11 fevral 2025 11:59
92

Malıbəyli və Quşçular qətliamından 33 il ötür

Bu gün Malıbəyli və Quşçular kəndlərində azərbaycanlılara qarşı törədilmiş qanlı faciədən 33 il ötür.

“İki sahil” xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il fevralın 10-12-də erməni silahlı dəstələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücum edərək, çoxsaylı dinc azərbaycanlını qətlə yetiriblər.

Şuşa şəhərinə yaxın dağlıq ərazidə, yaylaqlarda yerləşən Malıbəyli və Quşçular kəndlərinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. Burada təxminən 4 min nəfər yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi, bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxminən 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi.

1991-ci ilin oktyabrından etibarən Malıbəyli tamamilə mühasirədə olduğu üçün kənddən çıxış yalnız hava yolu ilə mümkün idi. Lakin yanvarın 28-də Şuşaya uçan sonuncu vertolyotun ermənilər tərəfindən vurulmasından sonra kənd əhalisinin əli hər yerdən üzülmüşdü. Hər tərəfdən mühasirədə olan Malıbəylilər çarəsiz idilər. Ölümün gözünə dik baxmağa məcbur idilər. Fevralın 10-da rus silahlılarının da daxil olduğu erməni silahlı qüvvələri Malıbəyliyə hücum etdi. Hər kəs Quşçular kəndinə qaçmağa çalışırdı. Kənddəki evlər yandırılırdı. Kənd sakinləri ermənilərlə yaşam uğurundan mübarizə aparır, qəhrəmancasına döyüşürdülər.

Təcavüzkar silahlı erməni birləşmələrinin tərkibində müxtəlif ölkələrdən gəlmiş muzdlularda da döyüşürdü. Malıbəyli, Quşçular kəndlərinin erməni silahlı birləşmələri tərəfindən ələ keçirilməsi ilə Şuşa və Xocalı şəhərləri tamamilə blokada altına alındı. Dinc, günahsız və köməksiz mülki vətəndaşlar qanına qəltan edildi. Ancaq qarşıda hələ Qaradağlı, Ağdam və Xocalı planı vardı...

İllər keçsə də, yaşadığımız ağrı və itkilər heç vaxt unudulmayacaq. Qırx dörd günlük Vətən müharibəsində torpaqlarımız azad edilsə də, şəhidlərimizin itkisini heç nə geri qaytara bilməz. Malıbəyli və Quşçularda həlak olanları, 33 il ərzində itirdiklərimizi, şəhidlərimizi heç bir zaman unutmamalıyıq!