12 fevral 2025 08:25
90

Sloveniyanın dövlət katibi: Azərbaycan Qafqaz, Mərkəzi Asiya və daha geniş region üçün mühüm keçid nöqtəsidir

Sloveniya və Azərbaycan logistika sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırır.

İki sahil” xəbər verir ki, bunu Bakıda səfərdə olan Sloveniya Xarici İşlər Nazirliyinin Avropa və siyasi məsələlər üzrə dövlət katibi Marko Ştutsin Trend-ə müsahibəsində deyib.

"Səfərimin əsas məqsədi Sloveniyanın Azərbaycanla diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə hazırlığa başlamaqdır. Gələn il bu yubileyi qeyd edəcəyik və biz istəyirik ki, bu hadisə yalnız simvolik deyil, həm də konkret nəticələrlə əlamətdar olsun. Mən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, xarici işlər nazirinin müavini və digər rəsmi şəxslərlə görüşdüm. Görüşlərdə ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsi yollarını müzakirə etdik. Əsas məqsəd ikitərəfli gündəliyimizi təhlil etmək və gələcəkdə Sloveniyanın Azərbaycanla daha sıx əməkdaşlıq edə biləcəyi perspektivli istiqamətləri müəyyən etmək idi", – deyə o bildirib.

Ştutsinin sözlərinə görə, Sloveniya və Azərbaycan arasında oxşarlıqlar var.

"Ölkələrimiz regiona açılan "qapı" rolunu oynayır. Azərbaycan Qafqaz, Mərkəzi Asiya və daha geniş region üçün mühüm keçid nöqtəsidir. Eyni zamanda, Sloveniya Qərbi Balkanlar və Mərkəzi Avropaya açılan "qapı"dır. Sloveniyanın Koper limanı regionun ən böyük limanlarından biridir və təkcə Sloveniya üçün deyil, həm də Avstriya, Slovakiya, Çexiya, Macarıstan, Xorvatiya və digər qonşu ölkələr üçün qlobal ticarət marşrutlarında mühüm rol oynayır.

Biz ilk növbədə logistika sahəsində daha sıx əməkdaşlıq imkanlarını araşdırmaq istəyirik. Bundan əlavə, keçən il Sloveniya Azərbaycanla ilk qaz tədarükü müqaviləsini imzaladı və biz bu əməkdaşlığın genişləndirilməsi perspektivlərini də nəzərdən keçirdik.

Eyni zamanda, iqtisadi əlaqələrimizdə əməkdaşlıq üçün bir çox imkanlar mövcuddur. Xüsusilə, əczaçılıq sahəsində Sloveniyanın güclü mövqeyi var. Bundan əlavə, informasiya texnologiyaları və süni intellekt sahələrində də böyük potensial mövcuddur. Səfərimin məqsədi bütün bu imkanları araşdırmaqdır", – deyə o qeyd edib.

Dövlət katibi vurğulayıb ki, tərəflər əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Bu kontekstdə Sloveniya xarici işlər nazirinin aprel ayının ikinci yarısında Azərbaycana səfəri planlaşdırılır.

"Bundan əlavə, iki ölkə arasında işçi qrup yaradılacaq. Məhz bu məqsədlə Azərbaycan tərəfindən bu işçi qrupunun həmsədri olan əmək və sosial müdafiə nazirinin müavini ilə görüş keçirdik. İşçi qrupunun iclası mart ayında baş tutacaq və müxtəlif nazirliklərin nümayəndələri əməkdaşlığın dərinləşdirilməsi üçün bütün mümkün istiqamətləri nəzərdən keçirəcəklər", – deyə o əlavə edib.

Enerji sahəsində əməkdaşlıq

Ştutsin bildirib ki, enerji sahəsində əməkdaşlıq təkcə qazla məhdudlaşmır, həm də "yaşıl enerji"ni əhatə edir və Sloveniyanın Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirmək üçün müxtəlif imkanları var.

"Sloveniya energetika naziri apreldə Cənub Qaz Dəhlizi üzrə toplantıda iştirak etmək üçün Bakıya səfər edəcək. Bu səfər çərçivəsində Sloveniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq. Bu sənəd təkcə qazı deyil, digər enerji mənbələrini də əhatə edəcək.

Sloveniya Azərbaycan qazının idxalını artırmaqda maraqlıdır, çünki biz enerji mənbələrimizi şaxələndirməyə çalışırıq. Bildiyiniz kimi, Sloveniyanın Azərbaycandan qaz tədarükü yalnız keçən il başlayıb və hələlik həcmlər nisbətən kiçikdir. Buna görə də gələcəkdə tədarükün artırılması imkanlarını nəzərdən keçiririk. Sloveniya qazı müxtəlif mənbələrdən, o cümlədən Əlcəzair və Avropa bazarından alır. Azərbaycan isə Sloveniyanın enerji şirkətləri üçün perspektivli tərəfdaşdır", – deyə o vurğulayıb.

Sloveniya dövlət katibi əlavə edib ki, Azərbaycan "yaşıl enerji" sahəsində güclü inkişaf strategiyası həyata keçirir.

"Bu istiqamətdə Avropa İttifaqı da daha çox iş görə bilər ki, Azərbaycandan Avropaya "yaşıl enerji" tədarükünü təmin etsin. Məhz buna görə də Sloveniya bu prosesdə maraqlıdır. Biz də oxşar inkişaf mərhələsindəyik – əsasən günəş enerjisi sahəsində potensialımızı artırırıq", – deyə o bildirib.

İnvestisiya imkanları

Ştutsin hesab edir ki, investisiyalar sahəsində bir çox müxtəlif imkanlar mövcuddur.

