Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən pensiyalar indeksləşdirilərək 8,1 faiz artırılıb
Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamı bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda növbəti artımların təmin edilməsinə və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alan tədbirlərin bu il də uğurla davam etdirilməsinə imkan yaradır.
Sərəncamla 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılır.
“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan və elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.
Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək.
Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və başqaları), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və həmin artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.
Dövlətimizin başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır.
Bu da işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitallarının yalnız hər ay üzrə əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında artırıldığını da göstərir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.
Habelə fevralın 1-dən minimum pensiyanın 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılması nəzərdə tutulub. Müavinət və təqaüdlər də yaxın aylarda artırılacaq.
Ümumilikdə bu ilin əvvəlindən həyata keçirilən növbəti sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait ayrılıb və həmin artımlar 3 milyon vətəndaşı əhatə edir.