06 fevral 2025 11:55
81

“Məzunların məşğulluq reytinqi” platforması beynəlxalq proqramın mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması ABŞ-da yerləşən “World Future Awards” beynəlxalq proqramının müsabiqəsində uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, beynəlxalq münsiflər tərəfindən platformanın imkanları, təqdim etdiyi analitik məlumatlar, abituriyentlər və universitetlər, onların məzunları üçün yaratdığı imkanlar yüksək qiymətləndirilib. “Məzunların məşğulluq reytinqi” platforması “Texnologiya” kateqoriyasında mükafata layiq görülüb.

“World Future Awards” beynəlxalq proqramı texnologiya, innovasiya, süni intellekt və digər sahələrdə mühüm uğurların qlobal miqyasda tanınmalarını təmin edir.

“Məzunların məşğulluq reytinqi” platformasının hazırlanmasında məqsəd abituriyentlərin ali təhsil müəssisələri məzunlarının məşğulluq imkanlarına dair məlumatlılığının təmin edilməsi və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.