Nə Prezident Donald Tramp, nə də Dövlət katibi Marko Rubio baş nazir Nikol Paşinyanla görüşə vaxt ayırmaq istəməyiblər
Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a işgüzar səfəri uğursuz olub. Baş nazirin həyat yoldaşı ilə birlikdə fevralın 3-dən 7- dək Vaşinqtonda keçirilən 5-ci illik Dini Azadlıqlar Sammiti və Milli Dua Səhərində iştirak etmək üçün okenaın o tayına səfər etməsi onun öz ölkəsində belə birmənalı qarşılanmayıb. Əlbbəttə, N.Paşinyan Vaşinqton səfərini nə qədər dini tədbirdə iştirakla pərdələməyə çalışsa da, öz məqsədinə nail ola bilməyib.
Baş nazirin əsl niyyətinin ABŞ-dan dəstək almaq, Ağ Evin yeni sahibi Donald Trampla görüşmək olduğu barədə artıq Ermənistan ictimaiyyətində müxtəlif fikirlər səsləndirilib, şərhlər verilib. Diqqətlə fikir verək. Yerli “Joxovurd” qəzeti yazıb ki, Ermənistan hakimiyyəti bir tərəfdən Apostol Kilsəsinə təzyiq edir, onu hədəf alır, digər tərəfdən isə dövlət büdcəsindən böyük vəsait ayıraraq baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətini ABŞ-a dini tədbirə göndərir. Erməni nəşrinin dini tədbirdə iştirak etmək üçün okeanın o tayına yollanan nümayəndə heyətinin tərkibində ateistlərin olmasına xüsusi diqqət çəkməsi bəzi qaranlıq mətləblərə aydınlıq gətirir: “Baş nazirin bu tədbirdə iştirak etməsi başadüşüləndir. Lakin özünü açıq şəkildə ateist elan etmiş deputat Arsen Torosyanın orada olması ciddi suallar doğurur. A.Torosyan bir vaxtlar açıq şəkildə “Mən ateistəm, sualınız var?” deyərək “İncil”i sadəcə bir kitab adlandırmış və onu Şarl Perronun nağılları ilə müqayisə etmişdi. Bəs A.Torosyan hansı məntiqə əsasən dini tədbirdə iştirak etmək üçün Vaşinqtona göndərilib? Bu, inanclı insanlara istehza, ABŞ-a hörmətsizlik, yoxsa öz prinsiplərinə zidd davranışdır?
Digər yerli nəşr, “Hraparak” isə yazır ki, hakimiyyət N.Paşinyanın Vaşinqton səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşünü təşkil etməyə çalışsa da, bu cəhdlər nəticəsiz qalıb. Bildirilir ki, görüşün baş tutması yönündə bir sıra ermənipərəst respublikaçı senatorların səyləri də uğursuz olub. O səbəbə heç olmasa, N.Paşinyanın yeni dövlət katibi Marko Rubio ilə görüşünün alınmasına çalışılır.
Erməni politoloq Suren Sarkisyan da baş nazirin ABŞ səfəri ilə bağlı maraqlı açıqlaması ilə diqqəti çəkib. Politoloq bildirib ki, N.Paşinyanın ABŞ-a səfərinin rəsmi səbəbi kimi Beynəlxalq Din Azadlığı Sammiti və Milli Dua Tədbirində iştirak olduğu göstərilsə də, əsl niyyət başqadır: “Paşinyanın əsl gündəliyi bu tədbirlərdə iştirakdan ibarət deyil. Hər kəsə məlumdur ki, Paşinyan din və inancla xüsusi maraqlanan biri sayılmır. Üstəlik, məni təəccübləndirən məqamlardan biri də odur ki, səfərdə Arsen Torosyan da iştirak edir və bildiyim qədər, o da dindar deyil. Bu, o deməkdir ki, səfərin məqsədi tamam başqadır, dini tədbirlər isə sadəcə bəhanədir”.
İş ondadır ki, N.Paşinyanın bütün cəhdlərinə, erməni lobbisinin, eləcə də bəzi ermənipərəst konqresmenlərin səylərinə baxmayaraq nə ABŞ Prezidenti D.Tramp, nə də Dövlət katibi Marko Rubio erməni baş nazirlə görüşməyiblər. Xarci mətbuat orqanalrının məlumatına görə Paşinyan uzun-uzadı cəhdlərdən sonra yalnız ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Venslə görüşə nail ola bilib.
Baş nazir N.Paşinyanın Vaşinqtona səfərini şərh edən erməni politoloq Artur Xaçikyan bildirib ki, nə D.Tramp, nə də M.Rubio Paşinyanla görüşə vaxt ayırmaq istəməyiblər: “Hakimiyyət diplomatiyanın nə olduğunu başa düşmür, bütün ümidlərini Baydenə bağladılar və yeni administrasiyada təsirsiz qaldılar. Heç kim onunla görüşməyib. Baxın, biz Amerika ilə strateji müqavilə imzaladıq, amma bundan heç nə çıxmadı, liderimizlə belə görüşmədilər… Biz demokratiya istəyirik, Qərbi istəyirik, rusları istəmirik. Lakin rusları daim təhqir edən, Qarabağdan imtina edən, Rusiya ilə münasibətləri korlayan Ermənistanın lideri D.Trampla 15 dəqiqəlik görüşə belə layiq görülmədi”.
Politoloq qeyd edib ki, Ermənistan ABŞ üçün heç bir strateji maraq kəsb etmir: “İkincisi, orada diplomatiyamız yoxdur, peşəkar diplomatlarımız yoxdur, bunlar küçədən gələn insanlardır”.
Söhbəti uzatmağa ehtiyac yoxdur. Çünki küçədən gələn Paşinyanla bağlı hər şey ortadadır…
Zahid Rza, “İki sahil”