Paris öz siyasi və iqtisadi təsirini saxlamaq üçün müxtəlif ölkələrdə dekolonizasiya prosesinə mane olmağa və azadlıq mübarizəsi aparan xalqları susdurmağa cəhd edir
Müasir dövrdə qlobal inkişaf səviyyəsi və beynəlxalq hüquq prinsipləri müstəmləkəçiliyin qəbuledilməz hesab edir. Bununla belə, Fransa öz keçmiş müstəmləkələrində və dənizaşırı ərazilərində hələ də ciddi təsirini qoruyub saxlayır. Fransanın Afrikada və dənizaşırı ərazilərdə yürütdüyü siyasət bir çox tənqidlərə məruz qalır. Bu siyasətin müxtəlif aspektləri, xüsusilə də yerli xalqların hüquqları və təbii sərvətlərin istismarı baxımından ciddi narahatlıq doğurur.
Digər bir problem isə bu ərazilərdə Fransa tərəfindən aparılan nüvə sınaqları və onların ekoloji fəsadlarıdır. Ötən onilliklər ərzində Sakit okeandakı Polineziya adalarında və Afrikada həyata keçirilən nüvə sınaqları bu bölgələrdə yaşayan insanların sağlamlığına və təbii mühitə ağır zərbə vurub. Bundan əlavə, Fransa nüvə tullantılarının həmin ərazilərdə basdırılması ilə ekoloji fəlakətə səbəb olub və bu hal ciddi beynəlxalq etirazlara yol açıb.
Azərbaycanın neokolonializmə qarşı çıxması isə beynəlxalq səviyyədə haqlı və prinsipial mövqe kimi dəyərləndirilir. Ölkəmiz qlobal ədalətin təmin olunması üçün ardıcıl siyasət yürüdür. Afrikadakı ölkələr və müstəmləkə asılılığından xilas olmağa çalışan digər regionlar da Bakının bu mövqeyini rəğbətlə qarşılayır. Bunun əksinə olaraq Emmanuel Makron hökuməti, Azərbaycanın bu məsələdə açıq mövqe sərgiləməsini birmənalı qəbul etmir. Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro Senatdakı son çıxışında Azərbaycanın guya Fransanın dənizaşırı ərazilərinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməsi də bu siyasətin bir hissəsidir. Halbuki bu kimi ittihamlar tamamilə əsassızdır və rəsmi Parisin Yeni Kaledoniyada yerli əhalinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Əslində regional məsələlərə müdaxilə edən tərəf Fransadır. Yelisey Sarayı uzun illər Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışıb və Makron iqtidarı postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq üçün ciddi səylər göstərib. Bu yanaşma təkcə Cənubi Qafqazla məhdudlaşmır, Fransa eyni zamanda digər regionlarda da oxşar siyasət yürütməyə çalışır. Dünyanın bir çox bölgələrində, o cümlədən Afrikanın keçmiş Fransa müstəmləkələri - Niger, Burkina Faso, Seneqal, Əlcəzair, Tunis, Mali və digər ölkələrdə postkolonial idarəetmə strukturları ilə bağlı problemlər hələ də mövcuddur. Lakin görünən odur ki, son zamanlarda bu ölkələr də suverenlik və dekolonizasiya uğrunda mübarizəni genişləndirmək üçün ciddi qərarlar qəbul edirlər. Paris isə bu ərazilərdə öz siyasi və iqtisadi təsirini saxlamaq üçün dekolonizasiya prosesinə mane olmağa və azadlıq mübarizəsi aparan xalqları susdurmağa cəhd edir.
Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti xüsusi önəm daşıyır. Bir QHT kimi BTQ Fransanın müstəmləkə siyasətini ifşa etməklə yanaşı, dənizaşırı ərazilərdəki real vəziyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı hədəfləyir. Fransa hakimiyyətinin bu cür təşəbbüsləri gözdən salmaq cəhdləri isə təkcə Azərbaycanın ədalətli mövqeyinə qarşı deyil, eyni zamanda, qlobal dekolonizasiya prosesini sarsıtmağa yönəlib. Bu reallıq fonunda Fransa özünün keçmiş müstəmləkəçi siyasətindən əl çəkməli və digər ölkələrin daxili işlərinə qarışmaq vərdişindən imtina etməlidir. Lakin ötən il baş verən hadisələr açıq şəkildə göstərdi ki, Paris hələ də müstəmləkəçi siyasətindən əl çəkmək niyyətində deyil. Yeni Kaledoniyada yaşayan yerli kanak xalqı Fransa hökumətinin “konstitusiya islahatları” adı altında həyata keçirmək istədiyi bədnam dəyişikliklərə qarşı ayağa qalxdı. Lakin Fransa bu dəfə də özünün informasiya manipulyasiya strategiyasını tətbiq etməyə çalışdı və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq üçün müxtəlif üsullara əl atdı. Kanak xalqının haqlı mübarizəsi sükutla boğulmaq üzrə idi. Ancaq məhz Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun fəal mövqeyi nəticəsində bu məsələ beynəlxalq gündəmə gətirildi. Azərbaycan bu mübarizəni dəstəkləməklə ümumbəşəri ədalət prinsipinə əsaslanan siyasət yürüdərək neokolonializmə qarşı çıxış etdi.
Rəsmi Paris uzun illər ərzində bu ərazilərdə baş verən insan haqları pozuntularını, yerli xalqların haqlı tələblərini beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışsa da Azərbaycan bu informasiya blokadasını dağıtmaq üçün mühüm təşəbbüslər irəli sürüb. Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Yeni Kaledoniyada Konqres keçirməsi də bu istiqamətdə ciddi bir nailiyyətdir. Bu cür tədbirlər bir daha göstərir ki, müstəmləkə asılılığından qurtulmaq istəyən xalqlar Azərbaycanı təkcə siyasi və diplomatik dəstək verən tərəf kimi deyil, həm də mübarizələrinin beynəlxalq tribunaya çıxış nöqtəsi kimi görürlər. Beləliklə dekolonizasiya hərəkatı artıq təkcə ideoloji və siyasi müstəvidə deyil, institusional çərçivədə də formalaşıb və mübarizə üçün yeni bir mərhələyə qədəm qoyub.
Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində gördüyü işlər də bu istiqamətdə mühüm rol oynayıb. Ölkəmiz QH daxilində çoxtərəfliliyin dəyərlərini təşviq edərək Qoşulmama Hərəkatı Parlament, Gənclər və Qadınlar şəbəkələrinin yaradılmasına təşəbbüs göstərib. Eyni zamanda, Azərbaycan QH-yə sədrliyi dövründə yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizənin lokomotivi rolunu öz üzərinə götürüb və bu dövrdə Bakı Təşəbbüs Qrupunun yaradılması da məhz Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir.
Belə bir şəraitdə Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro və digər Fransa rəsmilərinin Azərbaycanın bu ədalətli və prinsipial mövqeyinə qarşı irəli sürdükləri əsassız, absurd iddialar heç bir halda ölkəmizin siyasətinə təsir göstərə bilməz. Azərbaycan beynəlxalq hüquqa və tarixi ədalət prinsiplərinə əsaslanaraq müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Çünki müstəqillik, öz taleyini təyin etmək, siyasi və iqtisadi qərarları öz iradəsinə uyğun şəkildə almaq hər bir xalqın özəl hüququdur. Heç bir xarici güc, xüsusilə də Yelisey Sarayı kimi imperialist maraqlarını güdən dövlətlər bu haqqı onlardan ala bilməz. Şair demişkən, mübarizə bu gün də var, yarın da...
Nigar Orucova, “İki sahil”