13 fevral 2025 11:04
88

Azərbaycanın yeni siyasi konfiqurasiyası

Prezident İlham Əliyevin Davosda Çinin ünlü media orqanlarından olan CGTN-ə verdiyi müsahibə, Azərbaycanın beynəlxalq siyasətdə mövqelərinin möhkəmlənməsini, iqtisadi və siyasi diversifikasiya strategiyasını, eyni zamanda qlobal problemlərə baxışını təcalla etdirən önəmli bir mövqedir. Bu müsahibə bir neçə vacib istiqaməti özündə birləşdirir: Azərbaycanın suveren siyasət kursu, beynəlxalq təşkilatlar və iqtisadi birliklərə münasibət, Güney Qafqaz və Xəzər bölgəsində yeni geostrateji gerçəkliklər və  qlobal trendlərə uyğunlaşma.

Prezident Əliyevin vurğuladığı əsas məqamlardan biri Azərbaycanın müstəqil xarici siyasət kursudur. Bəli, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa əsaslanaraq təmin edib və bu prosesdə beynəlxalq təşkilatların yetərsizliyinə baxmayaraq, prinsipial və suveren qərarlar qəbul edib. Bu, çağdaş dönəmdə beynəlxalq münasibətlər sistemində dövlətlərin öz köklü problemlərini həll etməsinin yeni paradiqmasını formalaşdırır.

Azərbaycanın 30 ildən sonra işğalçıları qovub çıxarması, ardınca, öz ərazi bütövlüyünü, dövlət suverenliyini tam bərpa etməsi, sadəcə, hərbi uğur deyil, eyni zamanda bölgəsəl nizamın dəyişməsinə səbəb olan güclü siyasi gerçəklikdir. Bununla Azərbaycan, Güney Qafqazda yeni status-kvonun əsas təşəbbüskarı və təminatçısı rolunda çıxış edir. Azərbaycanın beynəlxalq təşkilatlarla bağları kontekstində Prezident Əliyev iki əsas yanaşma sərgiləyir: ən dürüst inteqrasiya modeli və çoxşaxəli diplomatiya. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi, Avropa Birliyi və Çinlə strateji tərəfdaşlıq bəyannamələri imzalaması, Şanxay Əməkdaşlıq Təşkilatı və b. beynəlxalq platformalarla aktiv dialoqda olması bu strategiyanın təməl prinsipləridir.

Çin üçün strateji önəm daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolu getdikcə artır və bu, ölkənin Gündoğardan Günbataradək uzanan bağlarında geoiqtisadi güc kimi çıxış etməsini təmin edir. Çinlə imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi, Azərbaycanın Avrasiya geosiyasətində mövqeyini möhkəmləndirmək üçün vacib mexanizmlərdən biridir.

Azərbaycanın dəngəli diplomatiyası eyni zamanda ABŞ və Avropa ilə münasibətlərdə də özünü göstərir. Bayden administrasiyasının dönəmində yaranmış soyuq münasibətlərin yerinə Tramp dönəmindəki isti əlaqələrin bərpası ehtimalı, Azərbaycanın  Günbatar ölkələri ilə  bağlarında yeni səhifənin açılacağının göstəricisidir.

Azərbaycan Prezidentinin müsahibəsində respublikamızın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı uhulət-suhulətli mövqeyi də diqqət çəkir. Bu, yalnız iqtisadi məsələ deyil, həm də strateji qərardır. Azərbaycanın proteksionist siyasətə qarşı mövqeyi və yerli sənayeni qorumaq istəyi, onun ÜTT-yə üzvlüklə bağlı məsələlərə praqmatik yanaşmasını göstərir.

İxrac strukturunda neft-qazın dominant olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının diversifikasiyası yönündə önəmli addımlar atır. Yaşıl enerji layihələrinə yatırım qoyuluşu və Qara dəniz vasitəsilə Avropaya enerji dəhlizi formalaşdırmaq təşəbbüsləri bu strategiyanın əsas elementləridir. COP29 çərçivəsində Azərbaycanın qlobal iqlim gündəmində fəal rol alması, beynəlxalq nüfuzumuzun güclənməsinə də xidmət edir.

Beləliklə, Prezidentin Davos müsahibəsi göstərir ki, Azərbaycan özünün bölgədə yaratdığı yeni gerçəkliklər fonunda müşahidə edilən yeni beynəlxalq gerçəkliklərə ləyaqətlə uyum göstərərək, bölgəsəl güc və qlobal aktor kimi mövqeyini gücləndirir. Çoxşaxəli diplomatiya, iqtisadi diversifikasiya və strateji tərəfdaşlıqlar Azərbaycanı daha sabit və dayanıqlı dövlətə çevirir.

Bu gerçəkliklər fonunda Azərbaycanın əsas hədəfi bölgəsəl sabitliyin əsas təminatçısı olmaq və qlobal ortama uyğun inkişaf modelini formalaşdırmaqdır. Azərbaycanın bölgəsəl və qlobal sistemdə mövqeyi, onun yaxın gələcəkdə beynəlxalq sistemdə daha önəmli rol oynayacağını göstərir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI