Dövlət başçısı İlham Əliyevin «Konstitusiya və Suverenlik İli» ilə bağlı Sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir
Hər bir ölkənin inkişafında digər amillərlə yanaşı, demokratiyanın vacib elementlərindən olan insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi əhəmiyyətli rol oynayır. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü və artıq reallığa çevrilən «Neft kapitalını insan kapitalına çevirək!» tezisi də bunun bariz nümunəsidir. «Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq» söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bu fikri daim önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür.
Prezident İlham Əliyevin çağırışlarında bu məqam da xüsusi qeyd edilir ki, bu və ya digər beynəlxalq təşkilatlara qəbul olunmaqda məqsəd Azərbaycanın dəyərlərini dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmaqdır. Atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, ölkənin uğurlu gələcəyi üçündür.
Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib. Konstitusiyamızın qəbulundan ötən 30 ildə sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. «Dövlətin ali məqsədi» maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqların qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir. Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də vardır. Dövlətimizin başçısı bildirir: «Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.»
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Fərman ilə 17 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edildi. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın qəbulu da insan amilinə diqqətin təzahürüdür. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə «Konstitusiya və Suverenlik İli» elan edilməsi də özündə mühüm məqamları ehtiva edir. Sərəncamda da qeyd edildiyi kimi, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. Konstitusiyanın 48 maddəsi insan hüquqlarına həsr olunub. O da məlumdur ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından 2003-cü ilə qədərki dövrdə 425 qanun, beynəlxalq sənədlərə qoşulmaya dair 419 müvafiq akt, 100 mindən artıq insana şamil edilən 32 əfv Sərəncamı və 7 Amnistiya aktı qəbul edilmişdir.
Ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, bununla bağlı 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Əfv sərəncamları, Amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir. Dövlət başçısı İlham Əliyevin əlamətdar günlərdə, bayramlarda əfv sərəncamları imzalaması, Amnistiya aktilarını qəbul etməsi də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Amnistiya aktları, əfv sərəncamları bu yolda büdrəmiş insanlara yeni şans verməklə, onları cəmiyyətimizə qaytarmaqla onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edir. Ölkəmizdə mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilir.
2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 38-dən artıq əfv Sərəncamı imzalayıb, 6 Amnistiya aktı təsdiqləyib. Əvvəldə də qeyd etdiyimiz kimi, bayram günlərində, əlamətdar tarixlərdə belə humanizmin təsdiqi olan addımların atılması ənənə halını alıb. Ölkə ictimaiyyəti Novruz bayramında əfv Sərəncamının imzalanmasını, 28 May-Müstəqillik Günündə isə Amnistiya aktının təsdiqlənməsini gözləyir. Amnistiya Aktının qəbulu parlamentdə də geniş müzakirə olunan məsələlər sırasındadır. Çünki bu sənədlə daha çox sayda insan azadlığa qovuşur, bağışlanır, yeni həyata başlayır.
Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, insan hüquq və azadlıqlarının qorunması Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində də özünün aydın ifadəsini tapır. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dəfələrlə amnistiya aktları qəbul olunub. Mehriban xanım Əliyeva bildirir ki, Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı ilə yardıma ehtiyacı olan insanlara daim yardım etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi daim, hər zaman doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum edilən minlərlə həmvətənlərimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək, həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşmaq prinsiplərində qurulan yeni ömür yolunu vermək deməkdir. Hər bir cinayət törədən insan öz səhvlərini təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Azərbaycanın Birinci vitse-prezidenti, eyni zamanda, onu da qeyd edir ki, həm dövlətimiz, həm ictimaiyyətimiz, hər birimiz azadlığa çıxan insanlara onların normal həyat tərzini qurmağında yardım etməlidir. Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyət - haradakı həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək mümkündür ki, o cəmiyyət inkişaf etmiş və uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil, mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etmək tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz onlara yenidən cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik.
44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən sonra tarixə Zəfər Amnistiyası kimi daxil olan sənəd imzalandı. Bu mühüm addım Azərbaycan dövlətinin növbəti humanist addımı kimi yüksək dəyərləndirildi. Bu Amnistiya aktının hazırkı dövrün ən böyük Amnistiya aktı olduğu və Zəfər Günü ərəfəsində bu amnistiyanın Azərbaycan cəmiyyətinin insan hüquqlarına, haqqa-ədalətə inamını daha da möhkəmləndirəcəyi bildirildi.
Dövlətin vətəndaşına diqqət və qayğısı hər addımda özünü qabarıq şəkildə büruzə verir. Vətəndaşın vəzifəsi üzərinə düşən borcu yerinə yetirmək, dövlətinin maraqlarını qorumaq, onun hərtərəfli inkişafına öz töhfəsini verməkdir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, eyni zamanda, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Prezident-xalq birliyinin sarsılmazlığını bir daha sübut etdi. Artıq Qarabağ münaqişəsi tarixə qovuşub, Azərbaycanın yaratdığı yeni reallıqların təntənəsini yaşayırıq. Bərpa və quruculuq işlərinin miqyasının genişliyi Böyük Qayıdışın mərhələ-mərhələ həyata keçirilməsi ilə müşayiət olunur. Cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri ilə bağlı irəli sürdüyü təşəbbüslərə, qəbul etdiyi qərarlara, imzalanan Fərman və sərəncamlara diqqət yetirdikdə yenə də əsas amilin vətəndaşa diqqət, vətəndaş məmnunluğunun artırılması, onların rahat yaşayışının təmin edilməsi olduğu açıq-aydın görünür.
Qeyd etdiklərimiz əsasında belə bir ümumiləşdirməni apara bilərik ki, ədalət, bərabərlik, müstəqillik kimi dəyərləri insan hüququnun başlıca şərtləridir. Bu dəyərlər qanunla müəyyən edilir, qorunur. Azərbaycan yüksək mənəvi dəyərlərə malik tolerant və multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən, dünyəvi ölkədir. Azərbaycan daim demokratik islahatlar sahəsində atdığı addımları ilə dünyanın diqqətindədir. Ölkəmiz bütün sahələrdə yeniləşməyə, təkmilləşməyə xüsusi önəm verir. Suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan ölkəmizin qarşısında bütün sahələrdə yeni imkanlar, üfüqlər açılır. «Konstitusiya və Suverenlik İli» ilə bağlı Sərəncamda da vurğulandığı kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Yeganə Əliyeva, «İki sahil»