Azərbaycanda həyata keçirilən vergi islahatları eyni problemlərlə qarşılaşan digər ölkələr üçün uğurlu nümunə hesab edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.
"Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir. Vergilər iqtisadi tənzimləmələr, sosial bərabərsizliyin azaldılması və ümumi iqtisadi inkişafın təşviqi üçün mühüm rol oynayır. 2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələrini ABŞ-nin nüfuzlu Harvard Universitetinin ekspertləri də yüksək dəyərləndirib. Universitetin apardığı təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın “ağardılması”, bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb", - deyə o qeyd edib.