13 fevral 2025 13:11
91

İki ölkədən quşçuluq məhsullarının idxalına müvəqqəti MƏHDUDİYYƏT TƏTBİQ EDİLİB

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Bosniya və Herseqovinanın Serb Respublikasında və Niger Respublikasının Niamey regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Serb Respublikasında və Niamey regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edilib.