Onlar elmi nailiyyətlər, startap layihələri, idman uğurları və diplomatik platformalarda Azərbaycan dövlətini layiqincə təmsil edirlər
"İki sahil"in müsahibi Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundovadır.
-Bildiyimiz kimi, hər il 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik…
- Bütün gənclər üçün xoş və qürurvericidir ki, hər il 2 fevralı Azərbaycan Gəncləri Günü kimi qeyd edirik. Bu günün 1997-ci ildə Ümmummilli Lider Heydər Əliyevin Sərəncamı ilə olunub və Azərbaycan gəncliyinə verilən dəyərin göstəricisidir. Azərbaycan gəncləri həyatlarının hər bir mərhələsində dövlətin qayğısı, dəstəyi ilə əhatə olunublar. Azərbaycanda dövlət gənclər siyasəti ardıcıl və sistemli şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, 2013-cü ildə təsis olunan “Gənclər üçün Prezident Mükafatı” bu sahədə atılan mühüm addımlardan biridir. Bu strategiya gənclərin təhsil, mədəniyyət, idman, ictimai fəaliyyət sahələrində inkişafını təmin etməyə yönəlib. Eyni zamanda, dövlət proqramları çərçivəsində gənclərin sosial rifahının yüksəldilməsi, onların istedad və bacarıqlarının dəstəklənməsi, beynəlxalq təmsilçiliyinin artırılması istiqamətində çoxsaylı layihələr reallaşdırılır. Xaricdə təhsilin dəstəklənməsi proqramı minlərlə gəncin dünya səviyyəsində bilik əldə etməsinə imkan yaradıb. Təbii ki, dövlətin əvəzolunmaz dəstəyi sayəsində əldə olunan bu beynəlxalq təhsil təcrübəsi gələcəkdə minlərlə gənc kadrların yetişməsinə və Vətənə xidmət etməsinə öz töhfəsini verəcək. Vurğulamaq lazımdır ki, gənclərin sosial və ictimai fəallığını artırmaq məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında gənclər evləri fəaliyyət göstərir. Bu məkanlar gənclərin bilik və bacarıqlarını artırmaları, yeni ideyaları reallaşdırmaları, dostluq və inkişaf mühitinin formalaşdırılması üçün çox vacibdir.
Bütün bu addımlar Azərbaycan gəncliyinin sağlam mühitdə formalaşmasına, Vətəninə, millətinə, milli-mənəvi dəyərlərinə bağlılığına, ölkənin sosial-iqtisadi və siyasi həyatında fəal rol oynamasına imkan yaradır. Dövlət gənclər siyasəti gənclərin dəstəklənməsi və potensiallarının reallaşdırılması istiqamətində xüsusi rol oynayır.
- Qeyd etdiniz ki, gənclərimiz dövlət qayğısı ilə əhatə olunublar. Bəs onlar yaradılmış şəraitdən istifadə edərək öz potensiallarını tam şəkildə ortaya qoya bilirlərmi? Bugünkü Azərbaycan gəncliyini necə görürsünüz?
- Bugünkü Azərbaycan gəncliyi dinamik, bilikli və yeniliklərə açıqdır. Onlar təkcə yerli səviyyədə deyil, beynəlxalq arenada da öz bacarıqlarını sübut edirlər. Gənclərimiz müxtəlif sahələrdə-elm, təhsil, texnologiya, mədəniyyət, diplomatiya, incəsənət, idman və sahibkarlıqda mühüm uğurlar qazanırlar. Beynəlxalq müsabiqələrdə, startap layihələrində və idman yarışlarında Azərbaycan Bayrağını dalğalandıran gənclərimiz bunun bariz nümunəsidir.
Dövlət tərəfindən yaradılan imkanlar, təhsil proqramları, startap və innovasiya mərkəzləri, Azərbaycan Gənclər Fondu və qrant layihələri gənclərin inkişafına mühüm töhfə verir. Xüsusilə xaricdə təhsil imkanları və müxtəlif təqaüd proqramları onların bilik və bacarıqlarını artırmalarına şərait yaradır. Bundan əlavə, texnoparklar, inkubatorlar və kreativ sənaye sahələri gənclərin öz ideyalarını reallaşdırmasına dəstək verir.
