08 fevral 2025 22:30
101

Ümumdünya İqtisadi Forumunun 2025-ci il üzrə Əmək Bazarı üçün Hesabatı haqqında - ŞƏRH

"Ötən həftə Ümumdünya İqtisadi Forumunun 2025-ci il üçün əmək bazarının gələcək perspektivləri barədə hesabatı yayımlandı. Hesabatda əmək bazarının dinamikasına dair çoxsaylı mühüm məlumatlar təqdim edilib. Bəzi tendensiyalar isə xüsusilə diqqət çəkir."

"İki sahil" xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayev sosial media hesabında paylaşımında bildirib.

A.Paşayev qeyd edib ki, hesabatda geniş məlumat bazası (Big Data), süni intellekt və avtomatlaşdırma (AI/ML), maliyyə texnologiyaları (FinTech), proqram təminatı və tətbiqi (Software/Application) üzrə mütəxəssislərə, habelə təhlükəsiz idarəetmə (Security Management) sahəsində peşəkarlara olan tələbatın artacağı vurğulanır: "Eyni zamanda, mühasibatllıq, kitabxana işi, xəzinədarlıq, qrafik dizayn və məlumat bazasına giriş (Data Entry) kimi ənənəvi sahələrə olan tələbin əhəmiyyətli dərəcədə azalacağı qeyd edilir. Eləcə də sənaye və texnologiyada baş verən sürətli dəyişikliklər, əmək bazarına yeni qatılmaq istəyənlər və bu bazarda davamlı qalmaq istəyənlər üçün mühüm bir sual doğurur, işçilər rəqabətə necə davam gətirə bilərlər və bu dəyişikliklərlə ayaqlaşmaq üçün hansı bacarıqları inkişaf etdirməlidirlər Hesabatda, həmçinin 2025-ci ilin üçün ən vacib bacarıqlar və 2025-2030-cu illərdə inkişaf etməsi gözlənilən bacarıqlar haqqında məlumatlar da təqdim olunub. Bunlar arasında:

* Süni intellekt (AI) və geniş məlumat bazası (Big Data)

* Şəbəkələr və kiber təhlükəsizlik (Networks and Cybersecurity)

* Texnoloji bilik (Technological Literacy)

• Yaradıcı düşüncə (Creative Thinking)

* Davamlılıq, elastiklik və çeviklik (Resilience, Flexibility, and Agility)

* Yenilik axtarışı və davamlı təhsil (Curiosity and Lifelong Learning)

* Liderlik və sosial təsir (Leadership and Social Influence).

Bu dəyişikliklərin tətbiqi, təşkilatların gələcək inkişafında mühüm rol oynayacağını göstərir." ATİAHİ Respublika Komitəsinin sədri vurğulayıb ki, Həmkarlar ittifaqları, o cümlədən üzvlərinin müasir bacarıqlara yiyələnmələrini təmin etməklə, onların daha yaxşı əmək haqqı əldə etmələrinə imkan yarada və eyni zamanda onların hüquqlarını qorumağa kömək edə bilərlər: "Həmkarlar ittifaqları həmçinin, azalmaqda olan sahələrdən inkişaf edən sahələrə keçid etmək istəyən üzvlərinə təlimlər vasitəsilə dəstək verərək, bu keçidi asanlaşdırmaqda da mühüm rol oynaya bilərlər. Bu hesabat, son beş ildə əmək bazarına daxil olmağa çalışan tələbələr və ya dəyişən bazar şəraitində mövqeyini qorumağa çalışan işçilər üçün çox dəyərli bir mənbədir. Hesabat, həm ittifaq üzvlərinə, həm də komitələrə gələcəkdə qarşılaşa biləcəkləri çətinlikləri düzgün idarə etmələri üçün faydalı təkliflər təqdim edir."

Orxan Vahidoğlu, “İki sahil”