06 fevral 2025 18:28
214

Bank kartlarından ARTAN OĞURLUQ: MƏRKƏZİ BANK və EKSPERT NƏ TƏKLİF EDİR?

Ekspert təklif edir ki, banklar tərəfindən hər ay müştərilərinə öz kartları ilə bağlı xəbərdarlıq xarakterli SMS göndərə bilərlər

Mərkəzi Bank: Vətəndaşlara kart məlumatlarını üçüncü şəxslərlə paylaşmamaq, şübhəli zənglər və mesajlara cavab verməmək, eləcə də internet üzərindən aparılan ödənişlərdə maksimum diqqətli olmaq tövsiyə olunur

Son dövrlərdə Azərbaycanda bank kartlarından oğurluq halları ilə bağlı problemlər artmaqdadır. Kartlardan icazəsiz pul çıxarılması, kiber dələduzluq hallarının çoxalması vətəndaşlar üçün ciddi narahatlıq yaradır. İnsanlar bank kartlarından istifadə zamanı müxtəlif problemlərlə qarşılaşır, kiber dələduzluq faktları isə getdikcə daha da artır.

16 min 804 fakt üzrə 22 milyon manatdan artıq oğurlanan vəsait

Daxili İşlər Nazirliyi (DİN) keçən il xarici kibermüdaxilələrlə 16 min 804 fakt üzrə vətəndaşlar aldadılaraq bank kartlarından 22 milyon (22 milyon 442 min 838) manatdan artıq vəsaitin talanması ilə bağlı məlumat yayıb.

Məlumata görə, ötən il ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsul vasitələrlə, saxta link-keçidlərlə 1 027 fakt üzrə 2 milyon 43 min 896 manat, alış-veriş səhifələrində elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1 milyon 196 min 786 manat, özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598 min 48 manat, mobil telefona kibermüdaxilə yolu ilə 185 fakt üzrə 311 min 728 manat, bankamatdan pul çıxarılmasına kömək adı ilə 178 fakt üzrə 92 min 630 manat, oğurlanmış və itirilmiş kartdan 307 fakt üzrə 101 min 398 manat pul vəsaiti onlayn talanıb.

İnternet resurslarında vətəndaşları aldatmaqla, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə 471 fakt üzrə 2 milyon 450 min 403 manat, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə bağlı 626 fakt üzrə 292 min 344 manat, telefon satışına görə 292 fakt üzrə 116 min 219, avtomobil satışına görə 100 fakt üzrə 121 min 640 manat, işə düzəldəcəyi vədi ilə 336 fakt üzrə 470 min 734 manat, kredit vədlərinə görə 501 fakt üzrə 139 min 600 manat, kirayə ev, avtomobil və digər xidmətlərə görə 343 fakt üzrə 82 min 370 manat olmaqla, digər üsul vasitələlə 10 mindən artıq fakt üzrə müxtəlif məbləğlərdə pul vəsaitləri xaricdən idarə olunmaqla başqa-başqa xarici hesablara köçürülüb.

Daxili İşlər Nazirliyindən vətəndaşlara ÇAĞIRIŞ

Aparılan təhlillər və araşdırmalar göstərir ki, aşkar bilinən kiber talama cinayətləri vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib. Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını veriblər, şübhəli linklərə keçid ediblər.

Dəfələrlə DİN vətəndaşlara çağırış edərək tövsiyə edib ki, şəxsi məlumatları, bank kartı ilə əlaqəli onlayn ödənişlər üzrə – mədaxil və məxarici həyata keçirərkən diqqətli olsunlar, şübhə yaradan bütün təkliflərə ehtiyatla yanaşsınlar, naməlum zənglərə, mesajlara cavab verməsinlər.

Bəs, kart məlumatlarının təhlükəsizliyini qorumaq üçün nələr edilməlidir? Mövcud problemin həlli istiqamətində hansı işlər görülür?

Ödənişlərdə maksimum diqqətli olmaq gərəkdir

Mərkəzi Bankın Mətbuat xidmətindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşların bank kartlarının təhlükəsizliyini təmin etmək üçün bir sıra mühüm tədbirlər həyata keçirir: “Bu məqsədlə banklarda informasiya təhlükəsizliyinin idarə olunması üzrə qaydalar təsdiq edilib. Bu qaydalar ISO/IEC 2700X standartlarına uyğun olaraq banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin formalaşdırılması və təşkili, insan resurslarının təhlükəsizliyi, aktivlərin idarə olunması, girişlərə nəzarət və digər vacib sahələri əhatə edir. Bundan əlavə, Mərkəzi Bankın Banklararası Kart Mərkəzi ölkədə prosessinq fəaliyyəti göstərən və beynəlxalq kart təşkilatlarına birbaşa çıxışı olan bütün təşkilatların xidmət şəbəkələri arasında interfeysin təmin edilməsi və kart əməliyyatlarının təhlükəsizlik səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərir.

Banklara müştərilərin istəyi ilə…

Qurumun Mətbuat xidmətindən onu da bildiriblər ki, Mərkəzi Bank tərəfindən banklara müştərilərin istəyi ilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsi tövsiyə olunub: “Bununla yanaşı, vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyinin təmin olunması və dələduzluq hallarının qarşısının alınması məqsədilə Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə davamlı maarifləndirmə işləri aparılır. Maarifləndirmə tədbirləri çərçivəsində vətəndaşlara kart məlumatlarını üçüncü şəxslərlə paylaşmamaq, şübhəli zənglər və mesajlara cavab verməmək, eləcə də internet üzərindən aparılan ödənişlərdə maksimum diqqətli olmaq tövsiyə olunur. Bu tədbirlər vətəndaşların bank kartlarının təhlükəsizliyinin artırılmasına, məlumatlarının qorunmasına və maliyyə fırıldaqlarına qarşı mübarizənin gücləndirilməsinə yönəldilib.”

Qeyri-peşəkar və məsuliyyətsiz davranışlar

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, vətəndaşların bank kartlarından pulların oğurlanmasında olan səbəblər arasında kart sahiblərinin qeyri-peşəkar və məsuliyyətsiz davranışlarıdır: “Bunun sonda hansı mənfi nəticə ilə bitəcəyini dərk etməkdən qaynaqlanan səbəblər daha yüksək çəkiyə malikdir. Çünki insanlar müxtəlif internet səhifələri üzərindən ödənişlər etdikdə kart məlumatlarını saytlarda saxlayırlar. Onlara gələn müxtəlif linkləri açaraq müxtəlif sosial şəbəkə hesablarından məlumatlar daxil edirlər. Bəzi hallarda bankomatlardan vəsait alarkən naməlum şəxslər tərəfindən kartlarının şəklinin çəkilməsi də bu kimi əməllərin törədilməsinə imkan yaradır. Bütün bunlar birmənalı olaraq bu, kart sahiblərinin özlərinin günahları ucbatından baş verir.”

Ekspert hesab edir ki, bu kimi hallarda kartın sahib olduğu bankın özünün müəyyən qədər təhlükəsizliyini yüksək səviyyədə təmin etməməsi hallarına da rast gəlinir: “Amma ilk növbədə vətəndaşın bu məsələdə özünün davranışı əsas faktdır. Bunun üçün mütləq şəkildə məlumatlandırma, maarifləndirmə işlərinin sürətləndirilməsinə ehtiyac var. Təklif edərdim ki, banklar heç də çətin olmayan bir proses, yəni hər ay müştərilərinə, ən azı pensiyaçılarına öz kartları ilə bağlı xəbərdarlıq xarakterli SMS göndərsinlər. Yaxud da, bankomatların qarşısına, ələlxüsus da regionlarda bank məlumatlarının qorunması ilə bağlı müəyyən xəbərdarlıq məlumatları vurula bilər. Əhalinin elektron hesablar üzərindən davranışlarının da maarifləndirilməsinə, yaşlı nəsli bu məsələyə son dərəcə diqqətli yanaşmağa çağırmağa ehtiyac var. Bu maarifləndirmə işində banklar öndə gəlməlidirlər. Bir sözlə, indiki məqamda məsələnin kökündə dayanan səbəb və ya səbəblər müəyyən edilərək, aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə böyük ehtiyac duyulur.”

Orxan Vahidoğlu, “İki sahil”