“Söhbət Sloveniya investisiyalarından gedirsə, əsas istiqamətlərdən biri logistika sahəsidir. Sloveniya hökuməti infrastrukturun inkişafına aktiv şəkildə sərmayə yatırır. Hazırda Koper limanı ilə ölkənin daxili bölgələri arasında ikinci dəmir yolu xəttini inşa edirik. Həmçinin Sloveniya ilə Avstriya arasında yeni tunelin tikintisi davam edir.

Bununla yanaşı, xarici investorlar üçün yük mərkəzləri və logistika sektorundakı digər layihələr kimi əlavə imkanlar da mövcuddur. Bu, əsas mövzulardan biridir”, – deyə o bildirib.

Dövlət katibi investisiyalar üçün digər mühüm sahənin əczaçılıq sektoru olduğunu qeyd edib.

“Son illərdə Sloveniya dünyanın ən iri əczaçılıq şirkətlərinin, əsasən İsveçrə mənşəli Novartis və Sandoz kimi şirkətlərin diqqətini cəlb edib. Bu şirkətlər ölkəmizə aktiv şəkildə investisiya qoyur, zavodlar, eləcə də tədqiqat və inkişaf mərkəzləri açırlar.

Sloveniya əczaçılıq sahəsində zəngin təcrübəyə malikdir. Məsələn, Azərbaycanda uzun müddətdir fəaliyyət göstərən Krka şirkəti buna misaldır. Bu sektor sürətlə inkişaf edir və Sloveniya hökuməti gələcəkdə daha çox maraqlı ölkədən sərmayə cəlb etməyi planlaşdırır.

Bildiyimə görə, Azərbaycan da bu cür əməkdaşlıqda maraqlıdır. COVID-19 pandemiyası bizə göstərdi ki, belə böhranlara daha yaxşı hazır olmalıyıq”, – deyə o izah edib.

Sloveniya biznesinin hazırda Azərbaycanın investisiya imkanlarını araşdırdığını bildirən Ştutsin qeyd edib ki, Sloveniyanın əczaçılıq şirkətləri artıq Azərbaycana investisiya qoyur. Digər perspektivli sahələr isə “yaşıl enerji", ekoloji təmiz texnologiyalar və logistika sektorudur.

“Biz hələ başlanğıc mərhələsindəyik və məhz buna görə də qeyd etdiyim işçi qrupu ekspertlər arasında bu məsələlərin müzakirə ediləcəyi platforma rolunu oynayacaq”, – deyə dövlət katibi vurğulayıb.

Orta Dəhlizin inkişafı

“Orta Dəhliz strateji əhəmiyyətə malikdir. Realistik yanaşsaq, bu marşrutun böyük potensialı var, lakin o hələ tam istifadə olunmur. Onun inkişafının başlanğıc mərhələsindəyik, baxmayaraq ki, Sloveniya şirkətləri artıq Orta Dəhlizin müəyyən hissələrində fəaliyyət göstərir”, – deyə Ştutsin qeyd edib.

O vurğulayıb ki, Sloveniya şirkətlərindən biri hazırda Qazaxıstanda qatar istehsalı ilə məşğuldur.

“Sloveniya şirkətləri artıq Orta Dəhlizin potensialını görür və nəqliyyat imkanlarını genişləndirmək üçün aktiv şəkildə bu sahədə çalışırlar”, – deyə dövlət katibi əlavə edib.

Turizm və diplomatik münasibətlər

Ştutsin bildirib ki, Sloveniya və Azərbaycan bir-birini tamamlayan ölkələrdir.

“Sloveniya öz dağları, yaşıl təbiəti və dəniz sahili ilə Azərbaycan turistləri üçün ideal məkan ola bilər. Ölkəmiz sağlamlıq turizmi üzrə zəngin ənənələrə malikdir. Məsələn, azərbaycanlı turistlərin artıq ziyarət etdiyi Roqaşka Slatina kurortunu qeyd edə bilərik.

Həmçinin, ölkələrimiz arasında tarixi bağlılığı da vurğulamaq istərdim. Bizi birləşdirən rəmzi hadisələr var. Azərbaycanın qəhrəmanı Mixaylo (Mehdi Hüseynzadə) İkinci Dünya Müharibəsi zamanı Sloveniyanın azadlığı uğrunda döyüşüb. O, Sloveniyada həlak olub və slovenlər onun xatirəsini yaşadır.

Düşünürəm ki, azərbaycanlılar Sloveniya və onun turizm məkanlarını bəyənir. Eyni şəkildə, slovenlər də Bakını sevir və Azərbaycan haqqında daha çox öyrənmək istəyirlər. Biz mütləq birbaşa aviareyslər açmalıyıq”, – deyə o bildirib.

Dövlət katibi əlavə edib ki, oxşar vəziyyət diplomatik təmsilçilik sahəsində də müşahidə olunur.

“Azərbaycan Sloveniya ilə diplomatik əlaqələrini Vyana vasitəsilə, biz isə Azərbaycanla Ankaradakı səfirliyimiz vasitəsilə həyata keçiririk. Lakin müstəqil səfirliklərimizin olması daha yaxşı olardı. Hələlik bu barədə qərar qəbul olunmayıb, çünki bu cür addımlar büdcə və kadr resursları ilə bağlıdır.

Hazırda Sloveniya BMT Təhlükəsizlik Şurasının üzvüdür və bir çox diplomatlarımız Nyu-Yorkda fəaliyyət göstərir. Buna görə də 2025-ci ildə yeni səfirliklərin açılması çətin olacaq, lakin 2026-cı ildən etibarən – niyə də olmasın?”, – deyə o bildirib.