Kürdəmir rayon prokurorluğunun fevralın 7-də yeni inzibati binası istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, açılış mərasimində Baş prokuror Kamran Əliyev iştirak edib.
Tədbiri giriş sözü ilə açan K.Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti təşkil olunub.
Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli”-ndə prokurorluq orqanlarının yeni inzibati binasının istifadəyə verilməsi əlamətdar hadisədir.
Kamran Əliyev prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.
Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.
Daha sonra iştirakçılar Kürdəmir rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub.
Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş xidməti avtomobillərə baxış keçirib.