07 fevral 2025 17:17
97

Xətai Sukanal İdarəsinin fəaliyyəti: Gücləndirilmiş və fasiləsiz/VİDEO

Xətai rayonu Bakı şəhərinin ən sıx əhali yaşayan rayonlarından biridir. Rayon ərazisində yaşayan əhalinin fasiləsiz, dayanıqlı içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsi məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai rayon Sukanal İdarəsi işləri davam etdirir. İdarə heyəti daim gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. İdarənin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsi növbəlilik rejimində işlədiyi üçün su və kanalizasiya şəbəkələrində baş vermiş qəzalar qısa vaxt ərzində aradan qaldırılır. Belə qəzalara gecə saatlarında baş verən qəzalar da daxildir. Göstərilən bütün xidmətlər əhalinin fasiləsiz içməli su ilə təminatını yaxşılaşdırmaqla bərabər onların məmnunluğunu artırmaq məqsədi daşıyır. 

“İki sahil” xəbər verir ki, Xətai Sukanal İdarəsinin baş mühəndisi Emin Rüstəmov bildirib ki, hazırda Xətai rayonu Şamlıq küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən diametri 110 millimetrlik, uzunluğu 850 metrlik xəttin inşası davam etdirilir. "Bununla paralel Xətai rayon ərazisində Zeytun küçəsində diametri 110 millimetrlik, uzunluğu 850 metr olan su xəttinin inşası yekunlaşmaq üzrədir. Bundan başqa rayon ərazisində istismar müddəti bitmiş siyirtmələr dəyişdirilir. Hazırda Marat Əmirxanov küçəsində də kanalizasiya xəttinin dəyişdirilməsi işləri davam etdirilir". 

Ötən il Əhmədli qəsəbəsində aparılmış yenidənqurma işləri çərçivəsində Xətai rayon Sukanal İdarəsi tərəfindən su və kanalizasiya xətləri dəyişdirilib. Həmçinin, Xətai rayon Nazim Şükürov küçəsində də müxtəlif diametrli uzunluğu 400 metr olan yeni su xətləri quraşdırılıb və 92 fərdi yaşayış evi yeni şəbəkəyə qoşulub. Ümumilikdə 2024-cü ildə idarə tərəfindən müxtəlif diametrli 4924 metr yeni su xətləri çəkilib, 1814 metr su xətləri isə dəyişdirilib. 2464 metr müxtəlif diametrli kanalizasiya xətləri, 42 ədəd baxış quyuları quraşdırılıb. Su xətlərinin üzərində 17 ədəd yeni siyirtmələr quraşdırılıb. 

Baş mühəndis diqqətə çatdırıb ki, geridə qalan 2024-cü ili idarəmiz üçün məhsuldar və uğurlu hesab etmək olar. "Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 8 Noyabr prospektinin əsaslı təmir işləri zamanı istismar müddəti bitmiş su və kanalizasiya xətləri dəyişdirilib. 4017 metr müxtəlif diametrli su xətti çəkilib, 428 metr isə müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilib. Həmçinin əhali tərəfindən primitiv üsulla çəkilmiş xətlər ləğv olunaraq 3503 metr müxtəlif diametrli su xətti və 2269 metr uzunluğunda kanalizasiya xətti quraşdırılıb. 312 fərdi yaşayış evinin isə yeni şəbəkəyə qoşulması təmin edilib".

Rayon ərazisində sayğaclaşma işləri də sürətlə aparılır. Təkcə ötən il ərzində 1065 ədəd yeni sayğac quraşdırılıb, 3856 ədəd istismar müddətini başa vurmuş sayğac isə yenisi ilə əvəz olunub. Bundan başqa rayon ərazisində sovet dönəmində inşa olunmuş 624 ədəd yaşayış binası mövcuddur ki, mütəmadi olaraq bu binaların istismar müddəti bitmiş kanalizasiya xətləri yenisi ilə əvəz olunur, baxış quyuları təmizlənir və zirzəmisinə dolmuş çirkab və qrunt suları nasoslarla kənarlaşdırılır.

127500 əhali, 6500 qeyri-əhali abonentə xidmət göstərən Xətai rayon Sukanal İdarəsinin xidməti ərazisində 19  su nasos stansiyası və 11 anbar mövcuddur ki, bu nasos stansiyalar və anbarlar vasitəsilə əhali fasiləsiz içməli su ilə təmin olunur.