Ancaq burada əsas sual bu imkanlardan nə dərəcədə səmərəli istifadə olunmasıdır. Hər kəs üçün açıq olan bu fürsətlərdən bəzi gənclər maksimum yararlanır, bəziləri isə asudə vaxtlarında yararlanmağa üstünlük verir. Lakin ümumi mənzərə onu göstərir ki, Azərbaycan gəncliyi potensialından istifadə etməyi bacarır və hətta daha da böyük uğurlara imza atmağa qadirdir. Eyni zamanda, gənclərin dünyagörüşü də genişlənib. Onlar qlobal trendləri izləyir, texnoloji yeniliklərə maraq göstərir və kreativ düşüncəyə sahibdirlər. Bugünkü Azərbaycan gənci təkcə bilik və bacarıqları ilə deyil, həm də vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Daha çox gəncin bu imkanlardan istifadə etməsi üçün maarifləndirmə və motivasiya işlərinin gücləndirilməsi vacibdir. Çünki Azərbaycan gəncliyi yalnız mövcud potensialı ilə deyil, həm də inkişaf edə biləcəyi yüksək potensialı ilə fərqlənir.
- Gənclər və dövlətçilik... Sizcə, bu sahədə ümumi mənzərə necədir? Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində gənclərin rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində gənclərin rolu əvəzsizdir. Bu gün gənclərimiz ölkənin idarəçilik sistemində, iqtisadi inkişafında, ictimai və mədəni həyatında fəal iştirak edirlər. Onlara göstərilən etimad və yaradılan şərait nəticəsində yeni nəsil idarəçilər, elm adamları, sahibkarlar və ictimai xadimlər yetişməkdədir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan gəncliyi dövlətçilik ideyalarına bağlı, milli-mənəvi dəyərlərə sadiqdir. Hər bir gənc tarixini, dilini, Vətənini sevməli və bu sevgi ilə dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verməlidir. Gənclərimizin vətənpərvər ruhda yetişməsi, bayrağımızı daim uca tutması dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Ümumi mənzərə göstərir ki, bu gün Azərbaycan gəncliyi təkcə daxildə deyil, beynəlxalq arenada da öz sözünü deməyə qadirdir. Onlar elmi nailiyyətlər, startap layihələri, idman uğurları və diplomatik platformalarda Azərbaycan dövlətini layiqincə təmsil edirlər.
Tarixi qələbəmiz olan Qarabağ Zəfəri bunu bir daha sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyi altında yetişən gənc nəsil xüsusilə də Vətən müharibəsində ön və arxa cəbhədə misilsiz qəhrəmanlıq göstərdi. Həm döyüş meydanında, həm informasiya savaşında, həm də diplomatik arenada mübarizə aparan gənclər Azərbaycanın haqlı mübarizəsini dünyaya çatdırdı.
Bu gün gənclər dövlətin müxtəlif sahələrində aparıcı mövqelərdədir. Dövlət gənc kadrların yetişməsinə böyük önəm verir və idarəçilikdə onların fəal iştirakını təmin edir. Ölkə rəhbərinin müvafiq Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi xüsusi bir hadisə və gənc kadrlara verilən dəyərdir. Gənclər gələcəyin liderləridir və onların düzgün yetişməsi ölkənin davamlı inkişafının əsas təminatıdır.
- Gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edərkən ölkəmizdə vətənpərvər gənclər nəslinin formalaşmasını məmnunluq hissi ilə qeyd edə bilərik. İkinci Qarabağ savaşında tarixi Zəfər qazanılmasında gənclərimizin həlledici rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycan gəncliyi İkinci Qarabağ müharibəsində tarixi missiyanı yerinə yetirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında yetişən bu gənc nəsil torpaqlarımızın azad olunmasında həlledici rol oynadı. Həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz fədakarlıq göstərən gənclərimiz, sözün əsl mənasında, Zəfər tariximizin əsas qəhrəmanları oldular.
Ölkə başçısı da müxtəlif çıxışlarında bu məsələyə xüsusi diqqət çəkərək vurğulayıb ki, məhz onun dövründə yetişən vətənpərvər, cəsarətli və bilikli gənclik Qarabağı azad etdi. Bu, yalnız hərbi güclə deyil, həm də mənəvi-ruhi hazırlıq, yüksək ideoloji sədaqət və milli birlik sayəsində mümkün oldu. Gənclərə göstərilən inam və dəstək onlarda böyük ruh yüksəkliyi və özünəinam yaratdı. Onlar bu gün də Qarabağın bərpasında, dirçəlişində fəal iştirak edirlər, şəhər və kəndlərimizin yenidən qurulmasında, iqtisadi və sosial inkişafında mühüm rol oynayırlar.
