ilə hərəkət etdiyini, avtobusun dayanacağa neçə dəqiqəyə yaxınlaşacağını izləyə bilirsiniz
Bu suallara cavab və hava şəraitindən asılı olaraq öz səfərimizi planlamaq imkanımız olmalıdır. Bu tətbiqlər qonşu ölkə Gürcüstanın paytaxtı Tbilisi şəhərində istifadəyə verilib. Səfər planlaması rahat istifadə olunur və bütün məlumatları əldə etmək olur. Evdən, işdə ofisdən çıxmadan dayanacaqda hansı avtobusun dayandığını, həmin avtobusun hansı traektoriya ilə hərəkət etdiyini, avtobusun dayanacağa neçə dəqiqəyə yaxınlaşacağını izləyə bilirsiniz. Hazırda Azərbaycanda, xüsusilə Bakıda belə bir tətbiq mövcud deyil. Bu da diskomfortluğa səbəb ola bilir. Dövlət Proqramında bununla bağlı müvafiq bənd mövcuddur. Düşünürəm ki, bu tətbiqin daha sürətli icrasına ehtiyac var. İnsanlar fərdi nəqliyyatdan ictimai nəqliyyata keçirsə bunun tətbiqini vacib hesab etmək olar.”
Tramvay, şəhərətrafı elektrik qatarı…
Proqramda diqqəti çəkən əsas məqamlardan biri nəqliyyat infrastrukturunun inkişafı zamanı ekoloji meyarların nəzərə alınmasıdır. Ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsi də qeyd olunur.
Relsli nəqliyyat növlərinin ekoloji cəhətdən təmiz olduğunu diqqətə çatdıran ekspert vurğulayıb ki, bu nəqliyyat növü sərnişindaşıma qabiliyyətinə görə də rəqib tanımır: “Xüsusən yeraltı metro xətləri daha qısa intervalla eyni anda daha çox sərnişin daşımaq qabiliyyətinə malikdir. Yerüstü tramvay və şəhərətrafı elektrik qatarı yerüstü metro funksiyasını yerinə yetirərək dayanacaq sayı artırılarsa, doğru tənzimləmə olarsa sərnişin daşımanı yerinə yetirə bilər. Bu, nəqliyyat sektorunda şəhərlərin onurğa sütunu hesab olunur. Sözügedən nəqliyyat növləri həm ekoloji cəhətdən təmiz, həm komfortlu, həm də təhlükəsiz və dayanıqlıdır. İstənilən hava şəraitində fəaliyyət göstərə bilir.
Su taksisi realdırmı?
Son günlər tez-tez səsləndirilən dənizdən su taksisi kimi istifadə metodunda bir faktı unudurlar ki, Bakı küləklər şəhəridir. Küləkli hava şəraitində bu daşımalar mümkünsüzdür. Relsli nəqliyyat növləri isə havadan asılı olmayaraq daim hərəkətdədir, dayanıqlı və təhlükəsizdir. Bu növ nəqliyyata investisiyalar artırılmalıdır ki, insanlar məhz səfərlərini relsli nəqliyyatla təşkil etsinlər.”
Eyni yolda həm avtobus, həm velosiped, həm də şəxsi avtomobil
Rauf Ağamirzəyev qeyd edib ki, son bir il ərzində Bakıda mikromobillik üçün də şərait yaradılıb: “Velozolaq şəbəkəsi yaradılıb. Bu da qısa məsafəli hərəkət üçün yeni imkanlardır. Bu hərəkət növü əvvəllər Bakıda mövcud deyildi. Son bir il ərzində 35 km-lik bir hərəkət şəbəkəsi yaradılıb. Yaxın vaxtlarda bunun da 100 km-ə çatdırılması nəzərdə tutulur. Bu hərəkətin təşviqinə və təbliğinə ciddi ehtiyac var. İlkin olaraq müsbət tendensiyanın şahidi oluruq ki, gənclərimiz artıq bu nəqliyyat növündən istifadə edirlər. Ekoloji cəhətdən həm təmizdir, həm də şəhər nəqliyyatında önəmli bir payı öz üzərinə götürmək qabiliyyətinə malikdir. Bu növlərə diqqət ayırmaqla eyni küçədə hamı öz avtomobili ilə hərəkət edirdisə, bir il ərzində yaradılan şərait qısa zamanda insanlarda alternativlərdən istifadə etməyin formalaşmasına kömək oldu. Yəni, avtobus zolağı çəkilməklə sərnişindaşımada say artdı, mikromobillik tətbiq edilməklə insanlarda bu nəqliyyata maraq artır. Bu ildən artıq elan olunmuş yeni istiqamətlər Dövlət Proqramında da öz əksini tapır. Bu da birbaşa yerüstü nəqliyyatın inkişafı deməkdir. Sərnişin tələbini qarşılamaq istiqamətində formalaşmış təkliflər yaxın 5 il ərzində daha real olaraq insanlarımızın mərhələli şəkildə bu növlərə daha çox keçidini müşahidə edəcəyik.”
Orxan Vahidoğlu, “İki sahil”