07 fevral 2025 00:57
86

Demoqrafik böhran tarixi reallığın bərpasına şərait yaradır

Bir neçə ay ərzində Ermənistanın Tavuş bölgəsində əhalinin sayı 3 200, Göyçə (Geqarkunik) ərazisində isə 15 min nəfər azalıb

Son illər Ermənistanın dərin sosial, iqtisadi və siyasi böhranı nəticəsində kütləvi miqrasiya prosesi sürətlənib. Rəsmi məlumatlara görə, son beş ildə 40 mindən çox insan Ermənistanı tərk edib. Bu proses xüsusilə Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə və Tavuş bölgələrində daha da kəskin şəkildə hiss olunur. Məsələn, son bir neçə ay ərzində Tavuşda əhali 3 200 nəfər, Göyçə (Geqarkunik) ərazisində isə 15 min nəfər azalıb. Bu  həm, Ermənistanın dövlət kimi uğursuz siyasətinin, həm də Qərbi Azərbaycana qayıdışın tarixi zərurət olduğunu bir daha göstərir.

Ermənistan əhalisinin kütləvi şəkildə ölkədən çıxmasının bir neçə əsas səbəbi var. Belə ki, iqtisadi tənəzzül və yoxsulluq ölkənin ümumi vəziyyətini daha da ağırlaşdırıb və nəticədə əhalinin kütləvi şəkildə qaçmasına səbəb olub. Ermənistan müstəqillik qazandıqdan sonra iqtisadiyyatını gücləndirmək əvəzinə qonşu dövlətlərə qarşı düşmənçilik siyasətini əsas prioritet seçdi. Bunun nəticəsində regionda iqtisadi inteqrasiyadan təcrid olundu və blokada şəraitində qaldı. İşsizlik, bahalaşma və sərt sosial şərtlər əhalinin ölkəni tərk etməsini qaçılmaz etdi.

Bununla yanaşı, Ermənistanın daxili siyasi vəziyyəti də iqtisadi böhranla paralel olaraq getdikcə qeyri-sabit hala gəldi. Siyasi qeyri-sabitlik və korrupsiya ölkə daxilində yaranan gücsüzlük və hakimiyyət böhranını dərinləşdirdi. Qanunsuz hakimiyyət dəyişikləri, korrupsiya və siyasi təzyiqlər nəticəsində xalqın hökumətə inamı əhəmiyyətli dərəcədə azaldı. 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyət isə Ermənistanda xaosu daha da dərinləşdirərək hakimiyyət böhranını qaçınılmaz etdi. Bu problemlərin ardınca, Ermənistanın daxili siyasətində daha ciddi uğursuzluqlar meydana çıxdı. Monoetnik dövlət siyasətinin uğursuzluğu və etnik təmizləmə nəticəsində cəmiyyətdə yaranan süni demoqrafik dəyişikliklər uzunmüddətli inkişafın qarşısını aldı. Monoetnik dövlət modeli isə müxtəlif mədəniyyətlərin və xalqların harmoniyada yaşamadığı cəmiyyətlərdə davamlı inkişafın mümkün olmadığını bir daha sübut etdi. Ermənistanın daxili problemləri yalnız iqtisadi və siyasi böhranla məhdudlaşmadı. 2023-cü ildə Qarabağdan köçən ermənilərin Ermənistana yerləşdirilməsi ilə bağlı ciddi problemlər meydana gəldi. Bu, ölkə daxilində sosial gərginliyin artmasına səbəb oldu. Köçən ermənilər sosial təminatsızlıq və hökumətin laqeyd münasibətindən narazı qalaraq, tezliklə ölkəni tərk etməyə başladılar.

Bu vəziyyət təkcə Ermənistanın daxili problemləri ilə bağlı deyil, həm də regionda baş verən tarixi və hüquqi məsələlərə aydınlıq gətirir. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qərbi Azərbaycan torpaqlarına qayıdış tarixi və hüquqi zərurətdir. 1988-1992-ci illərdə Ermənistandan deportasiya olunan yüz minlərlə azərbaycanlı öz doğma yurduna qayıtmaq hüququna malikdir. Bu həm beynəlxalq hüquqa, həm də humanitar prinsiplərə əsaslanan fundamental məsələdir. “BMT-nin İnsan Hüquqları Bəyannaməsi” və digər beynəlxalq sənədlər hər bir insanın doğma torpağına qayıtmaq hüququnu təsdiq edir. Azərbaycan bu hüququ diplomatik yollarla və beynəlxalq təşkilatlar çərçivəsində gündəmə gətirir. Ermənistan əhalisinin kütləvi köçü və həmin ərazilərin boşalması, azərbaycanlıların öz tarixi torpaqlarına geri dönməsini reallaşdırmaq üçün əlverişli şərait yaradır. 

Azərbaycan dövləti Qərbi Azərbaycana qayıdışı milli strategiyanın əsas elementlərindən biri kimi müəyyən edib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qərbi Azərbaycanlıların öz yurdlarına geri dönməsi mütləq reallaşacaq. 2022-ci ilin dekabrında yaradılan Qərbi Azərbaycan İcması bu yöndə ən mühüm addımlardan biri kimi tarixə yazıldı. Təsadüfi deyil ki, İcmanın fəaliyyətinin əsasını təşkil Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası sayılan “Qayıdış Konsepsiyası”na uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görülür. Qərbi Azərbaycan İcmasının ardıcıl fəaliyyəti nəticəsində soydaşlarımızın tarixi torpaqlarına qayıdışı məsələsinin beynəlxalq gündəliyə çıxarılması isə mühüm hadisədir. Bu gün dünyanın bir çox dövlətlərinə, beynəlxalq təşkilatlara onlarla məktub və müraciətlər ünvanlanır. Bu günədək icmanın yüzlərlə bəyanatı qəbul edilib. Qərbi Azərbaycan İcmasının yeddi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 2024-cü il dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycanın 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bütün bunlar onu deməyə əsas verir ki, biz Qərbi Azərbaycana qayıdışa doğru inamla irəliləyirik və hədəfimizə çatacağıq. Bununla, nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən və hədəfləri sərrast şəkildə müəyyənləşdirən Azərbaycanın Lideri, Prezident İlham Əliyev cəmiyyətimiz üçün, gələcəyimiz üçün, tariximiz üçün yeni yol xəritəsi müəyyənləşdirir. Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, Göyçə, İrəvan mahalları tarixi Azərbaycan torpaqlarıdır. Bu ərazilərdə yüz illərlə azərbaycanlılar yaşayıb, mədəniyyət və irs yaradıb. 20-ci əsrin əvvəllərindən başlayaraq ermənilərin apardığı etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar bu torpaqlardan didərgin salındı. Lakin bu, ədalətsizliyin daimi olacağı anlamına gəlmir.  Bu gün Ermənistanın demoqrafik və iqtisadi böhranı, əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi tarixi reallığın bərpasına şərait yaradır. Azərbaycan xalqı öz ata-baba torpaqlarına qayıtmaq hüququnu tələb edir və bu məqsədə doğru irəliləyir. 

Nigar Orucova, “İki sahil”