Bu, qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazılıb və gələcək nəsillərə örnək olacaq. Ona görə də vətənpərvər dəyərlərə sadiq gənclərin yetişməsi son dərəcə vacibdir. Bunun üçün müxtəlif vətənpərvərlik proqramlarının, görüşlərin, hərbi-vətənpərvərlik düşərgələrinin təşkilinin daimi olması müsbət addımdır. Gənclərimizin milli ruhda tərbiyə olunması, onların dövlətçilik prinsiplərinə bağlılığı və Azərbaycanın gələcəyi üçün məsuliyyət hissi daşıması ölkəmizin güclənməsinin əsas təminatlarından biridir.
- Gəncləri narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə olduğunu izah etmək, onları narkotik asılılığı ilə mübarizə yolları barədə maarifləndirmək, eləcə də sağlam həyat tərzini təşviq etmək üçün hansı tədbirlər görülür?
- Narkomaniya bu gün yalnız Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi ciddi problemlərdən biridir. Bu sosial bəla ilə mübarizə aparmaq üçün ölkəmizdə müxtəlif proqramlar və layihələr həyata keçirilir. Gənclərin narkotik asılılığından qorunması üçün əsas istiqamətlərdən biri maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsidir. Gənclər evlərində, təhsil müəssisələrində, gənclər təşkilatlarında və media vasitələrində narkotiklərin fəsadları barədə məlumatlandırıcı tədbirlər təşkil olunur, psixoloqlar və uğurlu şəxslərin iştirakı ilə seminarlar keçirilir. Eyni zamanda, gənclərin asudə vaxtının səmərəli dəyərləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Onların müxtəlif düşərgələrə, festivallara, könüllülük proqramlarına və yaradıcı layihələrə cəlb edilməsi, məşğulluq imkanlarının artırılması risk faktorlarını azaldır. İşsiz və ya məqsədsiz qalan gənclər daha çox təhlükə altında olduğuna görə, onların təhsilə, startaplara, sahibkarlıq və karyera inkişafına yönləndirilməsi mühüm addımlardan biridir.
Bundan əlavə, idmanın təşviqi də sağlam həyat tərzinə çağırışın əsas istiqamətlərindəndir. "Sağlam bədəndə sağlam ruh olar" prinsipi çərçivəsində idman yarışlarının və çempionatların təşkili, idmana əlçatanlığın artırılması gəncləri zərərli vərdişlərdən uzaqlaşdırır. Bu sahədə uğur qazanmış idmançılar, ictimai xadimlər və məşhurların iştirakı ilə müxtəlif aksiyalar keçirilməklə sağlam həyat tərzi təbliğ olunur.
Sağlam həyat tərzinin təşviqi və gənclərin düzgün istiqamətləndirilməsi narkomaniya ilə mübarizədə ən təsirli üsullardan biridir. Davamlı tədbirlərin həyata keçirilməsi, maarifləndirici fəaliyyətlərin gücləndirilməsi və sosial dəstəyin artırılması gəncləri zərərli vərdişlərdən uzaq saxlamaqla, sağlam və uğurlu bir nəslin yetişməsinə töhfə verir.
- Hər zaman aktiv həyata meyilli olan Azərbaycan gənclərinin asudə vaxtlarının təşkili istiqamətində işlər necə qurulur və bu sahədə hansı tədbirlərin ğörülməsi nəzərdə tutulur? Sizcə, bu gün Azərbaycan gənclərinin əsas problemləri nələrdir?
- Azərbaycan gəncləri hər zaman aktiv həyata meyilli olub və onların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlər genişmiqyaslıdır və müxtəlif istiqamətləri əhatə edir. Gənclər üçün intellektual və komanda quruculuğu oyunları, yarışlar, eləcə də debat forumları, yay və qış məktəbləri təşkil edilir. Eyni zamanda, robotexnika sahəsində hakatonlar, intellektual və biznes oyunları, startap layihələri kimi tədbirlər gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün mühüm platformalardır.
Gənclər festivalları və "Gənclər Paytaxtı" çərçivəsində keçirilən tədbirlər onların sosiallaşmasına və şəbəkələşməsinə imkan yaradır. Fərdi inkişaf proqramları, kommunikasiya, natiqlik, ünsiyyət bacarıqlarını gücləndirən seminarlar, karyera planlaması və peşə seçimi ilə bağlı maarifləndirmə işləri də gənclərin özlərini inkişaf etdirməsi üçün vacib amillərdəndir.
