06 fevral 2025 22:34
71

2026-cı ilin sonunadək əlavə 40 min müəllim sertifikatlaşdırma prosesinə cəlb ediləcək - NAZİR

2025-ci il üzrə sertifikatlaşdırma planına biologiya, kimya, fizika, coğrafiya informatika, 2026-cı il üzrə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri daxildir

Fevralın 6-da elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirib.

Brifinqdə Emin Əmrullayev qeyd edib ki, bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənni müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur.  Onun sözlərinə görə, gələn il üçün isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə üzrə müəllimlər üçün imtahan planlaşdırılır:"Bununla da 2027-ci ildə artıq bütün fənn müəllimləri sertifikasiyadan keçmiş olacaq".

E.Əmrullayev bildirib ki, 2026-cı ilin sonunadək bütün fənlər üzrə 40 min təhsilverən sertifikatlaşdırma prosesinə cəlb olunacaq. Nazir xatırladıb ki, 2022-2024-cü illər üzrə 64 min 901 müəllim sertifikasiyaya cəlb olunub:"Sertifikatlaşdırmada 17 min 426 nəfər yüksək nəticə göstərib. Bundan başqa, 38 min 84 nəfər qənaətbəxş nəticə göstərib. Ümumilikdə 55 min 510 təhsilverənin əməkhaqqına əlavalər edilib".

Nazir diqqətə çatdırıb  ki, öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil:"Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı nəzərə alınacaq. Bununla yanaşı, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi də nəzərə alınacaq. Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər".

E.Əmrullayev vurğulayıb ki, növbəti tədris ilində kağız jurnal ləğv olunacaq:" Rəqəmsal məktəb" platformasında şagird, valideyn, müəllim və direktor kabineti olmaqla dörd xüsusiyyət mövcud olacaq.

"Rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcəklər. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq".

Nazir bildirib ki, növbəti tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır:"Şagird davranış qaydaları 329 məktəbdə iki tədris ili pilot olaraq tətbiq edilir. Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geridönüşlər əldə edilib".

Emin Əmrullayev onu da vurğulayıb  ki, keçən il məktəbyaşlı uşaqların sayı ilə bağlı 147 müəssisə rasionallaşdırılıb (birləşdirilmə - red). Bu il 130-a qədər məktəblə bağlı rasionallaşdırma tədbirinin həyata keçirilməsi nəzərdə tutulub". Diqqətə çatdırılıb ki, ibtidai sinif üzrə müəllimlərin əməkhaqqı əvvəl 748 manat idisə, sertifikasiyadan sonra 1 167 manat olub:"Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər əvvəl 841 manat maaş alırdısa, sertifikasiyadan sonra 1 355 manat, riyaziyyat fənni üzrə əvvəl 1 016 manat idisə, sonradan 1 407 manat, xarici dil üzrə 888 manat idisə, sonradan 1 342 manat olub.Bu artımlar vergilər də daxil olmaqla olan rəqəmlərdir".     

Nazir, bildirib ki, az bal toplayan müəllimlərə az saat verilir: "Səbəb zəif nəticə göstərən müəllimlərin tədris prosesində çox olmamasıdır".

Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır

E.Əmrullayev qeyd edib ki, Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır:"Fakültənin açılışı yeni tədris ilindən planlaşdırılır". Onun sözlərinə görə,Xankəndidə olan xəstəxananın bazasında tibb fakültəsinin olması istiqamətində işlər görülür. Bildirib ki, hazırda universitetdə 1100 tələbə təhsil alır: "Növbəti mərhələdə 1500 tələbənin təhsili nəzərdə tutulur. Gələcək illərdə orada 10 -12 min tələbə olacaq".

Nazir diqqətə çatdırıb ki, Azərbaycan təhsilinin arzuolunan səviyyədə olması üçün zaman lazımdır:"Onun sözlərinə görə, hazırda təhsil sahəsində inkişaf müsbət yöndə davam edir.Təhsil sistemi inkişaf etməkdədir. Lakin Azərbaycan təhsilinin arzuolunan yerdə olması üçün vaxt lazımdır. Çünki bu, insanların həyatıdır və kimlərinsə istəyinə görə fərqli istiqamətlərə yönləndirilə bilməz. Düşünürəm ki, inkişafa doğru atdığımız addımlar bizi məqsədimizə çatdıracaq". Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə 11 təhsil müəssisəsində 272 müəllim 2213 şagirdə dərs deyir:”Həmin rayonlarda 6 məktəbəqədər təhsil müəssisəsində 16 tərbiyəçi, 183 uşaq var. Bu say get-gedə artacaq”.

