Ötən il 9 min 720 hektar torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən verilən aktlar qanunsuz hesab edildiyindən ləğv olunub.
“İki sahil” xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan 2024-cü il üzrə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"də öz əksini tapıb.
Məruzəyə əsasən, bu 9 min 686 hektar torpaq sahəsinin icarəyə, 34 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qərarlar olub.
Sənəddə bildirilib ki, il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanuna müvafiq tədbirlər davam etdirilib, nəticədə 3 min 376 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub, ya da dəyişdirilib.
"Elektron icra" informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11 min 290 inzibati akt (2023-cü il ərzində 5 min 585) icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16 min 785 inzibati akt olub. Onlardan 6 min 669 aktın (2023-cü il ərzində 7 min 523) icrası təmin edilib.
Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir.