12 fevral 2025 00:37
110

ABŞ-ın əvvəlki adminstrasiyası dövründə USAID təhdid və təzyiq mexanizmi idi - MÜSAHİBƏ

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi müxtəlif ölkələrin daxili işlərinə qarışması, həmçinin inqilablara dəstək verməsi son illərdə geniş müzakirə olunur. Bununla yanaşı, müstəqil siyasət yürüdən dövlətlər, o cümlədən Azərbaycan bu təzyiqlərlə üzləşsə də öz mövqeyindən geri çəkilməmişdi.

Mövzu ilə əlaqədar İkisahil. Tv-nin müsahibi Milli Məclisin deputatı Nigar Məmmədovadır.

- Nigar xanım, ABŞ-də Donald Tramp administrasiyasının cinayətkar təşkilat kimi qiymətləndirdiyi və fəaliyyətinə xitam verdiyi USAİD ilə bağlı yeni təfərrüatlar, qalmaqallı məqamlar üzə çıxır. Bütün bunlar ABŞ xarici siyasətində hansı dəyişikliklərə gətirib çıxaracaq?

- Bu gün bütün dünyanın diqqəti ABŞ-da  Tramp administrasiyasının USAİD fəaliyyətinin dayandırılması qərarı ilə  bağlı məsələyə yönəlib.   Beynəlxalq İnkişaf Agentliyi ilə bağlı yeni-yeni qaranlıq məqamlar açıqlanır. Belə ki, qurum müxtəlif ölkələrdə fərqli adlar altında fəaliyyət göstərib, yerli təşkilatları maliyyələşdirərək onlar vasitəsilə qeyri-qanuni fəaliyyətlərlə məşğul olub.

USAİD artıq dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən və illik büdcəsi 50-60 milyard dollar olan şəbəkəyə çevrilib. Onun maliyyəsi ilə Azərbaycana qarşı da səsləndirilən iddialar saysız-hesabsızdır. Bu fəaliyyət daha çox separatizm və Ermənistanın daxilindəki revanşist qüvvələrin təşviqinə yönəlib. 

- ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi media qurumlarını maliyyələşdirərək  beynəlxalq informasiya manipulyasiyası həyata keçirib. Bununla bağlı fikirləriniz...

- Ötən ilin dekabrında Prezident İlham Əliyevin “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsindən çox keçməmiş Tramp administrasiyası USAİD-in qadağan olunması barədə qərar qəbul edir. Dövlət başçısı həmin müsahibəsində vurğulamışdı ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz.

USAİD indiyədək ABŞ-ın ideoloji və geosiyasi maraqlarını həyata keçirmək üçün təhdid və təzyiq mexanizmi olub. Bir çox ölkələr kimi, Azərbaycanda da bu təşkilatın fəaliyyəti araşdırılıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2024-cü ilin iyun ayından etibarən USAİD-in Azərbaycandakı fəaliyyətinin de-yure dayandırıldığını bildirib. USAİD-in yardımları əsasən Bayden administrasiyasının maraqlarına xidmət etdiyindən  rəsmi Bakı bu təşkilatla əməkdaşlığın dayandırılması qərarına gəlib. ABŞ müxtəlif ölkələrdə ictimai rəyə təsir göstərmək, hökumətlərə təzyiq etmək və ideoloji gündəmini yaymaq üçün təsir imkanına malik qurum xüsusilə Samanta Pauerin rəhbərliyi dövründə daha da «çiçəklənib.» Ağ Evdə yenicə rəhbərliyə başlayan USAİD-lə bağlı mövqeyini «Korrupsiya görünməmiş həddə çatıb. Onu bağlayın!» sözləri ilə ifadə edən ABŞ-ın 47-ci Prezidenti Donald Trampın bildirdiyi kimi, fırıldaqçılıqla məşğul olan bu təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənib: «Onun büdcəsinin hər bəndinə baxdığım zaman ya korrupsiya görürəm, ya da gülünc bir şey.» Məşhur amerikalı milyarder İlon Mask da USAID-i «cinayətkar təşkilat» adlandırıb.

- Artıq bir neçə ölkə məhdudiyyətlər tətbiq edib...

- Bəli, bildiyimiz kimi, artıq Macarıstanda, Rusiyada və Türkiyədə USAID-in fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. İnformasiya təhlükəsizliyi və suverenlik baxımından Agentlik barədə daha sərt qərarlar qəbul olunacağı gözləniləndir. Azərbaycan üçün əsas vəzifə bu təsirlərə qarşı daxili informasiya təhlükəsizliyini gücləndirmək, vətəndaş cəmiyyətini müstəqil inkişaf etdirmək və xarici təsirlərdən müdafiə olunmaqdır. Vəsaitini Ukraynada, Gürcüstanda, Avropada, Qafqazda və dünyada inqilablar və rejim dəyişiklikləri üçün xərcləyən USAID-in fəaliyyətində qanlı hadisələr də yox deyildir. Müharibələrə, vətəndaş qarşıdurmalarına, «rəngli inqilab»lara və qeyri-demokratik proseslərə vəsait ayıran təşkilat yüzlərlə günahsız insanın qətli üçün də məsuliyyət daşıyır. Təşkilatla bağlı araşdırmalar aparan ABŞ-ın yeni administrasiyası tərəfindən etiraf edilir ki, qurum təsəvvürə gəlməyəcək dərəcədə cinayətlərə imza atıb.

- Beynəlxalq İnkişaf Agentliyinin Gürcüstanda və digər ölkələrdə destruktiv fəaliyyəti qeyd olunur. Sizcə, bu fonda region dövlətlərinin ortaq müdafiə strategiyasının formalaşması mümkündürmü?

- Cənubi Qafqazda da müxtəlif yollarla ənənəvi dəyərləri dağıdaraq, üzdəniraq ideyaları təbliğ edən də USAİD idi. Qonşu Gürcüstanda inqilab cəhdi də USAİD-in məkrli planının tərkib hissəsi idi. 2020-ci ildə bu ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı saxta hesabatlar hazırlandı, seçkilərin saxtalaşdırıldığı iddia edildi. Sonradan bu saxta iddiaların hamısı ifşa olundu. ABŞ-dan başlayan anti-USAİD hərəkatı artıq bir sıra ölkələrdə ciddi rezonans doğurub. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, USAID, NED və digər qurumlar gürcü xalqına və gürcü dövlətinə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər. Baş nazir yeni administrasiya dövründə ABŞ səfirliyinin gürcü xalqına və Gürcüstan dövlətinə münasibətinin dəyişəcəyinə, səfirlik, USAİD, NED və digər müvafiq qurumlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini bildirib. Ardınca da Qazaxıstan parlamentinin iclasında Xalq Partiyasından olan deputatlar bu ölkənin ictimai təşkilatlarının xaricdən aldığı yardımlar barədə bütün hesabatların açıqlanmasını tələb ediblər. Onlar ABŞ-ın USAİD dövlət agentliyinin maliyyə vəsaitlərindən məqsəddənkənar istifadə edilməsi ilə bağlı məlumata belə reaksiya veriblər. Məlumata görə, 2022-2025-ci illərdə USAİD Mərkəzi Asiyada insan hüquqlarının və bərabərliyin gücləndirilməsinə iki milyon dollar ayırıb. Son araşdırmalar isə sensasion sayıla biləcək faktlar ortaya qoyub. Bəlli olur ki, USAID dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Buradan aydın olur ki, Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən başlayaraq bu günə kimi beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kim durur.

Şəmsiyyə Əliqızı,
Səbinə Kazımova, “İki sahil”