Elm və təhsil nazirinin sözlərinə görə, 2021-ci ildə metodik kabinetlərin diaqnostikası və metodik dəstək modelinin araşdırılması həyata keçirilib. 2022-ci ildə müasir tələblərə uyğun metodistlərin hazırlanması və məktəb bazalarında metodik xidmətin tanınması istiqamətində işlər aparılıb. Bu çərçivədə 60 nəfər metodist seçilib, lakin onların fəaliyyəti məktəblərdə tam reallaşdırılmayıb: “2023-cü ildə isə bu proses daha da genişləndirilib. 150 nəfər metodistin hazırlanması baş tutub, 45 məktəbdə ibtidai təhsil səviyyəsi üzrə metodik xidmət təşkil olunub. Sertifikatlaşdırma balı yüksək olan müəllimlər arasından metodistlər seçilib və onların təlimləri həyata keçirilib. 2025-ci il üçün isə metodik xidməti olan məktəblərin sayının 96-ya çatdırılması planlaşdırılır. Bundan əlavə, yeni qiymətləndirmə metodikasının sınaq tətbiqi 59 nəfər müəllim və 143 məktəbdə başlanacaq”.

Xarici dillərdə dərslərin tədris olunduğu siniflərdə Azərbaycan dili fənninin dərs saatları daha da artırılacaq

E.Əmrullayev bildirib ki, gələcəkdə tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin tədris müddəti həftəlik 3 saatdan 4 saata artırıla bilər:”Biz Azərbaycan dili fənninin dərs saatlarını 2-dən 3-ə artırmışdıq. Amma lazım gələrsə, növbəti illərdə xarici dillərdə dərslərin tədris olunduğu siniflərdə Azərbaycan dili fənninin dərs saatları daha da artırılacaq. Hamı istədiyi dildə təhsil almaqda sərbəstdir. Amma təhsildə əsas məqsədlərimizdən biri də ana dilimizi unutmamaqdır".

Nazirin sözlərinə görə, məktəblərdə dərslərin başlama vaxtının dəyişməsini direktor və valideyn tənzimləyə bilər:” Nazirlik belə hallara etiraz etmir. Misal olaraq, kənd məktəblərində övladı təhsil alan valideynlər deyə bilər ki, dərs orada saat 8-də yox, məhz saat 8:30, yaxud 9:00-da başlasın, nazirlik olaraq buna etiraz etmərik”.

Kolleclərdə bəzi müəllimlik ixtisası ləğv edilir?

Emin Əmrullayev kolleclərdə bəzi müəllimlik ixtisasının zamanla ləğvi məsələsinə aydınlıq gətirib. Bildirib ki, həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var.  Misal olaraq, tar çalan biri musiqi məktəbində təhsil alır, ardınca kollec, ali təhsil və magistr oxuyur, amma nəzərə alaq ki, sonda onsuz da tar çalır. Vaxtilə savadsızlıq baxımından ikiillik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var. Bu, mütləq dəyişməlidir. Uzun müddətdir təhsil sahəsində dəyişiklik edilmir. Nəzərə almaq lazımdır ki, bir çox peşə və ixtisaslar sıradan çıxır", - nazir əlavə edib.

E.Əmrullayev bildirib ki, kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün daha aktual idi. Hazırda bəzi ixtisasların kolleclərdə olması vacib deyil:"Artıq kolleclərdə ibtidai sinif üzrə müəllim hazırlığı məhdudlaşdırılıb. Gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq. Amma həmin kolleclər boş qalmayacaq. Ola bilsin, gələcəkdə bu sahədə yeni ixtisaslar yaradılsın. Məsələn, müəllim köməkçisi kimi ixtisaslar həmin kolleclərdə tədris oluna bilər".

Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Yaqut Ağaşahqızı, "İki sahil"