İlham Şaban: Min bir əziyyətlə qurub yaratdığımız infrastruktur layihələrinin reallaşdması bu gün ona gətirib çıxarıb ki, Azərbaycan, Bakı şəhəri regionun enerji qovşağıdır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır.
Yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir. Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub.
2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan Respublikası ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.
SOCAR və KMG arasında 2022-ci ilin noyabrında imzalanmış saziş ildə 1,5 milyon ton “Tengiz” yatağı neftinin tranzitini nəzərdə tutur. 2024-cü ilin fevralında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş imzalanıb.
Qeyd edək ki, “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
Sevindirici haldır ki, Türkmənistan, Qazaxıstan neftləri, neft məhsulları, Özbəkistanın kimya məhsulları Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılır
SOCAR-ın “Kaşağan” yatağından hasil edilən xam neftin SOCAR tərəfindən BTC ilə tranzitini yüksək dəyərləndirən enerji məsələləri üzrə ekspert İlham Şaban “İki sahil”ə bildirib ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşan, bir neçə onilliklər üçün hesablanan neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi-iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır: “Azərbaycanın əsas ixrac neft kəməri olan Bakı-Tbilisi-Ceyhan hazırda, əsasən, “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı nəql edir. Bundan əlavə, Xəzər hövzəsi ölkələrində (Türkmənistan, Qazaxıstan) hasil edilən neftin bir hissəsi də dünya bazarlarına bu boru kəməri ilə çıxarılır. XXI əsrin əvvəllərində min bir əziyyətlə qurub yaratdığımız Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa, o cümlədən Azərbaycanın və Xəzər regionunun ən böyük terminalı olan Səngəçal terminalının tikintisi kimi infrastruktur layihələrinin reallaşdırılması bu gün ona gətirib çıxardı ki, Azərbaycan, Bakı şəhəri regionun enerji qovşağıdır. Yəni, enerji habıdır. Sevindirici haldır ki, orta Asiya ölkələrindən Türkmənistan, Qazaxıstan neftləri, neft məhsulları, Özbəkistanın kimya məhsulları Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycanın rolu bu baxımdan getdikcə növbəti onilliklərdə Şərqlə Qərb arasında nəqliyyat layihələri genişləndikcə, həmçinin enerji daşıyıcılarının ona lazım olan istehlakçılara çatdırılmasında xüsusi əhəmiyyətə malik olacaq.”
Məlumat üçün bildirək ki, SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC 2014-cü ilin iyul ayında dövlət qeydiyyatına alınıb və strateji dövlət əhəmiyyətli layihələrdə SOCAR-ın səhmdar hüquqlarını və maraqlarını təmsil edir. “SOCAR Midstream Operations” MMC IPOL (İnteqrə edilmiş planlaşdırma, optimallaşdırma və logistika) seqmetinə daxildir. 2006-cı ilin iyununda istismara verilən BTC Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Səngəçal terminalını Ceyhan terminalına birləşdirir. BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur.
Qeyd edək ki, 2006-cı ildən 2024-cü ilin sentyabr ayının sonunadək BTC boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (təxminən 4,4 milyard barel) xam neft nəql edilib və dünya bazarlarına göndərilib. İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənib və yola salınıb.
Orxan Vahidoğlu, “İki sahil”