7 fevral 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Tivi kəndində səyyar qəbul keçirilib. Vətəndaşları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan problemlərin qanunauyğun şəkildə həllinə nail olunması məqsədilə təşkil edilən görüşdə İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli sakinləri salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib, yeni dünya nizamının formalaşdığı bir dövrdə Azərbaycanın artan gücü və qüdrəti barədə fikirlərini bölüşüb. Çıxış zamanı 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə nəticəsində ölkəmizin bölgədə əsas söz sahiblərindən birinə çevrildiyi qeyd olunub. Hazırda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması vurğulanıb.
İcra başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” ifadəsini bir daha xatırladıb və bildirib ki, bu layihənin reallaşması Muxtar Respublika, eləcə də dəhlizin ilkin giriş qapısı sayılan Ordubad rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarının vahid bir iqtisadi sistemin parçası kimi nəzərdə tutulduğu qeyd olunaraq, bu ərazilərin perspektivdə Türk dünyasının da içərisində olduğu və nəhəng nəqliyyat dəhlizlərinin keçəcəyi marşrut olaraq böyük əhəmiyyət kəsb edəcəyi iştirakçıların nəzərinə çatdırılıb.
Qars-Naxçıvan dəmiryolu xətti və İğdır-Naxçıvan qaz xətti layihələri barədə də danışan İcra başçısı qeyd edib ki, bu layihələr ölkənin regionda nəqliyyat və enerji sahəsində əməkdaşlığını genişləndirir, eyni zamanda Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin möhkəmləndirilməsində mühim rol oynayır. Qars-Naxçıvan dəmiryolu xətti bölgədə iqtisadi əlaqələrin inkişafına töhfə verəcək, ticarət və yükdaşımaların həcmini artıracaq. İğdır-Naxçıvan qaz xətti isə enerji təhlükəsizliyinin təmin edilməsində vacib əhəmiyyətə malikdir.
“2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında məlumat verən İcra başçısı, 2025-ci ildən etibarən görüləcək işlərin daha da sürətlənəcəyini bildirib. Görüş zamanı Dövlət Proqramına uyğun olaraq yaxın gələcəkdə ipəkçilik və konserv məhsullarının istehsal olunacağı müəssisələrin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub. Həmçinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə rayonun bölgədə əsas turizm mərkəzlərindən birinə çevriləcəyi, atılacaq addımların şəhərin yeni hazırlanan baş planına uyğun həyata keçiriləcəyi diqqətə çatdırılıb.
Yekunda Tivi kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, məşğulluq, elektrik, qaz, rabitə, yol, su təsərrüfatı və sair istiqamətlər üzrə səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.