07 fevral 2025 23:28
79

Makronsayağı demokratiyanın fəsadları

Siyasətin şahmat taxtasında piyadalardan formalaşan xəyanətkar Ermənistan-Fransa birliyi Qərbin Cənubi Qafqaz siyasəti kimi iflasa məhkumdur

Nə qədər deyilsə də, tənqid olunsa da, cinayətləri dəhşətli faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılsa da neokolonialist, müstəmləkəçilik siyasətini dayandırmayan, əksinə özünə yoldaş axtaran Fransa Prezidenti Emmanuel Makron qanlı əməllərini davam etdirir. Hələ də Yeni Kaledoniya kimi dənizaşırı ölkələri əsarətində saxlayan, yerli əhalini adi yaşamaq hüquqlarından məhrum edən Makronun islamofob siyasəti ölkədaxili vəziyyəti də gərginləşdirir. Müsəlmanların Fransadan deportasiya olunması üçün jandarm siyasətini davam etdirən Makronun bu günlərdə 36 il bu ölkədə yaşayan, 15 ildir yaşamaq hüququna malik əlcəzairli vətəndaşın təxliyəsi ilə yaratdığı qalmaqal yeganə hal deyildir.

Fransa və digər Avropa ölkələrində miqrantlara, xüsusilə müsəlmanlara qarşı aparılan siyasət qeyri-qanuni yollarla təsbit edildiyi üçün insanlar məhkəmələrdə belə hüquqlarını müdafiə etmək səlahiyyətlərində deyillər. Son günlər Fransada yaşayan əlcəzairlilərə qarşı qoyulan qadağalar beynəlxalq hüquq normalarına ziddir. Ölkəsində yaratdığı bu cür antidemokratik şəraiti görməzdən gələn, müsəlmanları mənəvi cəhətdən alçaldan, hüquqlarını pozan Makronun Ermənistanda möhkəmlənmək siyasətinin əlavə izahına ehtiyac yoxdur. Başqa millətlərdən olsalar da bu ölkədə yaşamaq hüquqları aidiyyatı orqanlar tərəfindən təsdiqlənən vətəndaşlara qarşı belə haqsızlıq yalnız Yelisey Sarayının səlahiyyətləri tərkibində ola bilər. Çünki Fransa Avropanın heç bir beynəlxalq hüquq normalarına əməl etməyən ölkəsidir. Əlcəzair rəsmiləri ölkə vətəndaşlarının ləyaqətinə qarşı hər hansı hücumu və ya onların ölkəsini təzyiq, təxribat və ya qorxutmaq cəhdi kimi istifadə etməsini qəti şəkildə rədd etdiklərini bildirsələr də Makron «Burada mənəm, Bagdadda kor xəlifə» şakərindən əl çəkmir. Bu cür hərəkətlərinə, Ermənistana göstərdiyi hərbi yardımlara görə ölkədə reytinqi getdikcə aşağı düşən Makron « fantomaslıq» adətindən əl çəkmir.

Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda agentura şəbəkəsi formalaşdıran Makron üçün Fransada məskunlaşan digər xalqların nümayəndələri mütləq başqa ölkələrin təhlükəsizlik orqanlarının xəfiyyələridirlər. Bu baxımdan Fransada hüquqlarının qorunmasını tələb edənlərin aksiyaları bütün ölkəni bürüyüb. Ötən əsrdə müstəmləkə altında saxladığı digər xalqlara qarşı qırğınlar törədən Fransa artıq bu siyasətini dəyişərək mənəvi, psixoloji təhdid, şəxsiyyətin alçaldılması usuluna üstünlük verir.

XXI əsrdə belə utancverici neokolonialist siyasətini davam etdirən, müstəmləkə altında saxladığı məmləkətlərdə yerli xalqların qanını axıdıb, sərvətlərini talan edən, dini radikalizmə rəğbəti, terrora dəstəyi ilə digər Avropa ölkələrini arxada qoyan, özünü demokratik dəyərlərin carçısı kimi tanıtsa da insani dəyərlərdən məhrum olan Makronun sərhədlərini aşaraq Cənubi Qafqaza meyil salması da bu vərdişdən qaynaqlanan despotizmdir. Cənubi və Mərkəzi Amerikada, Afrikada, Asiya və Okeaniyada xeyli ərazini zəbt etməklə kifayətlənməyib, Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların hüquqlarını pozan diktator Makronun başı yenə də qalmaqaldadır. Fransız Qvianasını, Fransız Polineziyasını əsarət altında saxalamaqla kifayətlənməyib Cənubi Qafqazda at oynatmaq niyyətində olan Makronun «Niyyətin hara, mənzilin ora» məqsədi baş tutan deyil. İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə Ermənistana, onun havadarlarına tarixi dərs verən ölkəmizə qarşı aqressiyası daha da artan, Azərbaycanın təklifi ilə yaradılan Bakı Təşəbbüs Qrupu çərçivəsində təşkil olunan tədbirlərdən dəli dana kimi sağa-sola saldıran, Cənubi Qafqaz «siyasətini» rəsmi Bakıya yönəlmiş təxribatlarını gücləndirməklə bildirən Makronun iyrənc planları iflasa uyğrayır. Azərbaycanı beynəlxalq ictimaiyyətə «insan hüquqlarının pozulduğu ölkə» kimi təqdim etməyə çalışsa da demokrtaik şərtlərin pozulduğu ölkə olduğunu qanunsuz əməlləri ilə təsdiqləyən Yelisey Sarayının bugünkü qara qəlbli, xain düşüncəli sahibi Makron bu qənaətində də uduzur. Bakıda Fransanın agent şəbəkəsinin üzvlərinin xəyanətləri üzündən həbs olunmasına etirazını bildirən Makron xəfiyyələri Martin Rianın casusluq, Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanılması ilə razılaşmır. Ermənistanı silahlandıran, revanşistləri təlimatlandıran, xəfiyyələri vasitəsilə bəzi ölkələrdə agent şəbəkəsi formalaşdıran Avropa İttifaqının Mülki Müşahidə Missiyasının tərkibində fransızların olması təbiidir.

