"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri küləkli hava şəraitindən sonra yükdaşımaları bərpa edib.
“İki sahil” ASCO-ya istinadla xəbər verir ki, son beş gündə Xəzər dənizin Azərbaycan akvatoriyasında müşahidə olunan güclü şimal-qərb küləyi və dalğalı hava şəraiti səbəbindən lövbər dayanacaqlarına və sığınacaqlara çəkilmiş gəmilər fəaliyyətini bu gün tam bərpa edəcək.
Hava şəraitinin stabilləşməsi ilə əlaqədar artıq ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının gəmiləri ilə həyata keçirilən yük və sərnişin daşımaları adi rejimdə davam etdirilir. Xəzər Dəniz Neft Donanmasının əməliyyatlarının isə günün ikinci yarısından sonra tam bərpa olunacağı gözlənilir.
Bununla belə, heyət üzvləri hava proqnozunu nəzarətdə saxlayır və mümkün dəyişikliklərə operativ reaksiya vermək üçün təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərirlər.