23 sentyabr 2026 19:00
75

Çıxış Azərbaycan iqtisadiyyatının konturlarının istiqamə­tinin müəyyənləşdirilməsi kimi dinlənildi

Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın iqti­sadi inkişafı suverenliyin bütün imkanları müstəvisində dövlət üçün prioritet oldu. Sənayenin inki­şafı bütün sahələr üzrə yeni texnologiyalar əsasında quruldu, mütəxəssis hazırlığı mərhələlərlə həll edildi.

Ölkənin iqtisadi inkişafı bütün sahələri əhatə edəndə daha böyük qüdrət yaradır. “Azərbay­can Respublikasında 2027-2030-cu illərdə dağ-mə­dən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proq­ramı”nın qəbul edilməsi ilə respublikamızda yeni, müasir sənaye isti­qa­məti yaradıldı, iqti­sadi fəaliyyətinin pers­pektivləri müəyyənləşdirildi. Bu proqrama həsr olun­muş müşavirədə çıxı­şında Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyev son vaxtlar bir neçə Dövlət Proqramı qəbul edildiyini, bu proqramların çox konkret olduğunu, qısa­müd­­dət­li­liyini, son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə tə­mi­natını, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulduğunu, bu proqramların icra və nə­zarət mexanizmlərinin tam hazır olduğunu xatırladaraq Azərbaycanda dağ-mədən və metal­lur­giya səna­yesinin şəbəkəsinin genişlən­di­ril­mə­sinə də diqqət yetirildiyini bildirərək dedi: “Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə Azərbaycanın təbii re­surs­larının işlənməsini, onlardan bu sahə üzrə istehsal prosesinin gücləndiriləcəyini, qəbul olunmuş proqramların 4 il ərzində icra olunacağını bildirən, Azərbaycanda qazlaşmanın səviy­yə­sinin 96 faiz olduğunu, 25 milyard kubmetrdən çox qaz ixrac edildiyini də xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “...20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq. Bizim öz imkanlarımız çox məhdud idi. Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial ya­ratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazar­larında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlü­kəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mən­zərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız ad­dımlar bizi böyük problemlərdən sığortaladı...”...

Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair ilk Proqramın 2004-cü ilin əvvə­lində qəbul edildiyini, bu Proqramın 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən mötəbər proqram olduğunu, sonralar bir neçə beşillik proqramın da qəbul olundu­ğu­nu, bu layihə­lə­rin icrasının davam etdiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yev bütün mötəbər toplantılarda, eləcə də bütün beynəlxalq tədbirlərdə Ermənis­ta­nın elan et­mə­dən apardığı müharibədən də söz açır, Ermənistanın  Azərbaycana milyardlarla he­sab­lanan zərər vur­du­ğunu da qeyd edir. Bu, dünya dövlətlərinə Ermənistanın hansı səviyyədə işğalçı dövlət oldu­ğu­nun təsdiqi kimi dinlənilir. Dövlət başçımız bu müşavirədə bildirdi ki, Ermə­nistan işğal dövründə Kəlbəcərdə, Laçında, Zəngilanda 60 min hektar meşə fondunu məhv edib. Bu fakt Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərin qüdrətinin haradan qaynaqlandığını göstərir. Dövlət başçımız dedi: “Əfsuslar olsun ki, Azər­bay­canda dağ-mədən sə­na­yesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataq­larımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu de­mək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qara­bağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xati­rindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görü­nür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikin­ci də ən qiymətli santexnika cihaz­la­rını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur”.

Gələn ildən Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin başlayacağını, fəaliyyətin həm dövlət xətti ilə, həm də özəl sektorun iştirakı ilə qurulduğunu, Avropa qitəsində ən perspektivli yataqlardan birinin Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının oldu­ğunu, Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədinin dağ-mədən sənayesinin inkişafı ilə bağlılığını da bildirən dövlət başçımız bu sahə üzrə fəaliyyətin uğurlu perspektivlərindən də da­nış­dı:  “Bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proq­ramı istənilən halda icra edəcəyik. Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür. Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyə tutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə həm maliyyətutumludur, həm də ki, gəlirlidir. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Proqram dərc olunacaq, görüləcək bütün işlər orada sadalanır. Hər kəs tanış ola bilər. Əgər maraq doğursa, onda xarici investorları da biz cəlb edə bilərik. Yekun olaraq bu bizə nə verəcək? Qeyd etdiyim kimi, yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir...”...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Döv­lət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı həm tarixi müstəvidə Azərbaycan dövlətinin qüd­rətinin səviyyəsinin göstəricisi kimi, həm də Azərbaycan iqtisadiyyatının konturlarının istiqamə­tinin müəyyənləşdirilməsi kimi dinlənildi. Azərbaycanda da, xaricdə də...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı