Amerikalı milyarder, iş adamı, ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin rəhbəri İlon Maskın “məhvə məhkum qurum” və “cinayətkar yuva” adlandırdığı USAID-in böyük maliyyə vəsaitləri ayıraraq “humanitar yardım” və “demokratik inkişafa dəstək” adı altında həyata keçirdiyi cinayətkar “layihələr”in qaranlıq məqamları getdikcə üzə çıxır. Bu günlərdə Ağ Ev USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi bədnam biabırçı layihələr haqqında məlumat yayması bunun bariz göstəricisidir.
Yayılan məlumatdan aydın olub ki, təşkilat Əfqanıstanda irriqasiya kanallarının yaradılması və kübrənin alınması (bu sistem narkotik istehsalında daha çox istifadə olunub), “Əl-Qaidə” terror təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komikslərin, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklyüzivliyin irəliləməsi (1.5 milyon dollar), Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığa 2 milyon dollar, inkişaf edən ölkələrdə personallaşdırılmış kontraseptivlərin (hamiləlik əleyhinə həblər - estrogen ve progesteron tərkibli hormonal həblər) maliyyələşdirilməsini həyata keçirib.
USAID-in fəaliyyət göstərdiyi regionlarda, xüsusilə də MDB məkanında zaman-zaman müəyyən siyasi proseslərə təsir göstərdiyi ilə bağlı fikirlər səsləndirilir. Təşkilat Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində rol oynayıb. Bu işdə keçmiş ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland xüsusi rol oynayıb.
USAID-i bioloji silahların hazırlanmasında, xüsusilə də COVID-19-un yaradılmasında iştirak etməkdə ittiham edən “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask daha əvvəl bildirmişdi ki, ABŞ-ın icra hakimiyyəti orqanları “Politico”, “The New York Times” qəzetlərinə və “Associated Press” informasiya agentliyinə abunəliyin ödənişini dayandırır. Amerikalı iş adamı birbaşa USAID-i Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası adlandırıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın Demokratlar Partiyası haqqında müsbət məqalələrə görə USAID-dən “Politico” qəzetinə 8 milyon dollar ayrılıb. Ağ Evin sahibi “Truth Social”da yazıb: “Görünür, USAID və digər agentliklərdə milyardlarla dollar oğurlanıb, bunların böyük hissəsi demokratlar haqqında gözəl hekayələr yaratmaq üçün saxta mediaya “rüşvət” verilib. Görünür, “Politico” 8 milyon dollar alıb”.
Yeri gəlmişkən, artıq Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, ABŞ hökuməti “Politico”ya illik dəyəri təxminən 8 milyon dollar olan abunəliyi ləğv edəcək. O, qeyd edib ki, əslində, “Politico” Amerika vergi ödəyicilərinin hesabına subsidiyalaşdırılıb. İlon Maskın komandası da artıq qəzetə ödənişlərin ləğvi istiqamətində işə başlayıb. İndi İ.Maskın rəhbərlik etdiyi idarə ABŞ federal orqanlarının digər KİV-lərə abunəlik xərclərinin yoxlanılmasına başlayıb.
Son məlumatlara görə, USAID dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi, həmçinin İkinci Qarabağ müharibəsi vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada aparılan çirkin kampaniyaların arxasında kimin durduğu aydın görünür. USAID qeyri-şəffaflıq, qapalılıq nümayiş etdirərək uzun illərdən bəri ölkəmizdə siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb.
Sirr deyil k, USAID dünya mediasında Azərbaycana qarşı gedən kampaniyada xüsusi rol oynayıb. Məsələn, ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasına görə “Politico” və “BBC” USAID tərəfindən ciddi maliyyə dəstəyi alıb. 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə- 2,4 milyon dollar məbləğində qrant ayırıb və onları özlərinin təsir agentlərinə ötürüb. Aparılan araşdırmalar sübut edir ki, “Abzas Media”nın, “Meydan TV”nin, “Toplum TV”nin Qərbin şəbəkəsinə daxil olan əməkdaşları və digərləri təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yanaşı, USAID-lə də yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər.
Bir məsələni xüsusilə qeyd etmək istərdik ki, Prezident İlham Əliyev hələ ötən ilin dekabrında rusiyalı telejurnalist, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində qeyd etmişdi ki, mənim fikrimcə, Donald Tramp USAID-i qadağan edə bilər. Birmənalı demək olar ki, dövlətimizin başçısının USAID kimi bədnam təşkilatla bağlı böyük uzaqgörənliklə söylədiyi fikirlər sözün həqiqi mənasında bu gün özünü təsdiqləyir.
Şübhəsiz, aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyasının və Samanta Pauerin rəhbərliyi dövrünün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı zaman olacağına şübhə yeri qalmır. Yeri gəlmişkən, USAID-in rəhbəri Samanta Pauerin isə Ruben Vardanyandan 1 milyon ABŞ dolları məbləğində “mükafat” (əslində isə rüşvət) aldığı bəllidir. O da məlumdur ki, S.Pauer həm də Vardanyanın təşəbbüskarı və sponsoru olduğu “Avrora Mükafatı Komitəsinin” üzvüdür. Co Bayden, Antoni Blinken, Bob Menendez, Adam Şiff və digərləri bu mafiya ilə əlaqəlidirlər. İndi isə bu əlaqələr ifşa olunur.
Zahid Rza, “İki sahil”