Ötən ilin sonlarında Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Qərbin bu ölkədə təşkil etdiyi etiraz aksiyalarında Makronun da əli var idi. Gürcüstanın daxili işlərinə qarışmaqla, bu ölkədə igtişaşlar t.rətməklə Cənubi Qafqazın iki ölkəsini öz diktəsi ilə idarə etməyə çalışan Makron növbəti dəfə siyasi bataqlığa düşdü. Bölgədə Azərbaycanı təkləməklə mənfur planlarını həyata keçirməyə çalışan Qərbin «gürcü kartı» erməni faşizminə uyğun, makronsayaq «kaput» oldu. Yalan, böhtanları ilə Azərbaycanda demokratiya, insan hüquqlarının qorunması ilə bağlı görülən işlərə qara yaxmağa çalışan Makronun təxribatları baş tutmadı. Kəşfiyyatçılarını sadə insanlar kimi Cənubi Qafqaza göndərməklə qarışıqlıq salmağa çalışan Makronun Gürcüstan variantını ortaya atmaqla Azərbaycanın nəbzini yoxlamaq cəhdi iflasa uğradı. Gürcüstanda keçirilən parlament seçkilərində hakim «Gürcü Arzusu- Demokratik Gürcüstan » Partiyasının xalq tərəfindən dəstəklənməsi, etimad qazanması Ermənistana şirin vədlər verən Fransa kimi anti-Azərbaycan dairələrin niyyətlərini boşa çıxardı. Hədəf götürdükləri ölkəni nüfuzdan salmaq, ideoloji və qlobal təhlükəsizliyə təhdid yaratmaq üçün müxtəlif metodların tətbiqinə üstünlük verənlər COP29-a ev sahibliyi edən ölkəmizə qarşı böhtan kampaniyasını genişləndirsələr də niyyətləri baş tutmadı. Avropa İttifaqının Ermənistandakı Mülki Müşahidə Missiyasının mandatının daha iki il uzadılmasında da Makronun əli var. Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə pozuculuq fəaliyyətini davam etdirən Makronun casus şəbəkəsi Azərbaycan Ordusunun gücünə bələddir. Fransa-Ermənistan əməkdaşlığının arxasında Fransadakı güclü erməni lobbisinin dayandığının şahidi olmuşuq. Bu cütlük ölkəmizə qarşı ciddi təhdiddir. Təbii ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə getdikcə mətinləşən yenilməz Azərbaycan Ordusu belə təhdidlərdən heç zaman çəkinməyib və öz torpaqlarını müdafiə etməyə qadirdir. Bayden iqtidarının son günlərində imzalanan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədi siyasi riyakarların, hayların hiyləgər siyasətinin reallaşdırılmasına dəstəkdir. Bu da güclü və qüdrətli Azərbaycan Ordusu qarşısında Cənubi Qafqazda sülhə və sabitliyə heç bir təhlükə yarada bilməz. Əgər Makronun «xeyir-dua»sı ilə yenidən müharibə təhlükəsi yaransa o zaman Paşinyanın ikinci və əbədi kapitulyasiya aktınını imzalanması zərurəti yaranacaq.

Rusiyadan, Fransadan, Avropa İttifaqından istəiyni tam ala bilməyən Nikolun yenidən ABŞ-a üz tutması yeni arxa axtarmaq təsəvvürü yaradır. Ağ Evin keçmiş sahibi Baydenin dəstəyindən ürəklənən Nikol yenə də uğursuzluqla üzləşdi. ABŞ-ın sabiq, ermənipərəst Prezidenti Baydenin «Amerika tezliklə, ən geci bir həftəyə Ermənistana sərhəd təhlükəsizliyi ilə bağlı xüsusi qrup göndərəcək» vədi elə söz olaraq qaldı. ABŞ-ın yeni Prezidenti Donald Tramp da çox yaxşı bilir ki, Ermənistan kimi zəif bir ölkə ilə tərəfdaşlıq Xartiyasının ABŞ-a heç bir faydası olmayacaq.

Xuraman İsmayılqızı, «İki sahil»