11 fevral 2025 12:37
92

ABŞ-ın bəzi ştatlarından quşçuluq məhsullarının ölkəyə idxalına müvəqqəti məhudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Virciniya, Corciya, Arizona, Vaşinqton, Nyu-York ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün bu ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.