07 fevral 2025 23:42
82

Avropalı casuslar Azərbaycanla şərti sərhəddə nə axtarırlar?..

Avrop İttifaqının (Aİ) Ermənistandakı missiyasının mandatı daha iki il müddətinə uzadılandan sonra onun fəaliyyətində müəyyən avantürist canlanma yaranıb. Belə ki, fevralın 1-də saat 11:47 radələrində Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin mövqeyinə üzərində Aİ bayrağı olan 2 "JEEP" və 1 minik avtomobili gəlib. Fevralın 4-də mülki missiyanın Azərbaycanla şərti sərhəd əraziləri boyunca yürüşlərinin növbəti ünvanı Qazax istiqaməti olub. Fevralın 5-i isə gündüz saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə üzbəüz yerləşən Paryur Sevak istiqamətində 1 ədəd UAZ və 3 ədəd ”Cip” tipli mülki nəqliyyat vasitəsinin hərəkəti müşahidə edilib. Üzərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Aİ-nin bayraqları olan nəqliyyat vasitələri Ermənistan silahlı qüvvələrinin mövqelərinə daxil olduqdan sonra avtomobillərdən enən şəxslər ərazinin müşahidəsini həyata keçiriblər. Elə həmin gün buna oxşar insident  saat  12:00 radələrində Kəlbəcər rayonu ilə üzbəüz yerləşən Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində baş verib. Yayılan görüntülərə istinadən qeyd edək ki, özlərini döyüş şəraitinə nəzarət edən döyüşçülər kimi aparan Aİ missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edir və müəyyən qeydiyyatlar aparırlar.  Bütün bunlar isə hər şeydən əvvəl, avropalı casusların növbəti təxribat konturlarını cızmalarından xəbər verir. Görünən odur ki, sözügedən “missiya” təxribatlarına ara vermək niyyətində deyil.

Şübhəsiz, bu kimi addımlarla Fransanın diktəsi ilə oturub-duran mülki missiya bir daha sübut edir ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasında maraqlı deyil. Odur ki, sərhəddə Azərbaycanın legitim maraqlarını nəzərə almayan mülki missiya yalnız öz maraqları daxilində hərəkət edir. Şübhəsiz, iki il əvvəl olduğu kimi, indi də bu missiya öz hesabatlarında Azərbaycanı Ermənistana hərbi təcavüzə hazırlaşmaqda ittiham edəcək. Bununla da Azərbaycan ilə Ermənistan arasındakı şərti sərhəddə “binokl diplomatiyası” ilə süni münaqişə ocağının yaradılması ssenarisinə zəmin hazırlayacaq. Xatırladaq ki, missiya 2023-cü ilin əvvəlindən fəaliyyət göstərsə də, indiyə qədər heç bir müsbət nəticə əldə edilməyib. Sadəcə, müşahidəçilərin sayı artırılaraq 210-a çatdırılıb. Bu da həmin  missiyasının  məqsədinin Cənubi Qafqaz regionunda sabitliyi pozmaq olduğunu açıq-aydın göstərib. Ötən müddətdə o da aydın olub ki, bu, əslində mülki missiya deyil, casus şəbəkəsidir və ordakılar diplomat deyil, kəşfiyyatçıdırlar. Digər tərəfdən, artıq bu missiyanın hərbi missiyaya çevirilməsi sirr deyil. Bu da Aİ-nin  Ermənistanın əli ilə NATO-nu Cənubi Qafqazda yeriləşdirmək niyyətindən xəbər verir. NATO-nun əsas üzv ölkələrindən biri olan Kanadanın bu mülki missiyaya cəlb olunması heç də təsadüfi hadisə deyil. Bəzi siyasətçilərin fikrincə, bu missiyaya digər ölkələrin də qoşulacaqları gözləniləndir. Yeri gəlmişkən, dövlətimizin başçısı çıxışlarının birində bildirib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb.

Bir məsələni də vurğulayaq ki,Cozef Bayden hökumətinin gethaget vaxtı ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq barədə Xartiya imzalanıb. Həmin sənəddə  Amerikanın Ermənistana sərhəd təhlükəsizliyi ilə bağlı xüsusi qrup göndərməsi də nəzərdə tutulub. Amma görünən odur ki, Ağ Evin yeni rəhbərliyi bu xəyalları gerçəkləşdirmək barədə düşünmür.

Rəsmi Bakı, həmçinin Aİ-nin bu yolla bölgədə vəziyyəti gərginləşdirməyə çalışdığını bildirməklə yanaşı, əsasən alman polislərindən və fransız jandarmeriyasının təmsilçilərindən, bir sözlə, təcrübəli hərbçilərdən ibarət olan belə bir missiyanın fəaliyyətinə heç bir ehtiyac duyulmadığını dəfələrlə vurğulayıb. Hətta Prezident İlham Əliyev ötən ilin oktyabr ayında Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən  belə bir təsisatın qalmasının Azərbaycan-Aİ münasibətlərində etimadsızlıq yaratdığını vurğulamış, “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından uzaq olduğunu  bildirmişdi. Amma indiyədək bu kimi iradlara məhəl qoyulmayıb. Şübhəsiz, bütün bunlar Amerikanın, Fransanın və digər Qərb ölkələrinin istədiyi şərtlərlə Ermənistanla hansısa bir yarımçıq sənəd imzalanmasına, daha doğrusu, rəsmi Bakını güzəştlərə məcbur edilməsinə hesablanıb. Amma bu, onların xam xəyalından başqa bir şey deyil. Əminliklə demək olar ki, missiyanın 2027-ci il fevralın 19-dək regionda qalması Ermənistana, həmçinin Aİ-yə heç nə qazandırmayacaq. Yaxşı olardı ki, Nikol Paşinyan Makronun fitnə-felinə aldanmasın  və Aİ-nin missiyasına bel bağlamasın. Ermənistanın yeganə çıxış yolu irəli sürülən şərtlər əsasında Azərbaycanla sülh müqaviləsi imzalamaqdır.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan missiyanın fəaliyyətini diqqətlə izləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”