Bununla belə, bu gün Azərbaycan gənclərinin üzləşdiyi bəzi problemlər də mövcuddur. Əsas çətinliklərdən biri karyera planlaması və peşə seçimi məsələsidir. Bəzi gənclər doğru istiqaməti müəyyənləşdirməkdə çətinlik çəkir və bu, onların gələcək uğurlarına təsir edə bilər. Eyni zamanda, kommunikasiya və yumşaq bacarıqların inkişaf etdirilməsi üzərində daha çox işləmək vacibdir. Gənclərin öz potensiallarını tam reallaşdıra bilməsi üçün onların intellektual, sosial və peşəkar inkişafını dəstəkləyən layihələrin daha da genişləndirilməsi üçün də işlər daimi aparılır.
Ümumilikdə, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan imkanlar onların şəxsi və peşəkar inkişafına böyük töhfə verir. Davamlı olaraq yeni layihələrin icrası, gənclərin istedad və maraqlarına uyğun proqramların genişləndirilməsi onların daha fəal, bilikli və uğurlu gələcək qurmasına imkan yaradır.
- Azərbaycan gənclərinin dünya gəncləri ilə qarşılıqlı əlaqələrinin inkişafı üçün yeni platformalar açacaq hansı tədbirlərin, təşəbbüslərin, layihələrin reallaşdırılması planlaşdırılır?
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin inkişafı, dünya gəncləri ilə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün genişmiqyaslı layihələr və təşəbbüslər həyata keçirilir. 2024-cü ildə Şuşa şəhəri İslam dünyasının, Lənkəran şəhəri isə Türk dünyasının Gənclər Paytaxtı seçildi və bu çərçivədə müxtəlif ölkələrdən gələn gənclər Azərbaycanın tarixi, adət-ənənələri, milli mətbəxi və qonaqpərvərliyi ilə yaxından tanış oldular. Bu tədbirlər vasitəsilə Azərbaycan gəncləri beynəlxalq platformalarda ölkəmizi təbliğ etməyə, qlobal şəbəkələrdə aktiv iştiraka və yeni əlaqələr qurmağa nail oldular.
Bu il də Qəbələ şəhəri MDB ölkələrinin Gənclər Paytaxtı elan edilib və bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Qarabağ və Şərqi Zəngəzurda müxtəlif gənclər tədbirlərinin keçirilməsi, 35 Gənclər Evinin yeni konsepsiyasının hazırlanması və icrası, gənclər təşkilatlarının elektron şəbəkəsinin yaradılması, reytinq sisteminin formalaşdırılması (Gənclər təşkilatlarının TƏSDİQ platforması), gənclərlə iş sahəsində kitab, jurnalların hazırlanması və nəşri, gənclər sahəsində çalışan təlimçilərdən ibarət öyrənmə şəbəkəsinin qurulması nəzərdə tutulur.
Bundan əlavə, beynəlxalq forumların, gənclər festivallarının, karyera inkişaf proqramlarının təşkili gənclərin həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparmasına imkan yaradacaq. Sumqayıtın 2025-ci il üçün Gənclər Paytaxtı seçilməsi çərçivəsində də silsilə tədbirlər planlaşdırılır. Beynəlxalq yarışlarda və platformalarda gənclərin aktiv iştirakı üçün xüsusi proqramlar həyata keçiriləcək.
Sosial problemlərlə bağlı tədbirlərin təşkili, kənd gəncləri üçün layihələrin icrası, şəhid ailələrinin övladları üçün xüsusi proqramların reallaşdırılması və dövlət proqramından irəli gələn öhdəliklərin icrası da bu sahədə mühüm addımlardandır. Bundan başqa, yerli gənclərin İT bacarıqlarına dəstək layihəsi çərçivəsində startaplar, proqramlaşdırma və texnoloji yeniliklərə dair müxtəlif təlimlər, seminarlar təşkil olunur. Bu proqramlar gənclərin rəqəmsal sahədə inkişafına, qlobal bazara çıxış imkanlarının genişlənməsinə və yeni texnoloji trendləri mənimsəmələrinə şərait yaradır.
Bütün bu təşəbbüslər Azərbaycan gənclərinin inkişafına, onların dövlətinə sadiq, savadlı, bacarıqlı vətəndaş kimi yetişməsinə zəmin yaradır və müasir çağırışlara uyğun inkişafına xidmət edir.
Yaqut Ağaşahqızı, "İki sahil"