12 fevral 2025 16:00
93

Yanğın təhlükəsinə görə meyvə şirələrinin istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən şəhərində yerləşən “Balacans agro food” MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsində aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, obyektin yeməkxanasında sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunduğu, daxili yanğın kranlarında suyun təzyiqinin normaya uyğun təmin edilmədiyi və tam komplektləşdirilmədiyi, yanğın xəbərverici siqnalizasiya qurğularının istismar vəziyyətinə nəzarət edilmədiyi, müəssisədə mövcud olan yanğından müdafiə sistemləri və vasitələri, o cümlədən ilkin yanğınsöndürmə vasitələrinin saz vəziyyətdə saxlanılmadığı, yanğından müdafiə sistemləri və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə aidiyyəti qurumlara məlumat verilmədiyi, ərazinin yanar tullantılardan təmizlənmədiyi məlum olub. Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edə bilər.

Həmin nöqsanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Balacans agro food” MMC-yə məxsus meyvə şirələrinin istehsalı müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.